2019-04-30
No:124/19, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ilə görüşdü.

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini və faydalı fikir mübadiləsinin aparıldığını qeyd məmnunluqla qeyd etdi.

Tərəflər iki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələr üzrə mövcud olan əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdirilməsinə dair fikir mübadiləsi apardılar. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının Bakıda keçirilməsi məsələsi müzakirə edildi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti və xarici işlər nazirlərinin Moskvada baş tutmuş görüşü haqqında qarşı tərəfə məlumat verdi. Münaqişənin tezliklə həllinin və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


növbəti xəbər əvvəlki xəbər