2017-06-03
No: 155/17, Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasının Prezidenti Zati-aliləri cənab Luis Gilyermo Solis tərəfindən qəbul edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində Kosta Rika Respublikasının Prezidenti Zati-aliləri cənab Luis Gilyermo Solis tərəfindən qəbul edilib.

Görüşdə E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin salamlarını Prezident Luis Gilyermo Solisə çatdırdı, öz növbəsində Luis Gilyermo Solis salam və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, xüsusilə son dövrlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı baxımından əlamətdar olduğunu bildirdi və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlər mübadiləsinin xüsusi önəm daşıdığını vurğuladı. 

Azərbaycanda son illər iqtisadi, sosial və maliyyə sahəsində həyata keçirilmiş islahatlar, əlverişli biznes mühiti barəsində Prezident Luis Gilyermo Solisi məlumatlandıran E.Məmmədyarov iqtisadi-ticarət, turizm, enerji, logistika, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğuladı. O həmçinin Kosta Rikanın “ASAN viza” sistemində daxil edilməsinin Kosta Rikadan ölkəmizə turist axınına təkan verəcəyinə ümidvar olduğunu dedi.

Azərbaycanın uğurlu inkişaf strategiyasının təqdirəlayiq hal olduğunu deyən Prezident Luis Gilyermo Solis ölkəsinin Azərbaycanla müxtəlif əməkdaşlıq sahələrində münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər