2018-10-24
No:270/18, Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın münaqişənin həlli prosesi ilə bağlı son bəyanatına dair suala AR XİN mətbuat katibi Leyla Abdullayevanın cavabı

Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanmışdır. 

Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı,  öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status quo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir.

növbəti xəbər əvvəlki xəbər