2017-11-23
No:337/17, Azərbaycan Respublikası və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyaya səfəri çərçivəsində Parlament məsələləri üzrə Yaponiya xarici işlər nazirinin müavini, Nümayəndələr Palatasının üzvü Mitsunari Okamoto ilə görüşdü və Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Toşihirio Aiki ilə Azərbaycan Respublikası və Yaponiya XİN-ləri arasında 10-cu siyasi məsləhətləşmələri keçirdi.

7 sentyabr 2017-ci ildə Azərbaycan – Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğu vurğulanaraq, bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin yeni mərhələyə qaldırılmasında yüksək səviyyəli səfər mübadilələrinin xüsusi əhəmiyyəti qeyd olunub və 14 sentyabr 2017-ci ildə Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horiinin “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması mərasimində Yaponiya dövləti adından iştirakı vurğulandı.

İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd edildi, bu xüsusda 9-cu iclası 23 fevral 2017-cı ildə Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti yüksək qiymətləndirildi.

Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu nəzərə alınaraq, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyi vurğulandı.

Azərbaycan-Yaponiya Parlamentlərarası əməkdaşlığın münasibətlərimizin inkişafına müsbət təsiri qeyd edildi.

Həmçinin, regionlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı tədbirlər məmnunluqla qeyd edildi.

İkitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulandı.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparıldı və nazir müavini Xələf Xələfov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğuladı.

GUAM+Yaponiya çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlıq yüksək qiymətləndirilərək, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər