2017-11-15
No:330/17, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Braziliya Federativ Respublikasının xarici işlər naziri cənab Aloysio Nunes Ferreira ilə birgə mətbuat konfransı
Elmar Məmmədyarov: Xanımlar və cənablar! Xarici İşlər Nazirliyinə xoş gəlmişsiniz! Bildiyiniz kimi, Braziliya Federativ Respublikasının xarici işlər naziri Aloyso Nunes Azərbaycanda rəsmi səfərdədir. A.Nunes Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş geniş tərkibli görüşdə Azərbaycan və Braziliya arasında münasibətlərin müxtəlif sahələrini müzakirə etdik. Latın Amerikası regionu Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biridir və bu xüsusda, Azərbaycan Braziliya ilə münasibətlərin dərinləşdirilməsində maraqlıdır və bu günkü görüşümüzdə bu niyyət bir daha bəyan edildi.

Siyasi müstəvidə Azərbaycan və Braziliya arasında uğurlu siyasi dialoq mövcuddur və bu dialoq çoxtərəfli platformada da əməkdaşlığımızın əsasında dayanır. Beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə Azərbaycan və Braziliyanın mövqeyi demək olar ki bənzərdir.

Azərbaycan və Braziliya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur və bu mexanizm çərçivəsində artıq məsləhətləşmələrin iki raundu baş tutmuşdur. Beynəlxalq və regional xarakterli məsələlərin müzakirəsi baxımından faydalı olan bu platformanın davam etdirilməsinin vacibliyi ilə bağlı ortaq mövqeyimizi ifadə etdik. Çox güman ki gələn il siyasi məsləhətləşmələrin növbəti raundu Bakıda keçiriləcək.

Görüş zamanı cənab nazirə Ermənistan-Azərbaycan münaqişəsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşlər və hazırkı durum barəsində geniş məlumat verdim. Xatırladım ki, 1993-cu ildən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr Braziliyanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövrünə təsadüf edir. Sözügedən qətnamələrin yerinə yetirilməməsi isə regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir.

2018-ci ilin aprelində Bakıda Qoşulmama Hərəkatının Nazirlər Toplantısı keçiriləcək və həmkarımı bu toplantıda iştiraka dəvət etdim. Həmçinin, Bakının EXPO-2025 sərgisinə namizədliyini irəli sürməsi barəsində A.Nunesə məlumat verdim və Azərbaycanın namizədliyinin Braziliya tərəfindən dəstəklənəcəyinə ümidvar olduğumu bildirdim.

Azərbaycan və Braziliya arasında 2017-ci ilin ilk 6 ayı ərazində ticarət dövriyyəsi 160 milyon həcmindədir, təbii ki, bu rəqəm bizi qane etmir, çünki Azərbaycan və Braziliyanın potensialını əks etdirmir. İqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi barəsində razılığa gəldik. 2018-ci ildə iqtisadi əlaqələrimizin irəlilədilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfəri nəzərdə tutulur və biznes forumların keçirilməsi məsələsini də müzakirə etdik.

Hava nəqliyyatı sahəsində AZAL-ın mülki təyyarə donanmasında bir neçə Braziliyanın Embarer şirkətinin təyyarələri də vardır. Bu istiqamətdə də əməkdaşlığı davam etdirməyə hazırıq.

Təhsil sahəsinə gəlincə, ADA Universiteti ilə Rio Branco İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı, ümid edirəm ki, bu hüquqi baza təhsil sahəsində əməkdaşlığımızın inkişafına öz töhfəsini verəcək.

Sual-cavab sessiyası:

Sual:
Vüqar Həsənov, RİA Novosti. Cənab nazir, sualım sizədir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində aktivlik müşahidə edilir. Bildiyimiz qədər, 16 noyabr 2017-ci il tarixində sizin həmsədrlərlə Moskvada görüşünüz planlaşdırılır. 20 noyabr 2017-ci il tarixində isə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri nəzərdə tutulub. Nələr planlaşdırılır? Üçtərəfli formatda görüş planlaşdırılırmı və S.Lavrov hansı təkliflərlə Bakıya gəlir?

Elmar Məmmədyarov: Sabah Moskvada 11:00 radələrində həmsədrlərlə görüşümüz olacaq. 19-20 noyabr tarixlərində rusiyalı həmkarım Azərbaycana rəsmi səfər edəcək. Müzakirə ediləcək məsələlər masanın üzərindədir. Azərbaycanın mövqeyi bir neçə dəfə səsləndirilib: biz danışıqların danışıqlar xatirinə olmamasını istəyirik. Məntiqli danışıqlara başlanmasını biz artıq tələb edirik. Azərbaycan və Ermənistan Prezidentlərinin 16 oktyabr tarixli Cenevrə görüşü ilə bağlı xarici işlər nazirləri və Minsk Qrupunun Həmsədrləri ilə Birgə Bəyanatı ilə tanışsınız. Bəyanatda da danışıqların intensiv şəkildə aparılması qeyd olunur. Danışıqlarda irəliləyişə nail olunması bizim əsas mövqeyimizdir. Münaqişənin həllinin artıq vaxtı çatmışdır. Danışıqların nəticəyönümlü olması artıq şərtdir. Məcburi köşkünlər öz doğma yurd-yuvalarına qayıtmalıdır, regionda sülh bərpa edilməlidir.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər