Əsas faktlar

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi Qarabağ adlandırılan coğrafi ərazinin hissəsidir. Bu ərazi cənubda Araz çayından şimalda Kür çayınadək və şərqdə Kürlə Araz çaylarının qovşağından qərbdə Kiçik Qafqaz dağlarının şərq silsiləsinədək torpaqları əhatə edir.

Qədim zamanlardan 19-cu əsrin əvvəllərində ruslar tərəfindən işğal olunanadək Qarabağ ərazisi müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur. 14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim xan və rus imperatorunun nümayəndəsi Sisianov arasında Kürəkçay müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi.

Şimali Azərbaycan xanlıqlarının – Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla – Rusiya tərəfindən işğalı 12 oktyabr 1813-cü il tarixində Rusiya ilə İran arasında imzalanmış Gülüstan sülh müqaviləsində də öz əksini tapmışdır. 10 fevral 1828-ci il tarixində imzalanmış Türkmənçay müqaviləsinə əsasən isə, Naxçıvan və İrəvan xanlıqları Rusiya tərəfindən işğal edildi.

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməyə və Azərbaycan əraziləri süni bölgülərə məruz qalmağa başladı.

Vaxtilə Azərbaycana məxsus ərazilər Rusiya İmperiyası çərçivəsində bir sıra qanunlara uyğun olaraq, müxtəlif inzibati hissələrə parçalandı. Ən son inzibati bölgüyə əsasən, Azərbaycan Bakı, Yelizavetpol və İrəvan quberniyaları və Zaqatala mahalına bölünmüşdü. Yelizavetpol quberniyasına hazırda Ermənistanın hərbi işğalı altında olan ərazilər də daxil idi.

1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı irimiqyaslı qanlı aktlar həyata keçirmişlər. Bakıda başlanan vəhşiliklər Azərbaycanın bütün ərazisi və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərinə yayılmışdı. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış və yer üzündən silinmiş, minlərlə dinc əhali vəhşicəsinə qətlə yetirilmişdi.

Birinci Dünya müharibəsi və Rusiyada 1917-ci ilin Fevral və Oktyabr inqilablarından sonra yaranmış vəziyyətdən istifadə edərək, ermənilər bolşevizm bayrağı altında öz məqsədlərini reallaşdırmağa başladılar. Belə ki, əks-inqilabçı ünsürlərlə mübarizə şüarları altında 1918-ci ilin mart ayında Bakı kommunası bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. Minlərlə azərbaycanlı yalnız öz etnik mənsubiyyətinə görə Bakı ilə yanaşı, Azərbaycanın Şirvan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrində də qətlə yetirilmişdir. Bu ərazilərdə mülki əhali kütləvi şəkildə qırılmış, kəndlər yandırılmış və milli mədəniyyət abidələri dağıdılaraq məhv edilmişdir.

28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikası (ADR), həmin tarixdə də Ermənistan Respublikası yaradılmışdır. ADR-in Müstəqillik Bəyannaməsində qeyd edilir ki, “Bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqlara malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan da müstəqil hüquqi bir dövlətdir”.

1919-cu ilin aprel ayında Antanta dövlətləri yanvar ayında ADR hökuməti tərəfindən mərkəzi Şuşa olmaqla yaradılmış Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət müvəqqəti Qarabağ general-qubernatorluğu üzərində Azərbaycanın hakimiyyətini və Xosrov bəy Sultanovu qubernator kimi tanıdı. Həmin ildə Dağlıq Qarabağın Erməni Milli Şurası da Azərbaycanın hakimiyyətini rəsmən tanıdı.

28 aprel 1920-ci il tarixində Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradılmışdır. Faktlar sübut edir ki, 70 ildən artıq Sovet hakimiyyəti dövründə ermənilər öz ərazilərinin Azərbaycan hesabına genişləndirilməsi və azərbaycanlıların öz tarixi torpaqlarından qovulub-çıxarılmasına nail olmuşlar. Məqsədyönlü və sistemli şəkildə həyata keçirilən bu siyasət nəticəsində 1918-1920-ci illərdə 114.000 kv.km ərazisi olan Azərbaycan Sovet dövründə 86.600 kv.km-ə qədər kiçildi.

30 noyabr 1920-ci il tarixində Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın tərkibinə daxil edilmişdir. Nəticədə Naxçıvan bölgəsi Azərbaycanın əsas ərazisindən ayrı düşmüşdür.

13 oktyabr 1921-ci il tarixində bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR və digər tərəfdən Türkiyə arasında Qarsda Rusiya Sovet Federativ Sosialist Respublikasının iştirakı ilə Dostluq haqqında Müqavilə imzalanmışdır. Müqavilənin 5-ci maddəsində Türkiyə, Ermənistan və Azərbaycan hökumətləri razı olduqlarını bildirmişlər ki, “Naxçıvan vilayəti […] Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.

12 mart 1922-ci il tarixindən 5 dekabr 1936-cı il tarixinədək Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə daxil olmuşdur. Azərbaycanın ZSFSR-ə qəbul olunmasına qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya İmperiyası sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdi. Azərbaycan ZSFSR-ə qəbul edildikdən sonra Qazax qəzasının xeyli hissəsi, Cəbrayıl qəzası və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR) bir sıra kəndləri Ermənistanın tərkibinə daxil edildi.

Xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsi ilə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixlərində kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-də Kür-Araz ovalığına köçürülməsi haqqında xüsusi qərarlar qəbul etdi. Bu qərarlara əsasən, 1948 və 1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı zor gücünə öz tarixi doğma torpaqlarından – Ermənistanın dağlıq rayonlarından – o zaman susuz Muğan və Mil çöllərinə köçürülmüşdür.

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ