2018-01-23
No:012/18, Azərbaycan və Almaniya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib
Xarici İşlər Nazirliyində Azərbaycan və Almaniya arasında XİN-lərarası növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya Federativ Respublikasını isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke təmsil edib.

Qonaqları salamlayan X.Xələfov Xarici İşlər Nazirlikləri çərçivəsində siyasi məsləhətləşmələrin daimi əsasda aparılmasının ənənə kimi qəbul edildiyini və bu ənənənin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və şaxələndirilməsi baxımından faydalı platforma olduğunu bildirdi.

A.Peşke Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin, Ticarət və İnvestisiya Qrupunun səfəri, eləcə də Göthe Mərkəzinin Bakıda nümayəndəliyinin açılmasının əməkdaşlığın müxtəlif səviyyələrdə inkişafının müsbət göstəricisi olduğunu vurğuladı.

X.Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın Almaniyanın regionları ilə əlaqələrə də böyük önəm verdiyini, Federal Hökumətin dəstəyi ilə bu sahədə irəliləyiş əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Həmçinin qarşı tərəflə qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika sahəsində birgə investisiya layihələrinin reallaşdırılması, habelə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, separatçı rejimin nümayəndələrinə Almaniya hökuməti tərəfindən viza verilməməsi ilə bağlı qərarının Almaniyanın münaqişənin həlli prosesinə və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

A.Peşke Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin birmənalı olduğunu, münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəklədiyini diqqətə çatdırdı. O, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllində irəliləyişə nail olunması istiqamətində səylər göstərdiyini də əlavə etdi.

A.Peşke 2018-ci ilin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu bildirərək, bu çərçivədə müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirdi.

Görüşdə həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti, readmissiya, miqrasiya məsələləri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər