2019-06-13
No:169/19, Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirildi

13 iyun tarixində Bakıda Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, İspaniya Krallığının nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzo rəhbərlik edib.

Azərbaycan ilə İspaniya arasında siyasi sahədə münasibətlərdən məmnunluq ifadə edən Ramiz Həsənov, mütəmadi əsasda siyasi məsləhətləşmələrin keçirilməsinin önəminə diqqət çəkdi və iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyini vurğuladı. Həmçinin iqtisadi və humanitar sahələrdə, xüsusilə də turizm, təhsil, energetika, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sektorlarında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi.

Ramiz Həsənov, hazırda iki ölkə arasında baxılmaqda olan saziş layihələrinin aktuallığının müəyyən edilərək tərəflər arasında ən qısa zamanda razılaşdırılmasına diqqət çəkərək, prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının da genişləndirilməsinin vacibliyini vurğuladı.

Ramiz Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri,  Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğuladı, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinin danışıqlar prosesinə ciddi zərbə vurduğunu bildirdi.

Fernando Martin Valenzuela Marzo iki ölkə arasında mövcud siyasi münasibətlərin səviyyəsindən məmnunluq ifadə etdi, iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu fikri ilə razılaşdı və İspan şirkətlərinin Azərbaycanda fəaliyyətinin artırılması üçün geniş imkanların olduğunu qeyd etdi. Həmçinin Fernando Martin Valenzuela Marzo ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd etdi.

Fernando Martin Valenzuela Marzo Azərbaycanın Kataloniya məsələsinin İspaniyanın Konstitusiyasını rəhbər tutaraq, ölkənin ərazi bütövlüyü əsasında həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi, öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğuladı və İspaniya tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstək göstərildiyini bildirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi apardılar.

Görüşün sonunda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Ramiz Həsənov və İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzo tərəfindən imzalandı.

növbəti xəbər əvvəlki xəbər