2017-11-02
No:309/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Monteneqronun xarici işlər naziri Srdjan Darmanoviçin birgə mətbuat konfransı
Xanımlar və cənablar!

Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz. Bildiyiniz kimi, bu Monteneqronun xarici işlər naziri Srdjan Darmanoviçin Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycan və Monteneqro arasında dostluq münasibətlərindən çox məmnunuq. İki ölkə arasında yüksək səviyyəli səfərlər həyata keçirilir. Monteneqro xarici işlər naziri ilə təkbətək və geniş tərkibdə keçirdiyim görüş zamanı həmkarımı Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumatlandırdım. Azərbaycan və Monteneqro BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edir. İki ölkə arasında 15 sənəd imzalanıb və 4 sənəd hazırda baxılmaq mərhələsindədir. Mən Monteneqrolu həmkarımla eyni zamanda enerji məsələlərini müzakirə etdim. Monteneqro Azərbaycan qazının idxalında maraqlıdır. Nazir Darmanoviçlə nəqliyyat layihələri ətrafında da fikir mübadiləsi apardıq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Monteneqro ilə əməkdaşlıq üçün əlavə imkanlar açır. Görüş zamanı həmçinin turizm, təhsil və parlamentlərarası əlaqələr sahələrində əməkdaşlıq məsələlərini də müzakirə etdik.

Sual-cavab sessiyası:

Sual: Aytən Əhmədova, ATV Telekanalı: cənab Nazir Siz bəyan etmisiniz ki, noyabrın ortası ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəksiniz. Görüşün yeri və vaxtı məlumdurmu? Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdükdən sonra ermənilər qeyd edirlər ki, onlar Gürcüstan vasitəsilə bu xəttə problemsiz qoşula bilərlər. Sazişlərin imzalanma mərasimində siz də iştirak etmisiniz. Ümumiyyətlə bu qaydalara uyğundurmu və onların iddialarına nə cavab verərdiniz?

Elmar Məmmədyarov: ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşün vaxtı və yeri artıq məlumdur. Biz noyabrın 16-sı saat 11-də Moskvada görüş keçirəcəyik. Noyabrın 16-dan bir-iki gün öncə Ermənistan Prezidenti xarici işlər naziri ilə birlikdə Moskvada səfərdə olacaq. Mən dünən Tehranda olarkən Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan xarici işlər nazirinin Moskvaya səfəri zamanı üçtərəfli görüşün keçirilməsi mümkünlüyünü müzakirə etdim, lakin hələ ki, belə bir görüşün keçirilib keçirilməyəcəyi məlum deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə isə görüş qeyd etdiyim kimi noyabrın 16-sı keçiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin idarə olunması məqsədilə birgə müştərək şirkət yaradılacaqdır. Ermənistanın BTQ dəmir yolu xəttinə qoşulması ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Ermənistan bu dəmir yolu xəttinə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra qoşula bilər.



növbəti xəbər əvvəlki xəbər