2019-06-13
No:168/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.

Görüşdə Azərbaycan və Çin arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıldı, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulandı.

Səfir Vey Cinhua fəaliyyət müddəti ərzində Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirdi. Səfir, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və bu səfər çərçivəsində baş tutmuş Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpin ilə görüşü, eləcə də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İnin bu yaxınlarda Bakıya ilk rəsmi səfəri də daxil olmaqla tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı.

Səfir Vey Cinhua Çinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyinə dair mövqeyini bir daha ifadə etdi.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Vey Cinhuana təşəkkür etdi. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirdi. Nazir Elmar Məmmədyarov ölkəmizin Çinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək verməklə bağlı prinsipial mövqeyini alqışladığını vurğuladı.

Nazir Elmar Məmmədyarov Səfiri Vey Cinhuaya gələcək fəaliyyətində uğurlar arzuladı.

növbəti xəbər əvvəlki xəbər