2019-07-16
No:206/19, Nazir Elmar Məmmədyarov Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərini qəbul edib

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti üçtərəfli iclası çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Volkan Bozkır və Sofio Katsaravanın başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib. Görüşdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edib.Qonaqları salamlayan nazir Elmar Məmmədyarov üçtərəfli formatda Xarici İşlər nazirləri tərəfindən mütəmadi olaraq səmərəli görüşlərin keçirildiyini qeyd edərək, qanunverici qurumlar səviyyəsində üçtərəfli iclasların keçirilməsini təqdirəlayiq bir hal kimi qiymətləndirdi və parlament diplomatiyasının əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynadığını xüsusilə vurğuladı.

Parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və mövcud formatın genişləndirilməsi məqsədilə faydalı fikir mübadiləsinin aparıldığını bildirən qonaqlar hər üç ölkənin Xarici İşlər nazirləri tərəfindən keçirilən üçtərəfli görüşlərin münasibətlərin inkişafına töhfə verdiyinə əminliklərini ifadə etdilər. Regionda mövcud münaqişələrə toxunan qonaqlar mövcud münaqişələrin beynəlxalq hüququn prinsipləri, ələlxüsus dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğuladılar.

Öz növbəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionda sülhü və rifahı möhkəmləndirəcəyinə əminliyini qeyd etdi və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən erməni xalqının da faydalana biləcəyini bildirdi.

Görüş zamanı tərəflər hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi apardılar.

   

növbəti xəbər əvvəlki xəbər