2018-10-30
No:284/18, Xarici işlər naziri Elmar Məmmədyarov İran Islam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdü

Nazir Elmar Məmədyarovun İstanbulda keçirilən Türkiyə Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşü çərçivəsində İranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşü keçirildi.

Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələləri üzrə fikir mübadiləsi apardılar.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq kimi beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini vurğuladılar.

Nazirlər bölgədə həyata keçirilən nəqliyyat infrastrukturu və tranzit layihələrinin əhəmiyyətini ön plana çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açdığı imkanlardan tam istifadə edilməsinin və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanmasının vacibliyini qeyd etdilər. Həmçinin limanların imkanlarndan tam şəkildə istifadə edilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin tərəflər arasında elm və texnologiya, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları barəsində müzakirələr aparıldı.

növbəti xəbər əvvəlki xəbər