2017-05-06
No:132/17, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının iclasına dair

Azərbaycan və YUNESKO arasında əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda fəxri qonaq statusunda YUNESKO-nun Baş direktoru İrina Bokova iştirak edib.

Xarici işlər naziri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov iclası giriş sözü ilə açaraq 25 il ərzində Azərbaycanın YUNESKO ilə faydalı və məhsuldar əlaqələr qurduğunu qeyd etdi. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan – YUNESKO əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. Bu xüsusda o, Azərbaycanın iki maddi mədəniyyət abidəsinin YUNESKO-nun Ümumdünya irs siyahısına, səkkiz nominasiyasının YUNESKO-nun qeyri-maddi irs siyahısına və bir nominasiyasının isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahına daxil edildiyi barəsində məlumat verdi.

Elmar Məmmədyarov Azərbaycanın YUNESKO-nun dörd komitəsinin fəal üzvü olduğunu, ölkəmizdə YUNESKO-nun müxtəlif proqramları üzrə beş milli komitənin fəaliyyət göstərdiyini dedi. O, Azərbaycanın YUNESKO-nun donorlarından biri olduğunu qeyd edərək 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış Çərçivə Sazişinə uyğun olaraq ölkəmizin YUNESKO-nun Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirdiyini diqqətə çatdırdı.

Nazir YUNESKO-nun xətti ilə ölkəmizdə çoxsaylı tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi və əməkdaşlığın bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Sonra sözü YUNESKO-nun Baş direktoru İrina Bokovaya verdi. İrina Bokova  YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərini salamladı və 25 il ərzində Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırdı.  Azərbaycan və YUNESKO arasında əlaqələrin hərtərəfli inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etdi. O, ölkəmizin YUNESKO-nun prinsiplərinə sadiqliyini, təşkilatın məqsəd və məramlarının milli və beynəlxalq səviyyədə təşviq edilməsi, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirdi.

İrina Bokova Bakıda keçirilən və YUNESKO-nun da tərəfdaşı olduğu 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq, forumda çağdaş dünya üçün aktual mövzuların müzakirə olunduğunu vurğuladı.

Görüş YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin iştirakı ilə müzakirə və fikir mübadiləsi formasında davam etdi. 

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ