2019-03-12
No:078/19, Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib

Görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycanla Çili  arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, ölkələr arasında mövcud olan münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulandı.

Nazir Elmar Məmmədyarov bu ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd etdi.

Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Bu xüsusda tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərmayə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumunun keçirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

Nazir Elmar Məmmədyarov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər