2019-04-17
No:113/19, Nazir Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Yaçek Çaputoviç ilə görüşdü
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşa Respublikasının xarici işlər naziri Yaçek Çaputoviç ilə görüşdü.

Nazir Elmar Məmmədyarovla polşalı nazir arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdirdilər.

İlk öncə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırdı. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkünü bildirdi.

Eyni zamanda, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və infrastuktur layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqətə çatdırdı. Eləcə də, Trans-Xəzər və Cənub-Qərb nəqliyyat dəhlizləri haqqında danışan nazir Elmar Məmmədyarov Azərbaycanın Polşa ilə bu istiqamətdə əməkdaşlıq etdiyini və bu münasibətlərin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.

Nazir Yaçek Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdi. O, Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğuladı.

Nazirlər iki ölkə arasında qarşılıqlı səfər mübadiləsi, ticarət dövriyyəsinin artırılması və müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri müzakirə etdilər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Daha sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

     

növbəti xəbər əvvəlki xəbər