Sosial, yaşayış və sənaye obyektlərinə vurulmuş ziyan

Hələ Dağlıq Qarabağ münaqişəsindən əvvəl Azərbaycan dövləti dağ rayonlarının, o cümlədən, DQMV məhsuldar qüvvələrinin inkişaf etdirilməsi haqqında qərar qəbul etmişdir. Bununla bağlı olaraq, DQMV və zəbt olunmuş digər rayonların ərazisində tikinti işləri canlandırılmışdır. Burada güclü tikinti təşkilatları yaradılmış və yeni maşın mexanizmləri və nəqliyyat vasitələri gətirilmişdir. Yerlərdə güclü tikinti materialları müəssisələri, o cümlədən, DQMV-də mərmər zavodu tikilmişdir. İşğal nəticəsində yeni tikintilərə gətirilmiş bütün bu maddi-texniki baza məhv edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdir.

Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdir.

Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi.

Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi. Dağlıq Qarabağ MV-nin sənaye sahələri tərkibi və inkişaf səviyyəsinə görə keçmiş Azərbaycan SSR-nin iqtisadi regionları arasında dördüncü yeri tuturdu. (Abşeron, Gəncə-Qazax, Naxçıvan MR).

İşğal olunmuş rayonların sənaye potensialı əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində cəmlənmişdir. Sayca ən çox sənaye və tikinti müəssisələri (137 müəssisə) bu vilayətin ərazisində yerləşdirilmişdir. İşğal altında olan rayonların bütün sənaye məhsulların 40%-ə qədəri və yaradılmış əsas fondların 18,7 %-i bu vilayətin və sənaye məhsulunun 5%, əsas fondların 41% Füzuli və Ağdam rayonlarının payına düşür. Sənaye və tikinti sahəsində ikinci pilləni Ağdam və Füzuli inzibati rayonları (sənaye məhsulunun 51, əsaslı fondların 41% -i), yerdə qalan 5 inzibati rayonlarda - Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanda sənaye xeyli zəif inkişaf etmişdir. Azərbaycan SSR-nin 1988-ci ildə ümumi sənaye məhsulunun 2,7 faizi, əsas fondların 3,4 % işğal altında olan rayonların payına düşürdü.

Ayrı-ayrı sənaye məhsullarına görə işğal olunmuş rayonların Azərbaycan SSR-də xüsusi çəkisi belə olmuşdur:

Divar materialları - 11,0%, tikinti əhəngi 7,8%, tikinti materialları - 3,0% ayaqqabı - 11,0 %, ət - 5,0%, konservlər - 6,9 %, inək yağı - 25,2%, şərab materialları - 35%, xam ipək - 13,5%, yun -19.3, mineral su - 11,5% və i.a.

Həmin rayonlarda İstisu və Turşsu mineral su qablaşdıran müəssisələri, Dağlıq Qarabağ və Ağdamdakı mərmər, mişar daşı zavodları, çoxlu keyfiyyətli və hətta keçmiş SSRİ-də məşhur olan "Ağdam" tipli şərablar və digərlərini istehsal edən şərab zavodları, yağ-pendir müəssisələri, toxuculuq və ayaqqabı fabrikləri, Qarabağ İpək Kombinatı və s. fəaliyyət göstərirdi. Bakı müəssisələrinin burada tikilmiş 50-dən çox yeni filialları işğal olunmuş ərazilərdə qalmışdır. Ümumiyyətlə, bu regionda 183-dən çox sənaye və 127 tikinti müəssisələri qalmışdır.

Kommunikasiya obyektləri:Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılmışdır. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14,5 min km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2,3 min km su kəməri xətləri, 2,0 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları və s. dağıdılmışdır.

Eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. işğal olunmuş ərazilərdə qalmışdır.

Beləliklə, Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdır bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11,0 % -ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər.

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası