Sovet dövründə azərbaycanlıların öz torpaqlarından çıxarılması

II Dünya müharibəsi dövründə Mikoyan başda olmaqla erməni daşnaq liderləri «Böyük Ermənistan» uğrunda ikibaşlı fəaliyyət göstərmişlər. Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi planını cızırdılar. Hər iki halda azərbaycanlıların Zaqafqaziyadan Orta Asiyaya və Sibirə deportasiyasına cəhdlər edilirdi.


Sonrakı planın ilk addımı müttəfiqlərin Tehran konfransında (28.XI-01.XII.1943) özünü büruzə verdi. Ermənilər konfransda xaricdəki ermənilərin Sovet Ermənistanına köçürülməsi razılığına nail oldular.


Məqsəd Türkiyədən torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları xarici ermənilərin Sovet Ermənistanına köçü ilə əlaqədar deportasiya etmək idi. Məqsədin birinciliyinə nail olmaq üçün ermənilər Sovet hökumətinə təsir göstərdilər.


Sovet hökuməti Türkiyə Respublikasına nota verib (1945) yuxarıda adı qeyd edilən ərazini (26,4 kv.km.) və boğazlara nəzarəti tələb etdi. Bu vəziyyətdə az qala Sovet İttifaqı və Türkiyə arasında III Dünya müharibəsi təhlükəsi yaranacaqdı. Böyük təhlükəni görən Stalin tələbindən imtina etdi. Beləliklə, ermənilərin bu məqsədi də puça çıxdı. Türkiyədən torpaq qoparmaq müşkül məsələyə çevrildikdən sonra ermənilər Sovet Azərbaycanın üstünə düşdülər. 1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov İ.Stalinə məktubunda Qarabağın Ermənistan SSR-yə verilməsini xahiş etdi. Stalin həmin məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan rəhbərliyinə göndərdi. Mircəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça endirildi.


Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili haqqında qərar verdi. İlk təbliğatın nəticəsində 130 min erməninin Ermənistana köçürülməsi müəyyən edildi. Köçə xarici erməni təşkilatları («Hnçaq», «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə İttifaqı) 1 milyon dollar pul xərclədilər. İlk axında 90 mindən artıq erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) gəldi. Sovet Ermənistanında hökumət onların yerləşdirilməsini siyasi məqsəd üçün gecikdirirdi. Onlar həftələrlə dəmiryol stansiyalarında qalırdılar. Bəhanə edirdilər ki, köçkünləri yerləşdirmək üçün şərait yoxdur. Ermənistan hökuməti çıxış yolunu Azərbaycanlıların kütləvi köçürülməsində tapdılar. Moskva isə erməni avantürasına rəvac verdi. Stalin SSRİ Nazirlər Soveti adından 23 dekabr 1947-ci ildə «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR Nazirlər Soveti isə 2 fevral 1948-ci ildə köçürülmə haqqında müvafiq qərar qəbul etdi.


SSRİ Nazirlər Sovetinin yuxarıdakı qərarına aydınlıq gətirmək üçün 10 mart 1948-ci ildə yenidən ikinci qərar verildi. Çünki əvvəlki qərarda giriş və izahat yox idi. Lakin həm SSRİ hökumətinin, həm də Azərbaycan hökumətinin qərarları qeyri obyektiv olaraq, real həqiqət və şəraitə uyğun gəlmirdi.


1947-ci il 23 dekabr tarixli qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə «könüllülük» prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün. Beləliklə, Qərbi Azərbaycanın azərbaycanlı əhalisinin növbəti deportasiyası başladı. Bu deportasiya son iki əsrdə Qərbi Azərbaycandan əhalinin soyqırımı və deportasiyası üzrə VII (1828,1856,1878,1905-1907,1918-1920,1937-1938,1948-1953) idi. Bu soyqırımı və deportasiya nəticəsində 150.000 azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına və çətinliklə digər rayonlara səpələndi. Nəticədə 50.000 əhali məhv oldu. 50.000 əhali isə Stalin öldükdən sonra dağıdılmış doğma yurdlarına qayıdıb, alaçıqlarda yaşamaqla köhnə yurd-yuvalarını bərpa edə bildilər. Bu hadisə də soyqırımının növbəti bir mərhələsi idi.


1948-1953-cü illər üzrə «könüllü» köçürülmə üç mərhələ üzrə həyata keçirilməli idi: I mərhələ 1948-1950, II mərhələ 1951-1952-ci illər, III mərhələ 1953-cü il. Birinci mərhələnin ilkin nəticələri uğursuzluqlara uğradı. Muğana köçürülən əhalinin əksəriyyəti-xüsusən qocalar və uşaqlar kütləvi surətdə hava və məişət şəraitinin pis olması ucbatından müxtəlif yoluxucu xəstəliklərə tutuldular və kütləvi ölüm halları baş verdi. Bu hadisədən xəbər tutan köçürülməmiş əhali çıxılmaz vəziyyətdə qaldı. İmkansız əhali Azərbaycanın dağlıq rayonlarına, xüsusən Dağlıq Qarabağa köçmək arzularını bildirdilərsə, buna nail ola bilmədilər.


Lakin çox çətinliklə Pəmbək mahalının Barana (Noyemberyan) rayonunun bəzi kəndləri - Ləmbəli, Körpülü və s. Azərbaycan SSR-nin Qazax rayonunda məskunlaşmasına icazə aldılar.


Lakin əhalini Ceyran Çöldə çadırlarda və vaqonlarda yerləşdirdilər. Bir çox köçkünlər torpağı qazıb qoyun yatağı kimi evlər düzəltdilərsə, yaşayış mühiti çox acınacaqlı idi. Hökumət qəsəbənin salınması üçün aciz idi. İmkansız əhali Qazaxın və Borçalının kəndlərinə dağıldılar. Geri, öz kəndinə qayıdanlar da oldu. Lakin dövlət onların evlərini inventarlaşdırıb xaricdən gələn ermənilərə verirdi. Hətta boş evlərə də sahibini buraxmırdılar. Noyemberyan rayonunun Ləmbəli kəndinin əhalisi Stalinin ölümünə qədər kəndin ətraf ərazilərində gecəqonduları tikib orada yaşadılar. Yalnız Xruşşovdan cavab məktubu gəldikdən sonra Ləmbəli camaatı boş olan evlərində yerləşə bildilər.


Borçalı kəndlərinə dağılmış azərbaycanlıların isə taleyi daha acınacaqlı oldu. 1951-ci ilin payızında onları vaqonlarla Qazaxıstana sürdülər. Köçürülmə ilə əlaqədar olaraq Azərbaycan SSR-nin o zamankı rəhbərləri (M.C.Bağırov, T.Quliyev, N.Heydərov) çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki o dövrdə Azərbaycan xalqının iqtisadi-mədəni həyat səviyyəsi Zaqafqaziya respublikaları içərisində qat-qat aşağı səviyyədə idi. Az vaxt içərisində 100.000 əhalini yerləşdirmək asan problem deyildir. Bu «xalqlar atası» Stalinin iradəsi idi.


N. Xruşşovun da hakimiyyətinin son illərində «Böyük Ermənistan» ideyası Mikoyanın təşəbbüsü ilə Sovet idarə aparatının gündəliyinə çıxarıldı. Xruşşovun aqrar siyasətindən - SSRİ-nin iqtisadi regionlara bölünməsi siyasətindən istifadə edən Mikoyan təklif etdi ki, Ermənistan SSR-də və Naxçıvan MSSR-də iqtisadiyyatının əlverişli inkişafı üçün Naxçıvan MSSR-nin Ermənistan SSR-ə birləşdirilməsi vacibdir. Xruşşov təklifi Azərbaycan ziyalılarının müzakirəsinə verdi və nəticədə bu iş baş tutmadı.


Bu illərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı münasibətdə müəyyən sabitlik baş verdi. Həmin dövrdə respublikanın stalinçi rəhbərlərinə qarşı həyata keçirilən kəskin və ədalətli tədbirlər yerlərdə məsuliyyət hissini artırır, hər hansı bir ekstremist hərəkətin qarşısı alınırdı. Lakin ermənilərin «Mets yeğerni» (“Böyük qırğın”) adlandırdıqları 1915-ci il hadisələrinin 50-ci ildönümü yaxınlaşdıqca ərazi tələbləri, türklərə qarşı ögey münasibətlər baş qaldırmağa başlamışdı. Xüsusilə, Krımın Ukrayna SSR-ə verilməsindən sonra ekstremist tələblər geniş vüsət almışdı.


1962-1963-cü illərdə Ermənistan KP MK bürosunda Azərbaycan və Türkiyəyə torpaq iddiaları haqqında Moskvaya göndərilən ərizələrlə əlaqədar məsələlər müzakirə olunan zaman gizli söhbətlərdə belə bir fakt aşkarlandı ki, SSRİ Ali Sovetin Rəyasət Heyətinin sədri A.İ.Mikoyan Dağlıq Qarabağ Muxtar Vilayət Ermənistan SSR tərkibinə verilməsi məsələsini N.S.Xruşşovun qarşısında qaldırmış, Xruşşov isə cavabında demişdir ki, kifayət qədər hərbi avtomaşınlar ayırıb ermənilərin bir gecə ərzində Dağlıq Qarabağdan Ermənistana köçürülməsi barədə tapşırıq verə bilər. Təbiidir ki, belə kəskin reaksiya da öz təsirini göstərdi.


Lakin 1964-cü ildə N.S.Xruşşovun hakimiyyətdən kənarlaşdırılması müvəqqəti sakitliyi pozdu. Ermənistanda «mets yeğerni» adlandırılan hadisəsinin 50-ci ildönümünü qeyd etməyə hazırlıq işləri genişləndi. Bu tədbirin keçirilməsində xarici ölkələrdə fəaliyyət göstərən daşnaq partiyasının və digər irticaçı-millətçi partiya və qrupların məqsədi Ermənistan SSR-in rəhbərliyinin fəaliyyəti ilə üst-üstə düşür, hər iki tərəfdə aparılan təbliğat işi də bu məqsədə yönəldilmişdi. Belə ki, iddia edilir ki, «qırğın» üçün Türkiyə hökuməti və xalqı məsuliyyət daşıyır, əzəli Ermənistan torpaqları yenidən birləşdirilməli və «Böyük Ermənistan» dövləti yaradılmalıdır.


Gürcüstan SSR-in Boqdanovka rayonunun, habelə ona həmsərhəd olan bölgələrin, Azərbaycan SSR Naxçıvan Muxtar Respublikasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin, Türkiyə Cümhuriyyətinin böyük bir hissəsinin - Ərdəhan, Trabzon, Qars, Bitlis, Van vilayətlərinin Ermənistana birləşdirmək məsələsi həm rəsmi dairələrdə, həm də kütlə tərəfindən irəli sürülür, qətnamələr, müraciətlər qəbul edilirdi. Bütün əmək kollektivlərində, kolxoz və sovxozlarda, ali və orta məktəblərdə, hətta ibtidai siniflərdə belə kompaniyalar aparılır, «Mets yeğerni»nin 50-ci ildönümü erməni xalqının yekdilliyi və birliyi naminə yüksək səviyyədə keçirmək çağırışı səslənir, türklərə qarşı nifrət hissi təlqin edən kinofilmlər nümayiş etdirilir, kitablar çap olunurdu. Kütləvi mətbuat orqanlarında erməni xalqının müdrikliyi, qonşu xalqların köçəri və gəlmə olduqları barədə iri məqalələr çap edilir, radio və televiziyada verilişlər təşkil olunurdu.


Yeri gəlmişkən qeyd etmək lazımdır ki, artıq 1965-ci ildə gizli erməni terror ordusu «ASALA» da formalaşmışdır. Hətta təşkilatın komandanlığı «Mets yeğerni»nin 50 illiyi və «xalq qəhrəmanı» Ozanyan Andronikin anadan olmasının 100 illiyini eyni günə (24 aprel 1965-ci il) salaraq türk qırğınları törətmək planını cızmışdılar. Planın proqramına görə, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etməli, dinc əhalini kütləvi surətdə qırmalı idi. Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etmək, qırğınlar törətmək planlaşdırılırdı. Həmin vaxt radio və televiziya ilə bütün dünyaya elan etməli idilər ki, guya gizli silahlanmış azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər və bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişlər. Planda “ASALA” ümid edirdi ki, Sovet Ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyədən müəyyən torpaqlarını - Qars, Ərdəhan, İqdır və s. vilayətlərini tutmaq mümkün olacaq.


Bu məqamda plandan duyuq düşən insanlar Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular. Dövlət təcili tədbir görmək məcburiyyətində qaldı. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçi keşikçilər qoyuldu, orduya sayıq olmaq tapşırığı verildi. Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin yuxarıda deyilən kimi, İrəvanda Lenin Meydanında mitinq keçirildi. Hərbi hissədən mitinqçilərə dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur). Sonrakı günlər isə xüsusən, 1965-ci ilin 23-24-25-ci aprel günlərində keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatdı. İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxaraq “genosid” qurbanlarının xatirəsinə ucaldılmış memorial tikinti yerinə doğru axışırdı. Nümayişçilərin önündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdı. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və «Böyük Ermənistan», «Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!», «İntiqam!», sözləri yazılmış şüarlar aparılırdı.


Bu hadisədən sonra Ermənistan SSR-nin azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü.


Azərbaycanlılar Moskvaya (xüsusən Quqark rayonundan) həm ərizə, teleqramlar vasitəsi ilə xəbərdarlıq etmiş, həm də nümayəndə göndərmişlər. Beləliklə, azərbaycanlıların şikayəti Sovet İKP MK siyasi bürosunun iclasında müzakirə olundu; Quqark rayonunda «beynəlmiləl tərbiyənin vəziyyəti» mövzusunda məsələyə baxıldı və beynəlmiləl tərbiyəni yaxşılaşdırmaq üçün tövsiyələr edildi. Respublika miqyasında isə heç kim cəzalandırılmadı. Yalnız Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Y. Zarobyan vəzifədən azad edilərək 1966-cı il fevral ayında SSRİ Elektrotexnika Sənayesi nazirinin müavini vəzifəsinə təyin olundu. Ermənistanda yaşayan azərbaycanlıların məşəqqətli həyatı olduğu kimi qaldı.


Təəssüf ki, uzun illər çar Rusiyasının və SSRİ-nin avantürist siyasəti sayəsində ermənilərin Qərbi Azərbaycan türklərinə qarşı tətbiq etdikləri 9 deportasiya və soyqırım siyasəti öz siyasi qiymətini dünya miqyasında ala bilmədi.


Türkiyədən və Azərbaycandan torpaq qoparmaq uğrundakı çarpışmalarda məğlub olan ermənilər mübarizə taktikasını dəyişdilər. Bu mübarizə yolunun biri köhnə taktikaları olan terrorçuluq, digəri isə «Böyük Ermənistan» uğrunda pul toplamaq oldu. Onu da qeyd etmək lazımdır ki, ermənilərin daşnaq partiyası Yer kürəsində yeganə partiyadır ki, öz nizamnaməsində terrorçuluğa yer verir. Bu terrorçuluqla da müəyyən niyyətlərinə çatırlar.


«Əzabkeş erməni xalqı»nın üçün yığılan ianə həm xarici erməni diasporu tərəfindən, həm də SSRİ-də yaşayan erməni əhalisi tərəfindən toplanırdı. Həmçinin SSRİ-də pul müxtəlif ictimai təşkilatlar (tarixi abidələrin qorunması, təbiətin qorunması və s.) adından da toplanırdı. «Böyük Ermənistan» adına pul verməyən erməniləri hətta cəzalandırırdılar. Bunu 1988-ci il 28-29 fevralda Sumqayıt hadisəsi, 1990-cı ilin 13-17 yanvarında Bakı hadisələri sübut edir. Ermənilər tərəfindən hazırlanan bu aksiyalarda ermənilər «Böyük Ermənistan» fonduna pul verməyən erməniləri qətlə yetirmişlər, həm də istintaqda müəyyən edilmişdir ki, qeyd edilən aksiyalar ermənilər tərəfindən Moskvanın razılığı ilə törədilmişdir.

Toplanan pullar Eçmiəzdin kilsəsinin adı ilə xarici banklara daxil edilirdi. 1965-ci ildə yalançı «erməni soyqırımı»nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, «Böyük Ermənistan» uğrunda 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. Onlar etiraf edirdilər ki pul toplamaqda məqsəd Türkiyədən və İrandan (Cənubi Azərbaycan nəzərdə tutulurdu) “erməni” torpaqlarını almaqdır. Məhz bu pulla daşnaqlar terrorçu erməni ordusu “ASALA”-nı yaratdılar.


Sovet İttifaqında “ASALA”-nın ilk fəaliyyətləri Moskvada metronun partladılması, Ermənistanda hərbi silah anbarlarından silahların oğurlanması, Sumqayıt və Bakıda erməni talanları, Özbəkistanda SSRİ prokurorluğunun məsul işçisi Qdlyanın rəhbərliyi ilə Ahıska türklərinin talanı, Masis və Quqark soyqırımları və sair faktları qeyd etmək olar.