2017-03-10
No: 62/17, Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən Fransız şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti, habelə enerji, nəqliyyat, humanitar, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Nazir Elmar Məmmədyarov Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrdən, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyəti, ölkəmizdə açılan fransız litseyi və Azərbaycan-Fransız universitetindən (UFAZ) söz açdı və Azərbaycanın Beynəlxalq Frankafoniya təşkilatı ilə əməkdaşlıq məsələlərinə toxundu.

Nazir yüksək səviyyədə həyata keçirilən səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirdi.

Andre Reyşar səfərlərinin məqsədinin Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş bilgiyə malik olmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaq olduğunu bildirdi. O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd etdi və təmasların artırılmasının əhəmiyyətindən danışdı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, ölkəmizin münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ədalətə əsaslanan mövqeyi barədə məlumat verdi. O, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtmalı olduğunu bəyan etdi. Nazir münaqişənin həlli prosesinin hər kəsə aydın olduğunu və bu xüsusda irəliyə doğru addım atmaq üçün Ermənistanın siyasi iradə nümayiş etdirməli olduğunu vurğuladı.

Görüş əsnasında Nazir Elmar Məmmədyarov fransalı senatorların regional, ikitərəfli məsələlər, habelə ATƏT-in Minsk Qrupunun fəaliyyəti bağlı suallarını cavablandırdı.

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ