2017-02-13
No: 31/17, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və cənablar! Xarici İşlər Nazirliyinə xoş gəlmisiniz! Bildiyiniz kimi, Gürcüstanın xarici işlər naziri cənab Mixeil Canelidze Azərbaycanda rəsmi səfərdədir. Artıq qonağımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. 

Bu gün gürcü həmkarımla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirdik. Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və strateji əməkdaşlıq xarakteri daşıyan əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıldı.

Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan arasında enerji layihələri, iqtisadiyyat, ticarət və nəqliyyat sahələri üzrə əməkdaşlıq geniş inkişaf edib. Nəqliyyat sahəsində Bakı-Tbilisi- Qars dəmiryolu xəttinin bu il artıq fəaliyyətə başlayacağına inanırıq. Digər tərəfdən, bu dəmiryol xətti iqtisadiyyatın, ümumilikdə isə Azərbaycan və Gürcüstanın inkişafı üçün böyük imkanlar yaradacaq.

Azərbaycan-Gürcüstan-Türkiyə formatı çərçivəsində bu ilin ilk 6 ayı ərzində növbəti görüşün keçirilməsi imkanlarını müzakirə etdik.

Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəkləyir. Eyni şəkildə Gürcüstan da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bizim mövqeyimiz qarşılıqlı şəkildə beynəlxalq səviyyədə də dəfələrlə səsləndirilib.

Bildiyiniz kimi, GUAM təşkilatında hazırda Gürcüstan sədrlik edir. Bu beynəlxalq təşkilatın gücləndirilməsi yolları barəsində də müzakirələr apardıq. İqtisadi baxımdan bəzi fikirlər var, çox güman ki bu yaxınlarda, yaxın üç ay ərzində yüksək səviyyədə üzv ölkələrin görüşü keçiriləcək. GUAM həm iqtisadi, həm də turizm sektorunun inkişafında böyük rol oynayır.

Təşəkkür edirəm.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər