2018-05-22
No:131/18, Xarici işlər nazirinin müavini Ramiz Həsənov Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitənin xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Nümayəndə heyətini salamlayan nazir müavini Ramiz Həsənov Azərbaycanda təhsil alması səbəbindən ölkəmizin xanım S.Sayaçakın üçün heç də yad ölkə olmadığını diqqətə çatdırdı. Azərbaycan və Laos arasındakı münasibətlərin tarixi köklərə əsaslandığını qeyd edən nazir müavini iki ölkənin keçmiş Sovet İttifaqı dönəmindən müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirdi və ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirdi.

Azərbaycan və Laosun xarici işlər nazirlərinin qarşılıqlı səfər mübadiləsinə toxunan R.Həsənov bunun münasibətlərin inkişafına güclü təkan verdiyini vurğuladı. Nazir müavini xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının əməkdaşlıq imkanlarının öyrənilməsi baxımından vacib platforma olacağına ümidvar olduğunu əlavə etdi. O, Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırdı.

Görüş əsnasında R.Həsənov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Şimal-Cənub nəqliyyat marşrutları haqqında həmsöhbətinə məlumat verərək Laosun da sözügedən layihələrdən yararlana biləcəyini qeyd etdi.

Habelə, ASAN xidmət konsepsiyası haqqında danışan R.Həsənov Azərbaycanın bu uğurlu təcrübəni Laos ilə bölüşməyə hazır olduğunu bildirdi. R.Həsənov təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsinin, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladı və bu xüsusda ADA Universitetinin xətti ilə tələbə mübadilə proqramlarına toxundu.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım S.Sayaçak ikitərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirərək Laos və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcudluğunu diqqətə çatdırdı.

Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən S.Sayaçak bu sahədə əlaqələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin vacibliyini vurğuladı. S.Sayaçak Laosda Azərbaycanda təhsil almış laoslu məzunlardan ibarət cəmiyyətin təsis olunduğunu qeyd edərək sözügedən cəmiyyətin münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırdı.

Tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan və Laosun işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğuladılar.

Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunuldu.

Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparıldı.
növbəti xəbər əvvəlki xəbər