2019-03-02
No:048/19, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Surinam xarici işlər naziri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-ci sessiyası çərçivəsində Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüşdü.

Nazir Elmar Məmmədyarov qarşı tərəflə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Avropa  və digər ölkələr Qrupunun yaradılması, eləcə də Surinam Respublikasının bu qrupa daxil edilməsi məsələsi ətrafında fikir mübadiləsi apardı.

Daha sonra Azərbaycanla Surinam arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası və Surinam Respublikası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş layihəsinin imzalanmağa hazır olduğunu qeyd etdi.  Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirdi.

Surinam naziri ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı və  bu xüsusda  tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Xanım Nazir Azərbaycanlı həmkarını Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət etdi.

Görüş zamanı, həmçinin Azərbaycan Surinam arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər