2018-10-25
No:272/18, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Qandinini qəbul etdi

Nazir Elmar Məmmədyarov Uruqvay rəsmisini salamladı və ölkəmizin Latın Amerikası ölkələri, o cümlədən Uruqvayla son illər inkişaf etməkdə olan əməkdaşlıq münasibətlərindən bəhs etdi.

Azərbaycana ilk səfərindən məmnunluq bildirən Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri beynəlxalq əhəmiyyət kəsb edən  mövzuların, xüsusilə də mədəniyyətlərarası dialoq mövzusunun müzakirəsi baxımından Bakı Beynəlxalq Forumun əhəmiyyətini vurğuladı. O, Uruqvayın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu ifadə etdi.

Tərəflər Azərbaycan və Uruqvay arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirdilər və iqtisadi sferada əməkdaşlıq imkanlarını müzakirə etdilər. İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirildi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qarşı tərəfə məlumat verən nazir Məmmədyarov regionda davamlı sülh və əməkdaşlıq üçün  erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruriliyini vurğuladı.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

 

növbəti xəbər əvvəlki xəbər