2017-05-16
No: 137/17, Azərbaycan və İtaliya xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Respublikasının xarici işlər naziri Ancelino Alfano arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, habelə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu qeyd edib.

2017-ci ildə İtaliya Respublikasına rəsmi səfərini məmnunluq hissi ilə xatırladan nazir Elmar Məmmədyarov bu cür səfərlərin iki ölkə arasında mövcud olan ikitərəfli və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına, münasibətlərimizin dərinləşməsinə və keyfiyyətcə yeni mərhələyə qalxmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında uğurlu əməkdaşlıq layihələri, xüsusilə “TAP” layihəsinin dövlətlərimiz və xalqlarımız arasında dostluğun bundan sonra daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov İtaliyanın 2017-ci ildən ATƏT-in Troykasına üzv olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə və ədalətli həlli istiqamətində İtaliyanın səylər göstərəcəyinə böyük ümidlər bəslədiyini deyib.

İtaliyanın xarici işlər naziri Ancelino Alfano Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə ölkələrimizin xüsusilə iqtisadi sahədə mühüm əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduğunu, İtaliyanın tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrildiyini bildirib. İtaliyanın Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi, habelə şirkətlərimiz və vətəndaş cəmiyyətlərimiz üçün yeni imkanların araşdırılması istiqamətində birgə səy göstərməyə hazır olduğunu qeyd edib.

Nazir Ancelino Alfano İtaliyanın Azərbaycan və Aİ arasındakı münasibətlərin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib. Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə işlərin başlanmasının Italiya tərəfindən həmişə müsbət qarşılandığını vurğulayan nazir bunun qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun stimullaşdırılması və bütün sahələrdə əlaqələrimizin daha da gücləndirilməsi üçün əlverişli çərçivə yaradacağına əminliyini ifadə edib.

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ