2018-11-26
No:305/18, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı qurumun “rəhbəri”nin Rusiya Federasiyasına səfərinə dair AR XİN Mətbuat Xidmətinin açıqlaması

Erməni kütləvi informasiya vasitələrində yer almış məlumata əsasən, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” Rusiya Federasiyasına səfər edib.

Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də “Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini” əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

Qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

növbəti xəbər əvvəlki xəbər