2017-07-19
No:198/17, Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Rəşid Meredov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edərək, görüş zamanı faydalı müzakirələr aparıldığını dedi. Həmçinin yaxın zamanda Türkmənistan Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdimuhamedovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırdı.

Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycan Respublikası ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olundu.

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulandı.

İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olundu.

Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulandı.

Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi Qrupların səfər mübadiləsi razılaşdırıldı və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edildi.

Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırıldı.

Həmçinin Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edildi.

Azərbaycan və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğunu nəzərə alaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinin qeyd edildi.

növbəti xəbər əvvəlki xəbər