2018-05-03
No:109/18, Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.

Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq iki ölkənin xarici işlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsinin əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu diqqətə çatdırdı. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə qeyd etdi.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən V.Bodnar Azərbaycanla strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Bu xüsusda, o, ilk dəfə keçiriləcək Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər Nazirlikləri arasında üçtərəfli siyasi məsləhətləşmələrin böyük rol oynayacağına əminliyini ifadə etdi.

Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğuladılar.

İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X.Xələfov Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu istiqamətdəki rolunu xüsusilə qeyd etdi.

Görüş əsnasında X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları, habelə TAP və TANAP kimi enerji layihələri haqqında həmsöhbətinə məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini qeyd etdi.

Tərəflər Azərbaycan və Ukraynanın işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğuladılar.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi apardı.

Görüşdə iki ölkə arasında humanitar, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparıldı.
növbəti xəbər əvvəlki xəbər