2017-09-25
No:272/17, Xarici işlər naziri İordaniya Haşimilər Krallığının xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının xarici işlər naziri Ayman Safadi ilə görüşüb.

Nazir Elmar Məmmədyarov bu il xarici işlər naziri təyin olunan Ayman Safadini xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsinə nəzər salındı, əlaqələrin daha da inkişaf etdirilməsi yolları və perspektivlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığın digər beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirilməsinin vacibliyini qeyd etdilər.

Tərəflər, həmçinin, dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edərək, islam həmrəyliyinin gücləndirilməsi və təşviq edilməsinin əhəmiyyətini vurğuladılar. Bu xüsusda Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu və bu il Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini dedi.

Elmar Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərini və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsinin regional sülh üçün ciddi təhlükə olduğunu bildirdi. Nazir Elmar Məmmədyarov İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun fəaliyyəti, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid abidələri, ibadət ocaqlarını vəhşicəsinə məhv etdiyi, beynəlxalq humanitar hüququ pozmaqda davam edərək qoşunlarının təmas xətti boyunca mülki insanları, o cümlədən uşaqları və qadınları qəsdən hədəfə aldığı barəsində həmkarına məlumat verdi.



növbəti xəbər əvvəlki xəbər