2017-02-24
No: 49/17, Xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf ilə görüşüb

Nazir Elmar Məmmədyarov bunu tarixi səfər adlandırdı və ikitərəfli əməkdaşlıqda yeni mərhələ kimi xarakterizə etdi.

Dəvətə görə təşəkkürünü çatdıran Mahmud Əli Yusuf, bu səfərin ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar açacağına əminlik ifadə etdi.

Görüş zamanı nazirlər Azərbaycan və Cibuti arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə etdilər.

Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsinin vacibliyini vurğuladılar.

Nazirlər ölkələrimiz arasında siyasi münasibətlərdən, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə etdilər.

Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nın o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirdi. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı Soyqırımına dair qətnamənin qəbul edilməsi, ümumilikdə, Azərbaycanın ədalətli mövqeyini daim və tam şəkildə dəstəklədiyinə görə ölkəmiz adından təşəkkür ifadə etdi.

Mahmud Əli Yusuf ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan etdi.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlıq və Cibutinin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunda təmsil olunması qeyd olundu.

Qeyd olundu ki, hər iki ölkənin əlverişli coğrafi-strateji mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, Azərbaycan Hava Yolları QSC-in Cibutinin müvafiq qurumları ilə əməkdaşlığı və qarşılıqlı səfər mübadiləsi təqdir olundu.

Son dövrlər iki ölkə arasında təmasların intensivləşməsinin ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edildi.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov, bu il ölkəmizdə “İslam Həmrəyliyi Oyunları” keçiriləcəyini və Cibuti idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirdi.

Həmçinin humanitar sahədə əməkdaşlıq və Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Cibutili nazirə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti və qurumun Afrika qitəsində həyata keçirdiyi layihələr barədə məlumat verildi.

Tərəflər eyni zamanda tibb, tələbə mübadiləsi və müxtəlif sahələrdə təlimlərin keçirilməsinə dair əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

Görüşdən sonra nazirlər XİN-lər arası ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzaladılar və birgə mətbuat konfransı keçirdilər.

 

növbəti xəbər əvvəlki xəbər