Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplomatik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bundan sonra - akkreditə olunmasını) tənzimləyir.

1.2. Akkreditə olunma Nazirliyin Dövlət Protokolu İdarəsi tərəfindən həyata keçirilir.

1.3. Nazirlik tərəfindən akkreditə olunmuş şəxslər diplomatik nümayəndəliklərin heyət üzvləri kimi tanınır.

1.4. Nazirlik tərəfindən aşağıda göstərilən kateqoriyalara aid şəxslər akkreditə olunur:

1.4.1. Diplomatik heyətin üzvləri, onların ailə üzvləri;

1.4.2. İnzibati-texniki heyətin üzvləri, onların ailə üzvləri;

1.4.3. Xidmətçi heyət, heyət üzvü olmayan özəl ev işçiləri, Azərbaycanda daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşları, üçüncü dövlətlərin vətəndaşları;

1.4.4. Diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşları;

1.4.5. Fəxri konsullar.

1.5. Ailə üzvləri qismində diplomatik nümayəndəliyin diplomatik və ya inzibati-texniki heyət üzvünün həyat yoldaşı və 18 yaşına çatmamış uşaqları nəzərdə tutulur. Diplomatik nümayəndəliyin heyət üzvü ilə rəsmi nikahda olan şəxs həyat yoldaşı kimi qəbul olunur. Partnyor münasibətlərində olan şəxslər və eynicinsli nikahda olan şəxslər həyat yoldaşı kimi qəbul olunmur.             

1.6. Qarşılıqlılıq prinsipi əsasında diplomatik nümayəndəliklərin  heyət üzvlərinin onlarla birlikdə yaşayan valideynlərinin və 18-25 yaşlarında olan uşaqlarının Nazirlik tərəfindən akkreditə olunması məsələsinə baxıla bilər.

 

2. Vəsiqələrin növləri

2.1. Nazirlik tərəfindən diplomatik nümayəndəliklərin diplomatik və inzibati-texniki heyət üzvlərinə, onların ailə üzvlərinə, xidmətçi heyətə, heyətin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycanda daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşlarına və fəxri konsullara aşağıda göstərilən növlərdə akkreditə vəsiqələri verilir:

2.2.    Diplomatik vəsiqə:

2.2.1. Diplomatik heyətin üzvlərinə və onların ailə üzvlərinə;

2.2.2. İqamətgahı Bakı şəhərində olmayan diplomatik nümayəndəliklərin başçılarına, həmin diplomatik nümayəndəliklərin diplomatik heyətinin bir nəfər üzvünə, hərbi (müdafiə, polis və ya sərhəd) məsələlər üzrə attaşelərinə;

2.2.3. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.2.4. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən diplomatik statusa, imtiyaz və immunitetlərə malik olan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin başçılarına, diplomatik pasporta malik əməkdaşlarına (Azərbaycan Respublikası vətəndaşları istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.3. Xidməti vəsiqə:

2.3.1. Diplomatik nümayəndəliklərin xidməti pasporta malik olan əməkdaşlarına və onların ailə üzvlərinə;

2.3.2. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azərbaycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olmayan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.3.3. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən imtiyaz və immunitetlərə malik olan, lakin xidməti pasporta malik olmayan beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin inzibati-texniki heyətinə (Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.4. Vəsiqə:

2.4.1. Diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitetlərə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzvlərinə;

2.4.2. Diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə;

2.4.3. Azərbaycan Respublikasında daimi yaşayan və diplomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlarına, üçüncü dövlətlərin vətəndaşlarına;

2.4.4. Diplomatik nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə;

2.5.   Fəxri konsul vəsiqəsi:

2.5.1. Xarici ölkələrin Azərbaycan Respublikasındakı fəxri konsullarına.

2.5.2.  Diplomatik nümayəndəliklərin heyətinin bu bənddə qeyd olunan üzvlərinə 1963-cü il tarixli "Konsulluq Əlaqələri haqqında” Vyana Konvensiyasında fəxri konsullara münasibətdə nəzərdə tutulmuş imtiyaz və immunitetlər şamil olunur.

2.5.3. Fəxri konsulların ailə üzvləri akkreditə olunmur.

2.6. Pasportunun növünə və tutduğu vəzifəyə görə diplomatik nümayəndəliyin heyət üzvünün qeyd olunan kateqoriyalardan hər hansı birinə uyğun gəlməsinə baxmayaraq, qarşılıqlılıq prinsipi əsasında Nazirlik diplomatik nümayəndəliyin heyət üzvünün statusunu aydınlaşdırmaq və ona verilən vəsiqənin kateqoriyasını müəyyən etmək hüququna malikdir.

2.7. Bütün vəsiqələr 2 il müddətinə  etibarlıdır.

2.8. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin imtiyaz və immunitetləri 18 aprel 1961-ci il tarixli  Diplomatik əlaqələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.

 

3. Vəsiqələrin verilməsi

3.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:

3.1.1. Verbal nota;

Ölkəyə daxil olduqdan və ya işə qəbul olunduqdan sonra 10 iş günü ərzində akkreditə haqqında verbal nota göndərilir. Notada, akkreditə olunan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunur.

3.1.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.1.3. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haqqında başlıca  məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkli, pasportun növünü göstərən) surəti, Azərbaycan Respublikası vətəndaşının isə şəxsiyyət vəsiqəsinin surəti;

3.1.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.2. Anket doldurularkən ev ünvanının olmadığı təqdirdə, ev ünvanı məlum olduqdan sonra və ya ünvan dəyişdirildiyi zaman bu barədə məlumat 15 iş günü ərzində verbal nota ilə Nazirliyə bildirilməlidir.

3.3. Akkreditə vəsiqəsinin etibarlılıq müddəti bitdiyi və ya akkreditə vəsiqəsinin sahibinin vəzifəsi dəyişdiyi zaman, həmin vəsiqənin yenilənməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim edilir:

3.3.1. Verbal nota;

Verbal notada, akkreditə olunan şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalıdır.

3.3.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.3.3. Etibarlılıq müddəti bitən və ya dəyişdirilən vəsiqənin surəti;

3.3.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.4. Akkreditə vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3.5. Yeni akkreditə vəsiqələri təhvil alındığı zaman, etibarlılıq müddəti bitmiş və ya  dəyişdirilən akkreditə vəsiqələrinin əsli Nazirliyə təhvil verilir.

3.6. Akkreditə vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin əldə olunması üçün Nazirliyə aşağıda qeyd olunan sənədlər təqdim edilir:

3.6.1. Verbal  nota;

Verbal notada, akkreditə vəsiqəsinin sahibinin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalı, akkreditə vəsiqəsinin itirilmə, oğurlanma və ya yararsız vəziyyətə düşmə hallarından biri göstərilir.

3.6.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.6.3. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.7. 3.1 – 3.6 bəndlərində qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra akkreditə vəsiqələri 15 iş günü ərzində hazırlanaraq, aşağıda göstərilən qaydada verilir:

3.7.1. Diplomatik nümayəndəliyin diplomatik heyət üzvlərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaşı tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaş tərəfindən təhvil alınması mümkündür.

3.7.2. Diplomatik nümayəndəliyin inzibati-texniki heyət üzvlərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı tərəfindən təhvil alınması mümkündür;

3.7.3. Diplomatik nümayəndəliyin xidmətçi personalına, heyətinin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlara, üçüncü dövlətlərin vətəndaşlarına məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən  təhvil alınır;

3.7.4. Fəxri konsullara məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən  təhvil alınır.

 

4. Vəsiqələrin qaytarılması

4.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin Azərbaycan Respublikasındakı fəaliyyət müddəti başa çatdığı və ya diplomatik nümayəndəlikdəki iş fəaliyyəti bitdiyi gündən 10 iş günü ərzində həmin şəxsə məxsus akkreditə vəsiqəsi aşağıda qeyd olunan sənədlərlə birlikdə mütləq qaydada Nazirliyə qaytarılır:

4.1.1. Verbal nota;

Verbal notada, fəaliyyət müddəti başa çatmış şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə qeyd olunmalıdır.

4.1.2. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş bir nüsxədə “Missiyanı tərk etmə haqqında bildiriş” (Notification form of departure) (əlavə 2).

4.2. Akkreditə vəsiqələri Nazirliyə qaytarılmadığı təqdirdə, diplomatik nümayəndəliklərin yeni heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün müraciətlərə baxılmır.

 

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ