2019-01-22
No:009/19, Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisində Azərbaycan ilə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şehrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirən nazir Elmar Məmmədyarov iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırdı.

Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaqlar münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini diqqətə çatdırdılar. Bu xüsusda, tərəflər davamlı səylərin artırılmasının, eləcə də iqtisadi və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirdilər.

Tərəflər ikitərəfli dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdilər.

Fayez bin Abdulla Əli Əl-Şihri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyinin dəyişməz qaldığını, münaqişənin beynəlxalq hüququn əsas prinsipləri, ələlxüsus Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd etdi.

Görüş zamanı həmçinin tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər