2017-11-30
No:345/17, Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asiflə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Xavaca Məhəmməd Asiflə görüşdü.

Görüşdə 2017-ci ilin Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq, ölkələrimiz arasında təşəkkül tapmış ənənəvi mehriban dostluq münasibətlərinin və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. İkitərəfli əlaqələrin dərinləşdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulandı.

Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu barəsində qonağı məlumatlandıran E.Məmmədyarov 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 saylı Qətnamə qəbul edildiyini xatırladaraq, Pakistan Hökumətinə Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu ədalətli mövqeyə və münaqişənin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda birmənalı şəkildə dəstəklədiyinə görə təşəkkür etdi.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini vurğuladılar.

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu nəzərə alaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqinə yönəlmiş birgə səylərin artırılmasının zəruriliyi qeyd edildi. İkitərəfli iqtisadi əlaqələrin daha da irəlilədilməsində Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirildi.

Həmçinin, Şimal-Cənub Nəqliyyat Dəhlizinin maraqlı və yeni imkanlar vəd etdiyi bildirildi və bu xüsusda iki ölkənin nəqliyyat sahəsi üzrə mütəxəssislərinin görüşünün mümkünlüyü müzakirə edildi. Tərəflər Azərbaycan və Pakistan arasında hava uçuşlarının bərpası məsələsinin vacibliyinə toxundular.

E.Məmmədyarov Azərbaycanın EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyini irəli sürdüyü barədə həmkarına məlumat verdi.

Həmçinin, Nazirlər ilk iclası keçirilən Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Görüşünün ümumi maraq doğuran məsələlərin müzakirəsi və qarşılıqlı faydalı layihələrin işlənib-hazırlanması baxımından əhəmiyyətli platforma olacağına ümidvar olduqlarını bildirdilər. İkitərəfli formatda dövlətlər arasında parlamentlər səviyyəsində mövcud pozitiv əməkdaşlıq ruhunun üçtərəfli səviyyədə də davam etdiriləcəyini və bunun dostluq əlalərinin daha da dərinləşməsinə xidmət edəcəyini bildirdilər.

Sonda Asiyanın Qəlbi-İstanbul Prosesinin və Proses çərçivəsində VII Nazirlər Konfransının əhəmiyyəti qeyd olundu.

növbəti xəbər əvvəlki xəbər