2019-03-05
No:054/19, “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilmişdir. 

Tədbirin əsas məqsədi Ermənistan Respublikasının hərbi işğalı nəticəsində nəzarət olunmayan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərində təcavüzkar dövlətin və digər ölkələrin hüquqi və fiziki şəxslərinin qanunsuz hərəkətlərini dünyanın nüfuzlu beynəlxalq hüquqşünasları və ekspertlərinin, o cümlədən ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin də iştirakı ilə müzakirə etmək, bu fəaliyyətin hüquqi aspektləri və nəticələrini müəyyən etmək olmuşdur.          

Konfrans xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və UNESCO nümayəndəsinin çıxışları ilə başlamışdır. Sonra isə konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panellər üzrə davam etmişdir.           

Tədbirdə Azərbaycanda və dünyanın digər münaqişəli bölgələrində qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan dövlətlərin, hüquqi və fiziki şəxslərin öhdəlikləri və məsuliyyəti, beynəlxalq ictimaiyyətin cavabdehliyi və bu cür qanunsuz hərəkətlərə reaksiyası, beynəlxalq hüququn tətbiqi kimi məsələlərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılmış və bu istiqamətində fəaliyyətin gücləndirilməsi üçün tövsiyələr təqdim edilmişdir. 

Konfrans beynəlxalq hüquqşünaslar və ekspertlərin perspektivini nəzərə alaraq Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyətləri həyata keçirən Ermənistan və digər üçüncü tərəflərin qanunsuz əməllərinin hüquqi müstəvidə qarşısını almaq üçün geniş imkanlar yaratmışdır. Bu mövzuda beynəlxalq səviyyədə digər tədbirlərin də keçirilməsi nəzərdə tutulmuşdur.          

Tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyaları, xarici və yerli elmi-akademik dairələrinin nümayəndələri də iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər