|
Bu gün Norveç Krallığının Azərbaycandakı səfiri Con Ramberq və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunmuşlar.
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov ilə keçirilmiş görüşlərin mövzusu cari ilin 12-13 yanvar tarixində Norveç Krallığının və ABŞ-ın Azərbaycandakı səfirliklərinin diplomatlarının Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekunları ilə bağlı səfirliklərin 13 yanvar tarixli mətbuat üçün birgə açıqlaması olmuşdur.
Nazir müavini V.Sadıqov qeyd olunan məsələ ilə əlaqədar araşdırmaların aparıldığını demiş, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirmişdir.
Bəzi dövlətlər tərəfindən Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin məhz insan haqlarının pozulması kimi qələmə verilməsi və belə halların siyasiləşdirilməsi cəhdləri qəbuledilməz kimi qiymətləndirilmişdir. Xarici diplomatların belə hərəkətlərinin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsinə uyğun olmadığı və onların inkişafına xələl gətirə biləcəyi barədə xəbərdarlıq edilmişdir.
Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən ölkədə akkreditə olunmuş diplomatların təhlükəsizliyinin təmin edilməsi öhdəliyinin həyata keçirilməsinə sadiq olduğu nəzərə çatdırılmışdır.
|