2019-05-03
No:129/19, Nazir Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşdü.

Migel Anxel Moratinos Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğundan və tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə etdi. Ali nümayəndə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırdı.

Migel Anxel Moratinos 120 ölkəni özündə birləşdirən təşkilatın terrorizmə qarşı mübarizə və cəmiyyətlərin bu kimi təhdidlərdən qorunması sahəsində fəaliyyətinin gücləndirilməsi niyyəti barədə məlumat verdi.

Nazir Elmar Məmmədyarov təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin cari vəziyyətini yüksək qiymətləndirdi və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğuladı. Forum çərçivəsində “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” mövzusunda paneldə çıxışına istinad edən nazir Elmar Məmmədyarov multikulturalizmə müasir dünyamızda böyük ehtiyac duyulduğunu diqqətə çatdırdı.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi apardılar.

 

növbəti xəbər əvvəlki xəbər