2019-07-02
No:188/19, Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına təyin olunmuş yeni səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Müriel Peneveyreni qəbul edib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirdi. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu söyləyən nazir Elmar Məmmədyarov, ötən həftə baş tutmuş iqtisadi və ticarət məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasını bu xüsusda mühüm tədbir qismində qiymətləndirdi.

Səfir Müriel Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulandı.

Görüşdə səfir Müriel Peneveyre etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Sonda nazir Elmar Məmmədyarov səfir Müriel Peneveyre diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər