2017-09-14
No:247/17, Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşüb.

Görüş əsnasında iki ölkə arasında qurulmuş dostluq münasibətlərindən və qarşılıqlı səfərlərin intensivləşdirilməsindən məmnunluq ifadə edildi.

Uong Chu Luu müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətli inkişafına, habelə Bakı şəhərinin gözəlliyinə heyran olduğunu, ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirdi. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Uong Chu Luu təhsil sahəsində uğurlu əməkdaşlığı yada salaraq, özü də daxil olmaqla, minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil almasını xüsusi vurğuladı.

Nazir Elmar Məmmədyarov ümidvarlığını ifadə etdi ki, tezliklə Vyetnamın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verə bilər.

Qeyd olundu ki, əməkdaşlığın bütün sahələrdə inkişafı üçün geniş potensial var və sovet dövründə əsası qoyulmuş münasibətlərin dərinləşdirilməsi hər iki tərəfin maraqlarına xidmət edir.

Elmar Məmmədyarov ikitərəfli münasibətlərin dərinləşdirilməsi və irəlilədilməsində 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Çıonq Tan Şanq Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğuladı.

Görüşdə 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmamaq hərəkatının sammiti ilə əlaqədar yüksək səviyyəli Vyetnam nümayəndə heyətinin ölkəmizə səfər etməsi üçün əlavə imkan olduğu qeyd olundu.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğuladı.

Nazir həmçinin, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional nəqliyyat layihələri barədə danışdı və Vyetnam şirkətlərini bu layihələrin imkanlarından faydalanmağa çağırdı.

 

növbəti xəbər əvvəlki xəbər