2017-06-12
No:165/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Estoniya Respublikasının xarici işlər naziri Sven Mikserlə birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və cənablar! Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz! Bildiyiniz kimi, Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser Azərbaycanda rəsmi səfərdədir. Biz ikitərəfli, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə çoxtərəfli formatda görüşlər keçirtdik.

Görüşdə Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar olaraq təbrik məktublarını mübadilə etdik. Ölkələrimiz arasında müntəzəm əsasda siyasi dialoq mövcuddur. Bu ilin aprel ayında Bakıda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Kommissiyanın sayca 3-cü iclası baş tutdu, hazırda Azərbaycanda 10-dan çox Estoniya şirkəti fəal şəkildə tikinti, ticarət, xidmət və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərir. Xüsusilə qeyd edim ki, informasiya texnologiyaları sahəsində əməkdaşlıq Azərbaycan-Estoniya münasibətinə xüsusi yer tutur.

Eyni zamanda, həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinın cari durumu barəsində məlumatlandırdım. Estoniyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsini özündə əks etdirən mövqeyi yüksək qiymətləndirilir. Təəssüf ki, 1993-cü ildə qəbul edilmiş və Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz, dərhal və tamamilə çıxarılmasını və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsini tələb edən qətnamələri hələ də icra edilməmişdir. Bu, çox mühüm elementdir. Beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin BMT-nin bütün üzv dövlətləri üçün vacibliyi barəsində həmkarımla fikir mübadiləsi apardıq.

Daha sonra biz Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Məlumat üçün deyim ki, bu gün və sabah Avropa İttifaqı Kommissiyasının nümayəndələri ilə rəsmilərimizin Tərəfdaşlıq Sazişi üzrə müzakirələrə dair növbəti görüşləri baş tutacaq. 15 iyun 2017-ci il tarixində isə Avropa İttifaqı Kommissarı Hanın Azərbaycana səfəri gözlənilir. 16 iyun tarixinə planlaşdırılan görüşümüzdə qiymətləndirmə üzrə, həmçinin 24 noyabr 2017-ci il tarixində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşılığı Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəyik. Həmkarım görüşdə bizi məlumatlandırdığı kimi, iyul ayının əvvəlində Estoniyanın Avropa İttifaqı Şurasına Prezidentliyi ilə bağlı geniş planları mövcuddur və bu planlara Azərbaycanın müxtəlif təsisat və nazirliklərinin də cəlb olunması təqdirəlayiqdir və buna görə cənab Mikserə öz təşəkkürümü bildirirəm. İnanıram və ümid edirəm ki, Avropa İttifaqı ilə Tərəfdaşlıq Sazişi üzrə danışıqlar prosesini sürətləndirməklə doğru istiqamətdəyik. Düşünürəm ki, danışıqlar prosesinin sürəti kifayət qədər yaxşı səviyyədədir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan xarici siyasətinin prioritetlərindən biridir. Bu sahədə irəliləyiş əldə edilən kimi kütləvi informasiya vasitələri və jurnalistlər məlumatlandırılacaq.

Sual-cavab sessiyası:

Sual: Aytən Əhmədova, ATV telekanalı. Cənab nazir, Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başlayıb, sualım səfərdən gözləntiləriniz barəsindədir. Bu dəfəki səfər zamanı hansısa bir sənədin təqdim edilməsi gözlənilirmi?

Elmar Məmmədyarov: Həmsədrlər artıq regiondadır, Yerevanda artıq görüşlər keçirilib, çox güman ki, işğal olunmuş ərazilərimizə də səfər edəcəklər. 19 iyun 2017 tarixində həmsədrlər Bakıya gələcək və ilk növbədə, cənab Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəklər, daha sonra isə xarici işlər naziri səviyyəsində görüşümüz baş tutacaq. Mövcud sənəd üzərində danışıqlarımızı davam etdiririk, bu sənəd üzərində Prezidentlər səviyyəsində Sankt Peterburq görüşündə də iş aparılırdı. 29 aprel 2017-ci il tarixli Moskva görüşündə Ermənistan və Rusiya xarici işlər nazirləri ilə birgə keçirilmiş görüşdə də bu sənədlə bağlı irəliləyişlərin əldə edilməsi üçün gərgin müzakirələr aparıldı. Fikrimcə, 19 iyun səfəri zamanı həmsədrlər tərəfindən müvafiq açıqlama verilə bilər. İndiki halda həmsədrlərin Yerevandan hansı mesajla gələcəyini gözləməliyik. Azərbaycanın status kvonun dəyişdirilməsi ilə bağlı mövqeyi eyni olaraq qalır. Həmsədr dövlətlərin Prezidentlərinin səviyyəsində də status-kvonun qəbuledilməzliyi bildirilir. Status kvonun saxlanılmasının nəticəsi isə bəllidir.

Çox sağ olun!

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ