2019-07-02
No:189/19, Nazir Elmar Məmmədyarov Malayziyanın Azərbaycana yeni təyin olunan səfirini qəbul etdi

Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul etdi.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və insanlararası təmasların artırılmasının vacibliyi vurğulandı. İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd etdilər.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə etdilər.

Səfir Dato Yubazlan Bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Səfir Dato Yubazlan Bin Yusof etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

növbəti xəbər əvvəlki xəbər