2017-12-02
No:350/17, Xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstan üzrə Ali mülki nümayəndəsi Cornelius Zimmermanı qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi”-İstanbul Prosesi çərçivəsində Bakıda keçirilən VII Nazirlər Konfransı çərçivəsində NATO-nun Əfqanıstan üzrə Ali mülki nümayəndəsi Cornelius Zimmermanı qəbul edib.

Görüşdə, Azərbaycanın ev sahibliyi etdiyi “Asiyanın Qəlbi”-İstanbul Prosesi çərçivəsində VII Nazirlər Konfransının işi və sözügedən platdormanın oynadığı mühüm rol təqdir edildi.

Elmar Məmmədyarov ölkəmizin NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakı, eləcə də Əfqanıstan nümayəndələrinin idarəçilik, silahlı qüvvələr üzərində mülki nəzarət, mina təmizləmə, hüquq-mühafizə, hərbi sahədə qabiliyyətlərinin artırılması məqsədilə həyata keçirdiyi təlim və kurslardan söz açdı və bu dəstəyin davam etdiriləcəyini bildirdi.

Nazir, həmçinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən həftə Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə qeyd etdiyi kimi Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün orada xidmət edən hərbi qulluqçuların sayının artırılacağını diqqətə çatdırdı.

Cornelius Zimmerman Əfqanıstanın Bərpası Xüsusi Fonduna və Əfqanıstan Milli Ordusu üzrə Etimad Fonduna Azərbaycan hökumətinin etdiyi yardımları yüksək qiymətləndirdi.


növbəti xəbər əvvəlki xəbər