2016-12-21
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçını qəbul edib

Görüş zamanı bir daha iki dövlət arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulandı, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olundu.

Ümit Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Türkiyədə baş vermiş son terror aktları ilə əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə başsağlığı verdi.

Görüşdə Azərbaycan və Türkiyənin bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının vacibliyi qeyd olundu. Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini dəstəkləməsi təqdir olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulandı.

Görüş zamanı həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər