2017-04-19
No: 104/17, Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb

Görüşdə Prezident Mari-Luiz Koleyro Preka 2016-cı ilin may ayında Bakıda keçirilmiş BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycana etdiyi səfərini xatırlayaraq, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin təsadüf olmadığını vurğuladı və bunu ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndirdi. Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm modelinin bütün dünya üçün bir nümunə olduğunu qeyd edən xanım Mari-Luiz Koleyro Preka həmçinin 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd etdi.

Xanım Mari-Luiz Koleyro Preka Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirdi və əməkdaşlığın daha da irəlilədilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğuladı.O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edərək, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və ölkələrimizi daha yaxından tanımağa imkan yaratdığını dedi.

Prezident Mari-Luiz Koleyro Preka Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərəfindən dəstəkləndiyini və bu əməkdaşlığın regional sabitlik üçün önəmli olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Maltaya səfərindən məmnunluğunu ifadə edərək, səfər çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu qeyd etdi. Elmar Məmmədyarov ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, Azərbaycan və Avropa İttifaqı arasında ələqlərin irəlilədilməsində Maltanın rolunu qeyd etdi və Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barəsində məlumat verdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırdı.

Sonda E.Məmmədyarov Prezident Sarayının xatirə kitabına ürək sözlərini yazdı.

 

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ