2019-02-26
No:039/19, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer ilə görüşdü

BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer ilə görüş keçirdi.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edildi. Nazir Elmar Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırdı.

Xarici işlər naziri həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların mövcud vəziyyəti barədə məlumat verdi. Qeyd edildi ki, Azərbaycan nəticəyönümlü danışıqların tərəfdarıdır və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT sənədlərinə uyğun olaraq yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllini tapa bilər.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq 2014-cü ildə öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini ön plana çəkdi. Eyni zamanda, Nazir Elmar Məmmədyarov Ermənistanın beynəlxalq humanitar hüquq, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayaraq BQXK-nın işğalçı ölkənin bu hərəkətlərinə lazımi qiymət verməsinin vacibliyini ön plana çəkdi.

Öz növbəsində BQXK-nin prezidenti verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin davam etdiriləcəyini vurğuladı.

Naziri Elmar Məmmədyarov BQXK prezidentini Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək XVIII Zirvə Toplantısına dəvət etdi.

növbəti xəbər əvvəlki xəbər