Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayəti

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti Dağlıq Qarabağa gəldikdə, Ermənistan SSR-in Azərbaycanın bu hissəsinə olan ərazi iddialarına cavab olaraq, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu qərar qəbul etmişdir ki: Müsəlmanlar ilə ermənilər arasında milli sülhün zərurətini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrinin vacibliyini və Yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılsın və Şuşa şəhəri inzibati mərkəz olmaqla, Dağlıq Qarabağa geniş muxtariyyət verilsin.

7 iyul 1923-cü il tarixində əhalisinin əksəriyyətini ermənilər təşkil edən Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Muxtariyyətin inzibati mərkəzi kimi Xankəndi şəhəri müəyyənləşdirildi. 1923-cü ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək, daşnak və “bolşevik” lideri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

DQMV-nin sərhədləri elə müəyyənləşdirilmişdi ki, erməni əhalisinin çoxluğu təmin edilsin. 12 yanvar 1989-cu il tarixli əhalinin siyahıya alınmasına əsasən, muxtar vilayətin əhalisinin sayı təxminən 189 min nəfər təşkil etmişdir. Onlardan təxminən 139 mini erməni (73,5 faiz), təxminən 48 mini azərbaycanlı (25,3 faiz) və təxminən 2 mini digər millətlərin nümayəndələri (1,2 faiz) idi. Ermənistanda o vaxt kompakt şəkildə yaşayan 200 000 min azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən belə imtina edilmişdir.

Dağlıq Qarabağın erməni əhalisinə qarşı ayrı-seçkilik iddialarına gəldikdə, tənqidi araşdırmalar bunun əksini sübut edir: DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi.

Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 16 iyun 1981-ci il tarixində qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunla tənzimlənirdi. Milli ərazi vahidi kimi DQMV inzibati muxtariyyət formasına və əhalisinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. Keçmiş SSRİ-nin Konstitusiyasına uyğun olaraq, DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu.

DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi. O, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi. Erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Erməni dilində yerli televiziya və radio verilişləri, qəzet və jurnalların nəşri təmin edilirdi.

1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, ötən 15 ildəkindən 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 il ərzindəkinə nisbətən adambaşına kapital sərmayələrinin həcmi təxminən 4 dəfə artmışdı (1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl). Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m. təşkil edirdisə, DQMV-də bu rəqəm 4.76 kv.m. idi. 10 000 nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15 faiz artıq idi.

DQMV məktəbəqədər yerlərin sayına görə respublikanın rayonları arasında nisbətən yüksək yer tuturdu. Belə ki, 1971-1985-ci illər ərzində vilayətdə 10 000 nəfərə düşən uşaq müəssisələrinin sayı respublika üzrə orta göstəricidən 1,4 dəfə artıq idi. Bu həmçinin ümumtəhsil məktəblərində 10 000 nəfər əhaliyə olan yerlərin sayına da aiddir və bu məsələdə DQMV 1,6 dəfə irəlidə idi.

Ümumiyyətlə, mənzil, mal və xidmətlərin təmin edilməsinə görə DQMV-nin göstəricilərinin respublika göstəricilərindən yüksək olması faktı vilayətin sosial və mədəni inkişafı üçün xarakterik idi. DQMV mənzillərində adambaşı yaşayış sahəsi respublikadakı orta göstəricilərdən təxminən 0,3 dəfə, kənd əhalisinin yaşayış sahəsi isə respublikada kəndlilərə məxsus yaşayış sahəsindən, demək olar, 1,5 dəfə artıq idi.

Vilayət əhalisinin daha böyük saylı orta səviyyəli tibbi personalın (1,3 dəfə artıq) xidmətlərindən və xəstəxana çarpayılarından (3 faiz artıq) istifadə etmək imkanı var idi. Mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə (3 dəfə artıq kinoteatr və klub və 2 dəfə artıq kitabxana) mövcud idi. Hər 100 oxucuya 1,6 dəfə artıq kitab və jurnal düşürdü.

Əslində DQMV bütövlükdə Azərbaycanla müqayisədə daha sürətlə inkişaf edirdi. Məsələn, 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmışdı (artımın sürəti 8,3 faiz yüksək idi). 1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdi; respublika üzrə bu rəqəm 2,5 idi. Əsas sosial inkişaf göstəricilərinə gəldikdə, DQMV bu sahədə də ümumrespublika yaşayış göstəriciləri standartlarını qabaqlayırdı. Bütün respublikada, o cümlədən vilayətdə mədəniyyət müəssisələrinin inkişafında əhəmiyyətli tərəqqi müşahidə olunurdu.

1988-1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilini tədris dili kimi istifadə edən 136 orta ümumtəhsil məktəbi (16 120 şagird) və 13 beynəlxalq məktəb (7 045 şagird) mövcud idi. Ümumiyyətlə, Azərbaycanda qeyd olunan tədris ili ərzində 181 erməni (20 712 şagird) və 29 beynəlxalq (12 766 şagird) məktəb fəaliyyət göstərirdi. Xankəndi Dövlət Pedaqoji İnstitutunda əksəriyyəti ermənilərdən ibarət 2 130-dan artıq tələbə Azərbaycan, erməni və rus bölmələrində təhsil alırdı. Bundan əlavə, Dağlıq Qarabağda erməni və rus dillərində təhsil verən onlarla ixtisaslaşdırılmış orta məktəb və peşə hazırlıq məktəbi mövcud idi.

Erməni dilində beş müstəqil dövrü nəşr çapdan çıxırdı. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq, DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi.

Yuxarıda qeyd olunduğu və DQMV-nin Azərbaycanın tərkibində mövcudluğu və inkişafının göstərdiyi kimi, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.

DİPLOMATİYA ALƏMİ JURNALİ