Azərbaycan Respublikası Hökumətinin BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə 2-ci dövri məruzəsinin layihəsi
I. İkinci dövri məruzənin hazırlanması.
BMT-in İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikasının ikinci dövri məruzəsi, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Sərəncamı əsasında yaradılan İşçi Qrupu tərəfindən hazırlanmışdır. İşçi qrupuna rəhbərlik edən Xarici İşlər Nazirliyi, ikinci dövri məruzəni Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi, Mədəniyyət və turizm Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və idman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokurorluq, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Mərkəzi Seçki Komissiyası, Milli Təhlükəsizlik Nazirliyi və Müdafiə Nazirliyi ilə birgə hazırlamışdır. BMT-nin Baş Assambleyasının 17/119 saylı “Universal Dövri İcmal ilə bağlı İnsan Hüquqları Şurasının 16/21 saylı qətnaməsinin davamı” adlı qətnaməsinə uyğun olaraq, ikinci dövri məruzədə icmal zamanı qəbul edilmiş tövsiyələrin həyata keçirilməsi və insan hüquqlarının təşviq və müdafiəsinin inkişaf etdirilməsi üzrə  əldə edilmiş nailiyyətlər barədə məlumat əks olunmuşdur.
 
BMT-in İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının birinci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi məqsədilə 22 dekabr 2010-cu il tarixində müxtəlif dövlət orqanları nümayəndələrini özündə birləşdirən İşçi Qrupu yaradılmış və  Azərbaycan Respublikası birinci məruzəsinə dair yekun rəydə verilmiş tövsiyələrin həyata keçirilməsi üzrə aralıq hesabatını 2012-ci il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinə təqdim etmişdir. İkinci dövri məruzə hazırlanarkən, sözügedən İşçi Qrupunun rəy və təklifləri nəzərə alınmışdır.
 
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il Sərəncamı əsasında Azərbaycan Respublikasının ikinci dövri məruzəsi hazırlanarkən, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edilmişdir.
 
II. İnsan hüquqlarının müdafiəsi və təbliğində hüquqi və institusional mexanizmlər.
 
Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı.
 
BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 4-cü sessiyası zamanı Azərbaycan Respublikasında inan hüquq və əsas azadlıqlarının vəziyyəti üzrə keçirilmiş baxış zamanı irəli sürülmüş tövsiyələrdə (A/HRC/11/20 saylı, 29 may 2009-cu il tarixli sənəd) göstərilən məsələlər Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi səmərəliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramında öz əksini tapmışdır. 
Milli Fəaliyyət Proqramında digər aidiyyəti tədbirlərlə yanaşı, aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
- Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilələrə qoşulması ilə bağlı tədbirlərin davam etdirilməsi;
- İnsan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılması;
- İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi;
- BMT-nin ixtisaslaşmış təsisatları və beynəlxalq regional təşkilatlar ilə birgə layihələrin hazırlanması və həyata keçirilməsi;
- Minilliyin İnkişaf məqsədlərinin təbliği və həyata keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s.
Bundan başqa, Milli Fəaliyyət Proqramı nəzərdə tutulmuş sahələr üzrə konkret məsul dövlət orqanlarını müəyyən edir. 
Milli Fəaliyyət Proqramının həyata keçirilməsi zamanı müvafiq icra orqanları vətəndaş cəmiyyəti instituları ilə sıx əməkdaşlıq edir. Milli Fəaliyyət Proqramı üzrə icra orqanları nümayəndələrindən ibarət Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupu öz fəaliyyəti barədə müntəzəm surətdə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir. 
 
Normativ-hüquqi bazanın təkmilləşdirilməsi.
 
İnsan hüquqlarının müdafiəsi və təbliği Azərbaycan dövləti üçün prioritet məsələlərdəndir. Azərbaycan Respublikası Konstitusiyasnın 12.1-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu məqsədlə mütəmadi olaraq normativ hüquqi aktlar qəbul olunur və onların səmərəli icrası üçün nəzarət mexanizmləri yaradılır. 
 
Birinci milli məruzənin baxışından sonra digər tədbirlərlə yanaşı, aşağıdakı qanunlar qəbul olunmuşdur:
 
“Təhsil haqqında” Qanun (19 iyun 2009);
“Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanun (22 iyun 2010); 
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun (22 may 2012);
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun (22 may 2012).
 
Azərbaycan Respublikası Konstitutiyasının 71.6-cı maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. 148.2-ci maddəyə görə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 
 
Son dörd ildə Azərbaycan Respublikası insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əhəmiyyət kəsb edən aşağıdakı beynəlxalq müqavilələrə qoşulmuşdur:
 
“Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” YUNESKO Konvensiyası (26 noyabr 2009);
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası (11 may 2010);
Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyası (11 may 2010);
Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi  haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyası (11 may 2010);
“Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Saziş (29 iyun 2012).
 
III. İnsan hüquqları sahəsində həyata keçirilən tədbirlər və tövsiyələrin icrası.
 
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq, dövlətdaxili qanunların beynəlxalq öhdəliklərə uyğunluğunu təmin etmək və qanunvericiliyi İşgəncələrə qarşı Konvensiyanın müddəalarına uyğunlaşdırmaq  (1 nömrəli tövsiyə).
 
Azərbaycan Respublikası 15 iyun - 17 iyul 1998-ci il tarixində keçirilmiş Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Səlahiyyətli Nümayəndələrin BMT Diplomatik Konfransında (Roma Konfransı) təmsil olunmuş və Konfransın yekun aktının qəbul edilməsində iştirak etmişdir. 1998-ci ildən indiyə qədər Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi ilə onun yurisdiksiyasına daxil olan müxtəlif cinayətlər və onların cəzalandırılması mexanizmi ilə bağlı müzakirələr hələ də davam etməkdədir. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsi özü-özlüyündə hələ də tam formalaşma prosesini başa çatdırmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası indiki məqamda Məhkəmə ilə bağlı aparılan formalaşma prosesini davamlı olaraq izləyir. Bu proses başa çatdıqdan sonra isə sözügedən Nizamnaməyə mümkün qoşulma məsələsi Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən yenidən nəzərdən keçirilə bilər. Qeyd olunmalıdır ki, Nizamnamədə mümkün iştirak üçün Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında düzəlişlərin edilməsi barədə təkliflərin Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən hərtərəfli öyrənilməsinə ehtiyac olacaqdır. Bununla əlaqədar, Nizamnamənin formalaşması prosesinin başa çatması Nizamnamədə iştirak baxımdan çox vacibdir. 
 
İşgəncə və digər qəddar qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza əleyhinə mübarizə sahəsində görülmüş tədbirlər:
 
Azərbaycan Respublikası 31 may 1996-cı il tarixli Qanunla Birləşmiş Millətlər Təşkilatının 1984-cü il “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası”na qoşulmaqla işgəncə hərəkətlərinin qarşısının alınması məqsədi ilə təsirli qanunvericilik, inzibati, məhkəmə və digər tədbirlərin görülməsi ilə bağlı üzərinə öhdəliklər götürmüş və dövlət tərəfindən bu istiqamətdə bir sıra ardıcıl və məqsədyönlü addımların atılması təmin edilmişdir. Belə ki, şəxsə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fıziki ağrı və ya psixi iztirablar yetirmə işgəncə vermə cinayəti kimi müəyyən edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu əmələ görə məsuliyyət nəzərdə tutan 133-cü maddə təsbit edilmişdir. Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Komitəsinin 2009-cu il noyabrın 9-11-də Cenevrə şəhərində keçirilmiş 43-cü sessiyasında “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiya üzrə Azərbaycan Respublikasının 3-cü dövri hesabatının müzakirəsi zamanı Komitə üzvlərinin tövsiyəsinə əsasən cinayətin subyekti qismində vəzifəli şəxs və ya onun təhriki ilə hərəkət edən şəxsi nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.3-cü maddəsinin Konvensiyanın tələblərinə tam uyğunlaşdırılmaqla daha çox məişət zorakılığına aid olan Cinayət Məcəlləsinin 133.1 və 133.2-ci maddələrindən fərqləndirilməsi, yəni müstəqil norma kimi təsbit edilməsinin məqsədəmuvafiqliyi barədə Baş Prokurorluq tərəfindən müvafiq təklif verilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli Qanununa əsasən Cinayət Məcəlləsinin 133-cü maddəsinin adında “İşgəncə” sözü “Əzab” sözü ilə əvəz edilmiş, həmin Məcəllənin 133.3-cü maddəsi ləğv edilmiş, Cinayət Məcəlləsinin 293-cü maddəsi “İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza” adlandırılmaqla yeni redaksiyada verilmiş və həmin maddənin subyekti kimi “xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər” müəyyən edilmişdir. 
 
Azərbaycan Respublikası 28 yanvar 2009-cu il tarixində İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyaya Əlavə Protokola qoşulmuşdur və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) 13 yanvar 2009-cu il tarixində Əlavə Protokol üzrə Milli preventiv mexanizm kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi səmərəliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramında milli preventiv funksiyaların səmərəli yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
 
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, insan hüquq və azadlıqları dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148.2-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir və normativ hüquqi aktlar (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) və beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur. Konstitusiyanın bu tələbindən irəli gələrək bütün qəbul edilən qanun layihələrinin Konstitusiyaya və eləcə də Beynəlxalq qanunvericiliyə uyğunluğu əvvəlcədən nəzərdən keçirilir və ziddiyyət mövcud olduğu halda qanun layihələri beynəlxalq müqavilələrə uyğunlaşdırılır. Bu məqsədlə müvafiq qanun layihələri beynəlxalq təşkilatlarda ekspertizadan keçirilir və onların tövsiyələri nəzərə alınır. Bundan əlavə, 28 dekabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğu təmin edilir.
 
İnsan hüquqlarının təşviqi və bu sahədə qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq  (2, 3, 29, 30 və 32 nömrəli tövsiyələr).
 
İnsan hüquqlarının təşviq və müdafiə edilməsində səmərəliliyin artırılması
 
İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində institusional və siyasi mexanizmlərinin gücləndirilməsi istiqamətində əhalinin məhəkəmələrə müraciət etməsinin asanlaşdırılması məqsədilə təkcə son 5 ildə ölkəmizdə 20-dək yeni regional, o cümlədən, apellyasiya və ağır cinayətlər məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Dövlət orqanları tərəfindən vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınmasında inzibati ədliyyənin xüsusi əhəmiyyəti nəzərə alınaraq ölkənin 7 bölgəsində inzibati-iqtisadi məhkəmələr təsis olunmuş və 2011-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə artaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Hakimlərin maddi təminatının yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində olmuş, 2000-ci illə müqayisədə onların əmək haqları orta hesabla 30 dəfə artırılmışdır. 
 
Habelə, insan hüquqları sahəsində institusional tədbirlərin gücləndirilməsi ilə əlaqədar bildirilməlidir ki, hazırda Avropa Komissiyası ilə birgə “Ədliyyə sahəsində İslahatlara Dəstək Proqramı” icra olunur. Proqramın əsas məqsədi qanunun aliliyi və insan hüquqlarının qorunmasını təşviq etməklə Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsini dəstəkləməkdir. Proqram 3 istiqamət – regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, penitensiar sistemin islahatlarına dəstək göstərilməsi üzrə tədbirləri nəzərdə tutur. 
 
Korrupsiyaya qarşı mübarizə və insan hüquq və əsas azadlıqlarının təşviq və təmin edilməsində səmərəliliyin artırılması
 
Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinə uyğun olaraq 2011-ci il 24 iyun tarixli Qanunla Cinayət Məcəlləsində bir sıra mühüm dəyişikliklər edilmişdir. Məcəllənin otuz üçüncü fəslinin adı sadələşdirilərək yeni redaksiyada verilmiş (Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə görə məsuliyyətə cəlb olunan vəzifəli şəxslərin dairəsi, cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi məsələləri dəqiqləşdirilmişdir. 
 
Həmçinin, Cinayət Məcəlləsində 2012-ci il 7 mart tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən Məcəllənin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq), 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq), 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), 313-ci (Vəzifə saxtakarlığı) və digər maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması müəyyən edilmişdir. 
 
“Normativ hüquqi aktlar haqqında” 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununa əsasən normativ hüquqi aktların layihələrinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar ekspertizasına xüsusi diqqət yetirilir və qanunvericiliyə müvafiq olaraq respublikada qəbul edilən bütün normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə (huquqiaktlar.gov.az) daxil edilir.
 
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa da mühüm əhəmiyyət verilir. Azərbaycan 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) təşkilatçılarından biri kimi onun işində fəal iştirak edir, respublikanın ədliyyə naziri qurumun vitse-prezidentidir.
 
Yerli və milli müəssisələrdə şəffaflığı və ölkənin potensialını səmərəli etmək məqsədilə dövlət başçısının 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planları təsdiq edilmişdir. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.
 
Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə yeni, beynəlxalq təşəbbüs olan Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası  Beynəlxalq Antikorrupsiya Akademiyasının təsisçi dövlətlərindən biridir və “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə 29 iyun 2012-ci il tarixində qoşulmuşdur. 
 
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqi üçün, əsasən, aşağıdakı tədbirlər görülmüşdür:
 
İnformasiya azadlığının təmin edilməsi sahəsində
 
2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun icrasına nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) həvalə edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər görülmüşdür. Dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər müəyyən edilmişdir.
 
Elektron xidmətlərin təşkili sahəsində
 
2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.
 
Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcəkdir. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədləri aşağıdakılardır:
- vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
- vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
- peşəkarlıq səviyyəsinin artırılması;
- dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
- şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
- elektron xidmətlərdən daha geniş istifadə olunması;
- bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.
 
Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsi sahəsində
 
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yanında fəaliyyət göstərən işçi qruplarda qeyri-hökumət təşkilatlarının üzvlüyü təmin edilmişdir. 2005-ci ildə Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının Məlumat və İnformasiya Şəbəkəsi təsis edilmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Şəbəkəyə üzv olmuşdur. Şəbəkə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə əlaqədar bütün qanunvericilik layihələri üzrə ictimai dinləmələr keçirmişdir. 
 
Azərbaycan Respublikasına ünvanlanan müvafiq tövsiyə ilə bağlı bildirik ki, İnsan Hüquqları üzrə Müvəkkil Üniversal Dövri İcmal üzrə tövsiyələrin icrasına müstəqil monitorinq mexanizmi kimi nəzarəti həyata keçirir. Bütün tövsiyələrin yerinə yetirilməsi məqsədilə Müvəkkil QHT-lərlə, ictimaiyyətlə, vətəndaş cəmiyyəti ilə yaratmış olduğu səmərəli əməkdaşlıq əlaqələrini davam etdirmişdir. Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ölkəmizin bütün şəhər və rayonlarında keçirilmiş ictimai dinləmələrdə vətəndaş cəmiyyəti institutlarının, yerli QHT və icmaların iştirakı təmin edilmişdir. 
 
İnsan hüquqları üzrə maarifləndirmə və təlimlər
 
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Prorqamında insan hüquqları üzrə maarifləndirilmə işlərinin genişləndirilməsi məqsədilə aşağıda qeyd edilən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
- insan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi;
- ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi;
- insan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin və ya şəbəkələrinin yaradılması;
- İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılması;
- İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi;
- Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi;
- İnsan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi.
 
Bundan başqa, Azərbaycan Respublikasının bütün müvafiq qurumları insan hüquqlarının təşviqi üzrə beynəlxalq təşkilatlarla (BMT-nin insan hüquqları üzrə Ali Komisarlığı, ATƏT, Avropa Şurası və digər ixtisaslaşdırılmış qurumlar) davamlı əsasda birgə layihələr həyata keçirirlər. Bundan əlavə, insan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, rəhbər təhsil işçiləri tərəfindən öyrədilməsi həyata keçirilməkdədir. Bu sahədə xüsusilə Azərbaycan Respublikası Təhsil Nazirliyi insan Hüquqlarının öyrədilməsi istiqamətində əməkdaşlıq etdiyi  UNICEF, Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Ümidli Gələcək” Gənclər təşkilatı, ABA/CELLI  təşkilatı, “Təmiz Dünya”, “Beynəlxalq Miqrasiya təşkilatı”, Almaniyanın Konard Adenauer Fondu, və “Uşaqların xilası” təşkilatları ilə birgə layihə və proqramlar həyata keçirilməkdədir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan Hökuməti üçün prioritet məsələ olan insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində İnsan Hüquqları Şurası, İnsan Hüquqları üzrə Ali Komissarlıq və eləcə də digər insan hüquqları mexanizmləri ilə əməkdaşlıq etməyə hazırdır.
       
Gənclər və İdman Nazirliyi tərəfindən 11-13 iyun 2012-ci il tarixlərdə “Hüquqlarını tanı” devizi altında “Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması” mövzusunda Bakı şəhərində təlim kursu keçirilmişdir. Təlim kursu iştirakçıları “Gənclər evi” fəaliyyət göstərən rayonlardan (12 rayon) olan ictimai fəal gənclər olmuşdur.
 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən 19-21 sentyabr 2012-ci il tarixlərdə Bakı şəhərində gənclər təşkilatlarının nümayəndələri üçün “Hüquq mədəniyyətinin inkişaf etdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir.
 
20-22 noyabr 2012-ci il tarixlərdə Bakı şəhərində “Gənclər evi” fəaliyyət göstərən rayonlardan (15 rayon) olan ictimai fəal gənclər üçün “Uşaq hüquqlarının effektiv təbliğ olunması” mövzusunda təlim kursu keçirilmişdir. Tədbir BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuşdur. 
 
Könüllü vədini yerinə yetirmək və BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi
 
Proseduralarına dəvət göndərmək (5 nömrəli tövsiyə).
 
Bu tövsiyə ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası daim BMT-nin İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları ilə əməkdaşlıq edir və əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan Respublikası Hökuməti ölkəyə səfər sorğusu ünvanlayan BMT-nin xüsusi prosedurları- mandat daşıyıcılarını qəbul etmişdir. Belə ki, Hökumət Özbaşına həbslər üzrə İşçi Qrup (2009, 2012), Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə xüsusi məruzəçi (2008), Vəkillərin və hüquqşünasların müstəqilliyinin təmin edilməsi üzrə xüsusi məruzəçi (2009), Sərbəst toplaşmaq azadlığı üzrə xüsusi məruzəçi (2012) və Səhiyyənin mümkün olan bütün standartlarından istifadə üzrə üzrə xüsusi məruzəçinin (2012) ölkəmizə səfər sorğusuna cavab olaraq onlara dəvət məktubu göndərmişdir.  BMT-nin Baş Katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi 2010-cu ilin 19-24 may tarixində Azərbaycan Respublikasına səfər etmişdir. Səhiyyənin mümkün olan bütün standartlarından istifadə üzrə üzrə xüsusi məruzəçi  16 – 23 may 2012-ci il tarixində ölkəmizə səfər etmişdir. 
 
Ailə, qadın və uşaq hüquqlarının təminatı  (6, 7, 8, 9, 10, 11, 12, 22, 23, 26 nömrəli tövsiyələr).
 
Qadın hüquqlarının təşviq və müdafiəsi, məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin təminatı
 
Ünvanlanan tövsiyələrlə bağlı qeyd etmək lazımdır ki, 30 iyun 1995-ci  il  tarixdə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, 16 fevral 2001-ci il tarixdə isə həmin konvensiyanın fakultativ protokoluna qoşulmaqla qadın hüquqlarının mühafizəsi sahəsində təsirli qanunvericilik, inzibati, məhkəmə və digər tədbirlərin görülməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrası  istiqamətində bir sıra ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Bu sahədə 2010-cu ildə xarici dövlətlərin təcrübəsi nəzərə alınmaqla “Məişət zorakılığına qarşı mübarizə haqqında” xüsusi qanun qəbul olunmuşdur. Əvvəllər qanunvericilikdə təsbit edilməyən məişət zorakılığın anlayışı, onun qarşısının alınması ilə bağlı tədbirlər və s. məsələlər qanun səviyyəsində tənzimlənmişdir. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanı ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı 25 aprel 2012-ci il  tarixli 89 nömrəli Qərarla “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası” və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 
 
Müvafiq qərarlara əsasən hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası standartlarının hazırlanması istiqamətində işlər aparılır. Eyni zamanda, hazırda aidiyyəti dövlət qurumlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi, Daxili İşlər, Ədliyyə, Təhsil və Səhiyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları) nümayəndələrindən ibarət tərkibdə Akkreditasiyası Komissiyasının təşkil olunması nəzərdə tutulur. Komissiya QHT-lər tərəfindən yaradılacaq yardım mərkəzlərinin minimum standartlara uyğun olub-olmaması barədə qərar qəbul edəcək. Müvafiq standartlar əsasında yaradılacaq yardım mərkəzlərindən məişət zorakılığının qurbanları sığınacaq kimi də istifadə edə biləcəklər.
 
Azərbaycan Respublikası Hökuməti birinci dövri məruzəsinin baxışı zamanı verilən tövsiyələr nəzərə alınaraq, qadınlara qarşı ayrı-seçkliyin ləğv olunması ilə bağlı daha intensiv tədbirlər və maarifləndirmə kampaniyaları həyata keçirmişdir. Belə ki, bunların sırasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Üçüncü sektor” İctimai Birliyi ilə birgə 2010-cu ilin aprel-may aylarında regionlarda ailədə qadın və uşaqlara qarşı baş verən zorakılıq probleminə diqqətin artırılması, və bu sahədə işin gücləndirilməsi məqsədilə regionlarda həyata keçirdiyi “Ailədaxili zorakılığa qarşı mübarizə tədbirləri” layihəsini, 7 fevral 2011-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı qadın cəza çəkmə müəssisəsində həyata keçirdiyi “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunun təbliğatı məqsədi ilə geniş maarifləndirmə tədbirini və 12-14 noyabr 2009-cu il tarixində Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə Neftçala, Lənkəran və Kürdəmir şəhərlərində  qadınlar üçün həyata keçirdiyi “məişət zorakılığı və onu yaradan səbəblər” mövzusunda mühazirələri sadalamaq olar. 
 
Gender bərabərliyinin təmin edilməsi
 
Müvafiq tövsiyə ilə bağlı qeyd etmək istərdik ki, gender bərabərliyinin təşviqi ölkə qarşısında duran prioritet məsələlərdəndir. Belə ki, 10 oktyabr 2006-cı il tarixdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, həmin Qanunun qəbulu ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi məqsədi ilə 1 oktyabr 2007-ci il tarixli Qanun qəbul edilmiş, 1 aprel 2008-ci il tarixdə “Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 20-ci maddəsinin 1-ci bəndinə təklif edilmiş dəyişikliyin təsdiq edilməsi haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunları qəbul olunmuşdur. Ailə və Cinayət məcəllələrində 2011-ci il 15 noyabr tarixli qanunlarla edilmiş dəyişikliklərə görə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılmış, həmçinin Azərbaycan Respublikasının 15 noyabr 2011-ci il tarixli Qanunu ilə Cainayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə edilmişdir. 
 
Həmçinin, qadın və kişilərin bərabər imkanları ilə bağlı ictimai maarifləndirmə kampaniyaları davamlı xarakter daşımış, bu istiqamətdə dövlət və qeyri-dövlət təşkilatları sıx əməkdaşlıq etmişlər. 
 
Ana  və uşaqların sağlamlığı, reproduktiv sağlamlıq və ana ölümü hallarının azaldılması:
 
Azərbaycan Respublikası Hökuməti qarşısı alına bilən ana ölümü hallarının insan hüquqları meyarını və təhlükəsiz hamiləlik və doğuş xidmətlərini təmin edən müəssisələr imkanının yaradılmasının qadınların insan hüquqlarının təmin edilməsinin ayrılmaz tərkib hissəsi kimi tanıyır. Minilliyin 4-cü (Uşaq ölümünün azaldılması) və 5-ci (Anaların sağlamlığının qorunması) İnkişaf məqsədlərinə nail olunması “Ana və uşaqların sağlamlığının qoruması üzrə Tədbirlər proqramı” çərçivəsində həyata keçirilir. “Reproduktiv sağlamlıq haqında Milli Strategiya” Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin dəstəyi ilə hazırlanmış və qəbul edilmişdir. Bundan başqa, Hökumət  YUNİSEF, UNFPA ilə birgə ana ölümü hallarının azaldılmasına yönəlmiş layihələr həyata keçirir. 2006-cı ildə qəbul olunmuş “Anaların və uşaqların sağlamlığının müdafiəsi haqqında Dövlət Proqramı” əhalinin reproduktiv sağlamlığının qorunmasını təşkilini və təhlükəsiz analığı təmin edir. “Reproduktiv sağlamlıq üzrə ikinci Milli Stratregiya (2009 - 2015)” Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir və sözügedən sənəddə HİV/AİDS-in qarşısının alınması və gənclərin reproduktiv sağlamlığının təəşviqi ilə bərabər, ana sağlamlığı standartlarının inkişaf etdirilməsi meyarları əks olunmuşdur. Hal-hazırda respublikanın 7 şəhər və rayonunda (Bakı, Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Sabirabad) perinatal mərkəzlərin yaradılması və onların ən müasir avadanlıqlarla təhciz edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Reproduktiv sağlamlıq haqqında” Qanunu layihəsi hazırlanaraq, Milli Məclisə təqdim edilmişdir.
 
Uşaq hüquqlarının təşviq və müdafiəsi
 
Uşaqlara dövlət qayğısının gücləndirilməsi məqsədilə ölkə başçısının xüsusi Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmiş, bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Prorqamınında uşaqların hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin olunması məqsədilə fəaliyyət istiqamətləri də müəyyən edilmiş, ölkə Prezidentinin 2012-ci il 8 may tarixli Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq olunmuşdur. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, onların pozulmasına səbəb olan halların aradan qaldırılması və qarşısının alınmasıdır. Habelə milli qanunvericilikdə yuvenal ədliyyə prinsipləri, yəni yetkinlik yaşına çatmayanlar barəsində cinayət təqibinin, ədalət mühakiməsinin həyata keçirilməsi və cəzanın icrasının xüsusiyyətləri öz əksini tapmışdır və bu sahədə BMT-nın Uşaq Fondu ilə əməkdaşlıq davam etdirilir.
 
Uşaq hüquqları ilə bağlı müsbət dəyişiklərdən biri də  2009-cu il 18 mart tarixli referendumla edilmişdir. Belə ki, referendum nəticəsində Konstitusiyanın 17-ci maddəsinə valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqların onların həyatı, sağlamlığı və ya mənəviyyatı üçün təhlükə törədən fəaliyyətə cəlb edilməsinin, habelə 15 yaşına çatmamış uşaqların işə götürülməsinin qadağan olunması, uşaq hüquqlarına dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar əlavə olunmuşdur.
 
Əhalinin bütün təbəqələrinin, xüsusilə uşaqların keyfiyyətli təhsil almaları məqsədilə 2009-2012-ci illərdə təhsil sahəsinin inkişafı üçün qəbul olunmuş müvafiq dövlət proqramlarının icrası davam etdirilmiş və təhsil sahəsinin inkişafını təmin edən əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. O cümlədən, vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.  Habelə, ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi məqsədilə “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanı imzalanmışdır. Həmçinin, hüquq mühafizə orqanlarının insan hüquqları istiqamətində daha çox məlumatlandırmaq məqsədilə Avrоpa Şurasının “Insan hüquqlarının müdafiəsi” və “Işgəncələrə qarşı” Kоmitələri, habеlə digər bеynəlхalq təşkilatlarla sıх qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmuş, aparılan birgə işlərin məntiqi nəticəsi оlaraq, insan və vətəndaş hüquq və azadlıqlarına riayət оlunması üzrə Хüsusi Tədris Prоqramı hazırlanmış və hazırda bu prоqram əsasında Pоlis Akadеmiyasında, habеlə şəхsi hеyətin хidməti hazırlıq sistеmində dərslər tədris оlunur. 
 
Ölkədə alternativ qayığının təmin edilməsi və himayədərlığın təşviq edilməsi məqsədilə Azərbaycan Rеspublikası Prеzidеntinin 29 mart 2006-cı il tariхli Sərəncamı ilə təsdiq еdilmiş “Azərbaycan Rеspublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə vеrilməsi (Dе-institusiоnalizasiya) və altеrnativ qayğı Dövlət Prоqramı”nın aidiyyəti müddəalarının icrası ilə əlaqədar Prоqramın kооrdinatоru Təhsil Nazirliyi, оnun yеrli şöbələri, habеlə digər kоmitə və təşkilatlarla bir sıra əməli tədbirlər həyata kеçirmiş, dövlət uşaq müəssisələrində saхlanılan uşaqların ailələrə vеrilməsində pоlisin ictimai təhlükəsizlik хidmətlərinin həmin qurumlarla əlaqəli işi təşkil оlunmuşdur.
 
Uşaq müəsisələrində uşaqlara qayğının müvafiq standartlara uyğunluğunun və regional səviyyədə pilot təşəbbüslərin federal hökumət tərəfindən tam olaraq dəstəklənməsinin təmin etmək (4 nömrəli tövsiyə).
 
Azərbaycan Respublikası unitar respublikadır və bu səbəbdən Azərbaycan Respublikası tövsiyənin ikinci hissəsini qəbul etmir. Birinci hissə ilə bağlı bildirik ki, Azərbaycan Respublikası uşaq müəssisələrində uşaqlara qayğının müvafiq standartlara uyğunluğuna nəzarətin daha da gücləndirilməsi istiqamətində işlərin gələcəkdə də davam etdirəcəkdir.
 
İnsan Alverinə qarşı Milli Fəaliyyət Planının səmərəli şəkildə həyata keçirilməsinin təminatı (13 nömrəli tövsiyə).
 
Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə istiqamətində 2009-cu ildən bir sıra mühüm qanunvericilik tədbirləri həyata keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın, “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nı təsdiq edilmişdir. Həmçinin, sözügedən normativ aktların icrasını təmin etmək məqsədilə  Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 2009-cu il 3 sentyabr tarixli, “İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizmi Qaydaları”nın təsdiq edilməsi haqqında 2009-cu il 11 avqust tarixli, “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2009-cu il 19 noyabr tarixli qərarlar qəbul edilmişdir. Qeyd olunanlardan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydalarının təsdiq edilməsi barədə” 11 avqust 2009-cu il tarixli Qərarına əsasən insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiya yaradılmışdır. 
 
Qanunvercilik islahatları nəticəsində Cinayət Məcəlləsində 2012-ci il 7 mart tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən Məcəllənin 144.1-ci (İnsan alveri) və 316.2-ci (İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması müəyyən edilmişdir. Eyni zamanda  bu sahədə 2010-cu il 11 may tarixli Qanunla Azərbaycan Respublikası Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasına qoşulmuşdur.
 
İfadə azadlığının təminatı  (14, 15, 16, 17 nömrəli tövsiyələr).
 
Azərbaycan Respublikasında söz azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 47 və 50-ci maddələri və digər qanunlar əsasında təmin olunur. Bu hüququn səmərəli həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bunlara mətbuat orqanlarının vergilərinin azaldılması, onlara maliyyə kreditlərinin ayrılması, borcların dövlət vəsaiti hesabına ödənilməsi və onlara maliyyə yardımının göstərilməsi aiddir. 
 
2008-ci ildə media sahəsində mövcud problemləri aradan qaldırmaq, söz və məlumat azadlığının səmərəli həyata keçirilməsini təmin etmək və kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək məqsədilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır, və bu məqsədlə dövlət büdcəsindən mütamadi olaraq vəsait ayrılır. Ayrılan vəsait əsas etibari ilə ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. 
 
Azərbaycan Respublikasına ünvanlanan 16 nömrəli tövsiyə ilə bağlı qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasında bütün hüquq pozuntuları, o cümlədən jurnalistlərə və insan hüquqları müdafiəçilərinə qarşı cinayətlər və hüquq pozuntuları geniş şəkildə araşdırılır, müvafiq istintaq tədbirləri həyata keçirilir və bu pozuntuları törətmiş şəxslər mütləq qaydada məsuliyyətə cəlb olunaraq, cəzalandırılır. 
 
Beynəlxalq radiostansiyaların ölkə ərazisində yayımı ilə əlaqədar tövsiyə ilə bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikasında xarici radiostansiyaların yayımı qadağan edilməmişdir. Avropa Şurasında hüquqi ekspertizadan keçərək, beynəlxalq standartlara uyğunluğu təsdiq edilmiş AR-in «Televiziya və radio yayımı haqqında» Qanuna əsasən xarici radiostansiyaların yalnız milli tezliklərdə yayımı dayandırılmışdır. Bu müddəa media azadlığının məhdudlaşdırılmasına deyil, əksinə Respublikada yerli medianın inkişafının təşviq edilməsinə yönəlmişdir və bu məqsədlə milli (FM) tezliklərdə yayım üstünlüyü məhz yerli radiostansiyalara verilir. Bu radiostansiyaların, digər Avropa ölkələrində olduğu kimi, qısa dalğalarda yayımı, o cümlədən onların radioverilişlərinin internet, kabel və peyk vasitəsi ilə yayımı tam təmin edilir. 
 
Böhtanla bağlı Cinayət Məcəlləsinin müddəalarının dəyişdirilməsi ilə əlaqədar tövsiyəyə dair qeyd olunmalıdır ki, Milli Fəaliyyət Proqramında diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulmuşdur. Bu məqsədlə 2012-ci sentyabrın 18-də Azərbaycan Respublikası Hökuməti tərəfindən diffamasiya haqqında qanun layihəsinin hazırlanmasında Avropa Şurasının Qanun Vasitəsilə Demokratiya Uğrunda Komissiyası (Venesiya Komissiyası) tərəfindən yardım göstərilməsi barədə müraciət edilmişdir.
 
Bundan əlavə qeyd edilməlidir ki, 2009-ci ildən başlayaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş təhqir və böhtan cinayətləri ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasi tətbiq edilməmişdir. 2011-2012-ci illərdə isə ümumiyyətlə bu əməllərin törədilməsinə görə heç bir şəxs cinayət məsuliyyəinə cəlb edilməmişdir.  
 
Sərbəst toplaşmaq azadlığının təminatı  (18 nömrəli tövsiyə).
 
Tövsiyə ilə bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikasında hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında təmin edilir. Toplaşmaq azadlığının daha səmərəli həyata keçirilməsi üçün sözügedən beynəlxalq müqavilələrdə nəzərdə tutulan təminatları əks etdirən “Azərbaycan Respublikasının Sərbəst toplaşmaq azadlığı haqqında Qanunu” 1998-ci ildə qəbul edilmişdir. Qanuna Avropa Şurasının Venesiya Komissiyasının təklifləri ilə əlavə və dəyişikliklər edildikdən sonra Komissiyanın yekun rəyində sənəd Avropa standartlarına uyğun hesab olunmuşdur. Qanuna əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.  Məlum olduğu kimi, məhdudlaşdırma üçün qeyd olunan əsaslar eynilə Avropa İnsan Hüquqları Konvensiyasının toplaşmaq azadlığını əks etdirən 11-cu maddəsinə uyğundur. 
 
Sərbəst tоplaşmaq azadlığının həyata kеçirilməsinin hədləri məsələsinə bütövlükdə əsas insan hüquq, azadlıqlarını və vəzifələrini tənzimləyən Kоnstitusiyanın nоrmaları kоntеkstində baxılır. “Sərbəst tоplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinə görə zəruri tədbirlərin görülməsi məqsədlə tоplantının yalnız kеçirilmə yеri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün yеrli icra hakimiyyəti оrqanına yazılı xəbərdarlıq еdilir. Tоplantı haqqında əsaslandırılmış qərar 3 iş günü ərzində təşkilatçılara çatdırılır. Bununla bərabər, Azərbaycan Rеspublikası Kоnstitusiyasının 24-cü maddəsinin 2-ci hissəsi, 71-ci maddənin 2-ci hissəsi, 72-ci maddənin 2-ci hissəsi, 155-ci maddəsi, “Azərbaycan Rеspublikasında insan hüquq və azadlıqlarının həyata kеçirilməsinin tənzimlənməsi haqqında” Kоnstitusiya Qanununun 3-cü maddəsi və “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Kоnvеnsiyanın 11-ci maddəsinin 2-ci hissəsinin müddəaları baxımından Kоnstitusiyanın 49-cu maddəsində nəzərdə tutulan sərbəst tоplaşmaq azadlığı hüququna dеmоkratik cəmiyyətdə zəruri оlan və qanunla müəyyən еdilmiş məhdudiyyətlər qоyula bilər. 
 
Qanunazidd kеçirilmiş bütün aksiyalar üzrə ayrı-ayrı şəxslər barədə tətbiq оlunan inzibati tənbеhlər və digər məsuliyyət tədbirləri həm Azərbaycan qanunvеriciliyinin, həm də bеynəlxalq sənədlərin insan hüquq və azadlıqlarına dair tələb və tövsiyələri çərçivəsində həyata kеçirilir. Digər tərəfdən, ictimai asayişin qоrunması məqsədilə daxili işlər оrqanlarının bеlə aksiyalar zamanı tətbiq еtdiyi və оnun iştirakçılarının zоrakı hərəkətlərinə mütənasib оlan güc ilə əlaqədar bütün hallarda rеspublikanın Baş Prоkurоrluğu tərəfindən araşdırmalar aparılır. 
 
Dini etiqad azadlığının təminatı  (19 nömrəli tövsiyə).
 
Azərbaycan xalqı zəngin dini dözümlülük və tolerantlıq ənənəsinə malikdir və bu ənənənin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün səylərini davam etdirir. 
 
Qanunun aliliyinin təmin еdilməsini, hüquqi, dünyəvi, dеmоkratik dövlət qurmaq niyyətini bəyan еtmiş Azərbaycan Rеspublikasında hər bir şəхsin yaşadığı və оlduğu yеr üzrə qеydiyyata alınması, sənədləşdirilməsi milli və еtnik mənsubiyyət üzrə aparılmır və qanunvеricilik aktlarında bеlə nоrma müəyyən еdilməmişdir. Şəхsiyyəti təsdiq еdən sənədlərdə (şəхsiyyət vəsiqəsi, ümumvətəndaş paspоrtu və s.) milliyyət barədə məlumatın göstərilməməsi isə ölkəmizdə ayrı-sеçkiliyin оlmamasının bariz nümunəsidir.
 
Azərbaycan Rеspublikasının Kоnstitusiyası ilə müəyyən еdilmiş bərabərlik hüququna dövlət tərəfindən təminat vеrilməsinin və bu sahədə görülən əməli tədbirlərin məntiqi nəticəsi оlaraq sоn illərdə rеspublikada milli, irqi düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habеlə milli və irqi mənsubiyyətindən asılı оlmayaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin əldə еdilməsinə yönələn hərəkətlər, еləcə də bərabərlik hüququnu pоzma ilə bağlı hеç bir cinayət hadisəsi qеydə alınmamışdır.
 
Dini dözümlülüyün təşviqi sahəsində təcrübə mübadiləsi aparılması məqsədilə ölkəmiz beynəlxalq görüş və konfransların təşkilinə böyük önəm verir. Dini dözümlülüyün təşviqi sahəsində qabaqcıl təcrübələri bölüşmək məqsədilə 6-7 noyabr 2009-cu il tarixində Bakı şəhərində “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans, 26-27 aprel 2010-cu ildə isə “Dini liderlərin Bakı Sammiti” keçirilmişdir.  10-11 oktyabr 2011-ci il tarixində Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirilmiş, Forum çərçivəsində bölmə iclaslarından biri “Multikulturalizm: nailiyyətlər və problemlər” mövzusuna həsr edilmiş, etnik-mədəni tolerantlıq örnəyi kimi Azərbaycan təcrübəsi geniş müzakirə olunmuşdur. 
 
9 – 20 dekabr 2012-ci il tarixində “Dövlət-din münasibətləri: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” adlı I Bakı Beynəlxalq Forumu keçiriləcək.
 
Bugünə kimi Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsində 730 dini icma qeydiyyatdan keçmişdir. Onlardan 34-ü qeyri-islam qurumlarıdır. 22-i xristian, 8-i yəhudi, 1-i krişna şüuru və 3-ü bəhai dini icmalarını təmsil edir. Hazırda ölkədə 1500-dən artıq məscid, 6 sinaqoq, 6 rus pravoslav, 1 katolik, 1 lüteran, 2 Alban-Udi və 4 gürcü-pravoslav kilsəsi fəaliyyət göstərir. Həmin ibadət yerlərində insanların dini ayin və mərasimləri sərbəst yerinə yetirmələri üçün hər cür şərait yaradılmışdır.Bununla yanaşı, fəaliyyətdə olan kilsə, sinaqoq və digər ibadət yerləri dövlət tərəfindən təmir edilir, yeniləri inşa olunur və istifadəyə verilir.
 
Hazırda dini icmaların fəaliyyətinin qanunauyğun tənzimlənməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dini ayin və mərasimlərin sərbəst icrasının təmin olunması məqsədilə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Həmçinin, müxtəlif dinlərə diqqət ayıran təhsil və maarifləndirmə proqramlarının hazırlanması da Azərbaycan hökumətinin diqqət mərkəzindədir və bu istiqamətdə davamlı maarifləndirmə tədbirləri həyata keçirilir. Azərbaycanın bütün bölgələrini əhatə edən, dinlərarası dialoqu inkişaf etdirmək, tolerantlıq ənənəsini daha da möhkəmləndirmək, dinlərin mahiyyəti barədə ölkə vətəndaşlarını məlumatlandırmaq məqsədi daşıyan seminar-treyninqlər və görüşlər təşkil olunur. 
 
Həbsdə saxlama şəraitinin yaxşılaşdırılması  (20, 21 nömrəli tövsiyələr).
 
Penitensiar sistemin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində beynəlxalq təşkilatlarla birgə aparılan islahatlar çərçivəsində daim kompleks tədbirlər həyata keçirilməkdədir. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər, həmçinin 6 fevral 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır. 2009-cu ildən etibarən Avropa Komissiyası ilə birgə həyata keçirilməsi nəzərdə tutulan “Ədliyyə İslahatlarına Dəstək Proqramı”nın əsas istiqamətlərindən biri kimi penitensiar sistemin müasirləşdirilməsi müəyyən edilmişdir.
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməli yardımı və texniki dəstəyi ilə 1995-ci ildən həyata keçirilən vərəmlə mübarizə üzrə kompleks tədbirlər nəticəsində məhkumlar arasında bu xəstəlikdən ölüm halları kəskin şəkildə azalmışdır. Vərəm xəstəliyinin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə tez – 1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə yalnız Azərbaycanda sınaqdan keçirilərək tətbiqinə başlanılmışdır. BQXK Azərbaycanın artıq onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə nəzarət işinin tamamilə Ədliyyə Nazirliyinə təhvil verilməsi qərarına gəlmiş, Respublikamızın öz müsbət təcrübəsini digər dövlətlərə yaymaq imkanında olduğunu vurğulamışdır. Bundan əlavə, azyaşlılar üçün xüsusi həbsdə saxlama yerlərinin yaradılması məqsədilə Bakı şəhərinin Sabunçu rayonunda yetkinlik yaşına çatmayan şəxslər üçün yeni cəzaçəkmə müəssisəsinin inşası aparılır.
 
Ötən dövrdə penitensiar sahəni tənzimləyən qanunvericilik bazası daha da təkmilləşdirilmiş, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları” qəbul olunmuşdur. 
 
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə ciddi nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır. Məhkumların vəziyyətinin monitorinqi İşgəncələrə qarşı Avropa Komitəsi, Ombudsman, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ədliyyə naziri yanında yaradılmış məhkumların islah edilməsində iştirak edən və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə, habelə qeyri-hökumət təşkilatları tərəfindən aparılır. Penitensiar sistemdə ictimai nəzarətin təmin edilməsi məqsədilə 2006-cı ildən tanınmış hüquq müdafiəçilərindən və QHT nümayəndələrindən ibarət İctimai Komitə fəaliyyət göstərir. Bu müddət ərzində Komitə üzvləri tərəfindən müxtəlif cəzaçəkmə müəssisələrinə 300-ə yaxın başçəkmə həyata keçirilmiş, məhkumların saxlanma şəraiti ilə tanış olunmuş, həmçinin peşəkar hüquqşünasların iştirakı ilə onlara hüquqi yardım göstərilmişdir.
 
İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) Azərbaycanın azadlıqdan məhrumetmə yerlərinə 2002-ci ildən etibarən etdiyi səfərləri zamanı verilmiş tövsiyələrin icrası diqqət mərkəzində saxlanılmışdır. 2011-ci ilin dekabr ayında həyata keçirilmiş sonuncu, sayca altıncı səfərin yekunları üzrə CPT-nin nümayəndə heyəti məhkumların saxlanma şəraitinin, onlara göstərilən tibbi xidmətin xeyli yaxşılaşdırıldığını qeyd etmiş, monitorinqlər zamanı penitensiar müəssisələrdə işgəncə və pis rəftar halları ilə bağlı hər hansı narahatlıq doğura bilən məlumatların daxil olmadığını, məhkumlarla yaxşı davranışın şahidi olduqlarını vurğulamışlar.
 
Ədliyyə sisteminin təkmilləşdirilməsi barədə tövsiyə ilə əlaqədar bildirilməlidir ki, Ədliyyə Nazirliyinin Əsasnaməsinin, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun qəbul edilməsi, ölkə basçısı tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanın, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi Azərbaycan ədliyyəsinin, o cümlədən Penitensiar xidmətin inkişafı üçün əsaslı zəmin yaradır və bu sahədə işlər mütəmadi olaraq davam etdirilir.
 
Bеynəlxalq standartlara, о cümlədən  Avrоpa Pеnitеnsiar Qaydaların tələblərinə uyğun hazırlanmış “Həbs yеrlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin еdilməsi haqqında” 22 may 2012-ci il tarixli yeni Qanun, tutulmuş və ya həbs еdilmiş şəxslərin müvəqqəti saxlama yеrinə gətirilmiş şəxslərin, həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq; şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq; həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, Daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq; işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq; həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq; müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək və s. insan hüquqlarının təmin edilməsinini hüquqi  təminatıdır.
 
Əlillərin hüquqlarının təşviq edilməsi və müdafiəsi.
 
Azərbaycan Respublikası Hökuməti Əlillərin Hüquqları üzrə BMT Konvensiyası və ona Əlavə Protokola 28 yanvar 2009-cu il tarixində qoşulmuş və Hökumət, əlillərin hüquqlarının təşviq və müdafiəsi sahəsində gördüyü tədbirlər barədə ilkin hesabatını Əlillərin hüquqları üzrə BMT-nin Komitəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Konvensiyaya qoşulduqdan sonra  25 avqust 1992-ci il tarixində qəbul olunmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq əlavə və dəyişikliklər edilmişdir. 
 
Bununla  yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı tərəfindən həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində “Təkmilləşdirilmiş məşğulluq xidmətlərinin inkişafı” komponentinə uyğun olaraq əlillərin məşğulluğunun səmərəliyinin artırılması üçün sosial müəssisələrin yaradılması, onların məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək bazarına səmərəli inteqrasiyası üzrə 2012-2015-ci illər üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulmuşdur.
 
2010-cu ilin yanvar ayından etibarən ixtisaslaşmış qeyri-hökumət təşkilatının təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Saray İnternat evində pilot günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Layihənin əsas məqsədi əlilliyi olan uşaqların ailələrə qaytarılmasına şərait yaratmaqdır. Belə ki, uşağın ailədə yaşamaq hüququ saxlanılır, uşaq gün ərzində mərkəzində qalır, axşam isə ailəyə qaytarılır. Günərzi mərkəzi eyni zamanda əlilliyi olan uşaqların və onların valideynlərinin qarşılıqlı inteqrasiyasına və cəmiyyətə adaptasiya xidmət edir.
 
Yoxsulluğun aradan qaldırılması və sosial siyasət  (24, 25 nömrəli tövsiyələr).
 
Qeyd etmək istərdik ki, ölkənin iqtisadi və sosial həyatında müşahidə olunan müsbət meylləri daha da möhkəmləndirmək, əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramda 9 strateji məqsəd və 34 hədəf müəyyən edilmişdir. Bu hədəflər minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün müəyyənləşdirilmiş hədəfləri əsasən əhatə etmişdir. 2008-ci ildən başlayaraq adıçəkilən dövlət proqramının həyata keçirilməsinə başlanılmışdır və hər ilin yekunu üzrə görülmüş işlər barədə hesabat hazırlanaraq aidiyyəti orqanlara təqdim edilir. 
 
Ölkədə yoxsulluğun azaldılmasına yönəldilmiş ən səmərəli sosial yardım proqramlarından biri olan Ünvanlı Sosial Yardım (ÜSY) proqramının və bu kimi digər proqramların xarici donorlardan asılı olmadan, Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçirilməsi ölkəmizin dayanıqlı siyasi-iqtisadi gücə malik olmasının göstəricisidir. Bir çox ölkələrdən fərqli olaraq respublikamızda tətbiq edilən sosial yardım proqramını tənzimləyən qanunvericilik aktları benefisiarlara münasibətdə daha liberaldır və proqramda iştirak müddəti ilə bağlı heç bir məhdudiyyət qoyulmamışdır. ÜSY üzrə yaradılmış məlumat bazasının təhlili göstərir ki, 31 dekabr 2011-ci il tarixinə qədər yardım alan ailələrdən 73%-i təkrar  sosial yardım alan ailələrdir. Sözsüz ki, bu ailələrin bir hissəsi uzun müddət passiv proqramlardan asılı olacaqlar ki, bunlar da çoxuşaqlı ailələr, əmək qabiliyyətli ailə üzvləri olmayan ailələr, çətin həyat şəraitində olan ailələr və digərləridir.
 
Bütün bu tədbirlər və uğurlu sosial iqtisadi siyasət nəticəsində  yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7%-dən 2011-ci ildə 7,6%-ə enmişdir. Bundan əlavə, beynəlxalq səviyyədə Rusiya, Braziliya, Malayziya, İndoneziya və bu kimi ölkələrdə sınaqdan keçirilmiş aztəminatlı ailələrin sosial reabilitasiyası istiqamətində olan proqramların ölkəmizdə tətbiqinə başlanılmasına qərar verilmişdir. Dünya Bankı ilə işlənmiş konsepsiyaya uyğun həyata keçirilən pilot layihə yaxın gələcəkdə bütün respublikaya tətbiq olunması nəzərdə tutulur. 
 
Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın və 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)” icrası olaraq əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.
 
Bundan başqa, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət mərkəzləri yaradılmışdır. 
 
Qaçqın və məcburi köçkünlər  (27, 31 nömrəli tövsiyələr).
 
1987-88-ci illərədə Ermənistanın Azərbaycana təcavüzü ilə başlayan münaqişə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonun – Laçın,  Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 30 minə yaxın azərbaycanlı həlak olmuş və bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Azərbaycan Hökuməti tərəfindən bu katеqоriyadan оlan insanların sоsial, məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi təminatı ilə əlaqədar tədbirlər bu bərədə ölkə başçısı tərəfindən təsdiq еdilmiş dövlət prоqramlarına uyğun оlaraq, mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sоsial, mənzil-məişət prоblеmlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata kеçirilir.
 
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” nəticəsində ölkəmizdə mövcud оlan 12 çadır düşərgəsinin ləğvi 2007-ci ilin dеkabrında  başa çatdırılmış, 2004-2011-ci illər ərzində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft Fondundan (799,4 milyon manat) və digər mənbələrdən (47 milyon manat) ayrılan 863,4 milyon manat vəsait hesabına 15 min ailə 68 min nəfərdən çox məcburi köçkün üçün 830 min kvadrat metr sahəsi olan 45 qəsəbə və fərdi evlər inşa edilmiş, 109 məktəb, 5 musiqi məktəbi, 24 uşaq bağçası, 22 tibb müəssisəsi və 22 rabitə evi tikilib istifadəyə verilmişdir.
 
27 nömrəli tövsiyə ilə bağlı etmək istəyirik ki, məcburi köçkünlər respublika vətəndaşı olduğu üçün onlar digər vətəndaşlarla bərabər hüquq və vəzifələrdən istifadə edirlər. Həmçinin xüsusi qanunvericiliklə (Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçörülmüş şəxslərin) statusu haqqında, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” və s. qanunları ilə onlara əlavə hüquqlar və güzəştlər nəzərdə tutulmuşdur. Hökumətin qərarı ilə  məcburi köçkünlərə kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması qaydaları təsdiq edilmişdir. Onlar həmçinin digər vətəndaşlarla bərabər hüquqlar əsasında ölkə daxilində öz hesablarına yaşayış yerləri əldə etmək hüququna malikdirlər ki, bu da onların statusunun itirilməsi üçün əsas hesab edilmir.
 
İtirilmiş mülkiyyət, sahibliyə görə təzminat və kompensasiya məsələlərinə, Ermənistanın hərbi təcavüzü ilə əlaqədar yaranmış münaqişənin həlli çərçivəsində baxılacaqdır. Həmçinin məcburi köçkünlərin Ermənistan dövləti tərəfindən onlara vurulmuş zərərin ödənilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüquqları vardır. Hazırda ölkəmizdəki məcburi köçkünlərin bir qrupunun  müraciəti əsasında Ermənistan dövləti tərəfindən onlara vurulmuş zərərin ödənilməsi barədə  mülki işə Avropa İnsan Hüquqları Məhkəməsində baхılır.
 
Əlavə olaraq qeyd etmək istərdik ki, 2004-2011-ci illər ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların nümayəndələri ilə 450-dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkədə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 250-dən çox səfəri təşkil edilmişdir. 
 
Müqavilə qurumlarının tövsiyələrinə əməl etmək və miqrantlar, sığınacaq axtaranlar və etnik azlıqların hüquqlarının təminatı  (28 nömrəli tövsiyə).
 
BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlıq:
 
Azərbaycan Respublikası Hökuməti BMT-nin müqavilə orqanlarına (İnsan Hüquqları Komitəsi, İşgəncələr əleyhinə Komitə, Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitə, Əlillərin hüquqları üzrə Komitə, İqtisadi sosial və mədəni hüquqlar üzrə Komitə, Əməkçi miqrantların hüquqları üzrə Komitə, Uşaq Hüquqları Komitəsi) dövri hesabatlarını vaxtında təqdim edir, müqavilə orqanlarının Azərbaycan Respublikası üzrə keçirilmiş baxışının yekun müddəaları ictimaiyyətin məlumatlandırılması üçün Azərbaycan dilinə tərcümə edilir və yayılır. Bundan başqa, AR Hökuməti İşgəncələr əleyhinə Komitəyə hesabat təqdim edilməsi üzrə yeni prosedur qaydalara (LOİPR) qoşulmuşdur. Müqavilə orqanlarının irəli sürdüyü tövsiyələr dövlətdaxili qanunvericilik qaydasında baxıldıqdan sonra onların həyata keçirilməsi istiqamətində müvafiq iş aparılır.
 
Miqrantlar, sığınacaq axtaran şəxslər və etnik azlıqların hüquqlarının təminatı
 
Azərbaycan Respublikasında bütün şəxslərin və qrupların etnik mənşəyindən, irqindən, dinindən, dilindən və ya cinsindən asılı olmayaraq insan hüquq və azadlıqlarının həyata keçirilməsi maneəsiz təmin edilir, etnik azlıqlar və ya həssas qrupların insan hüquqlarının müdafiəsinə xüsusi diqqət göstərir, lakin bu qruplara “nəzarət etmək” onların hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarardı. Ümumiyyətlə 28 nömrəli tövsiyədə nəzərdə tutulan “nəzarət”in nədən ibarət olması aydın deyil. 
 
Ümumiyyətlə, son illər ərzində miqrasiya sahəsində həyata keçirilmiş qanunvericilik və institusional tədbirlərin əsasında 2004-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası dayanır. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilmişdir. Miqrasiya sahəsində bir sıra normativ hüquqi aktlar, o cümlədən, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “Əmək miqrasiyası haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunlar qəbul edilmiş, Azərbaycan Respublikası BMT-nin “Bütün əməkçi miqrantlar və onların ailələrinin hüquqlarının qorunması haqqında” Konvensiyasına, habelə “Transmilli cinayətkarlığa qarşı Konvensiya”nı tamamlayan “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokoluna qoşulmuşdur.
 
Qeyd olunmalıdır ki, 4 mart 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Fərmanı imzalanmışdır. Həmin Fərmanın qüvvəyə minməsi ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər daha da təkmilləşdirilmiş, onlara fərdi icazələrin verilməsinin, yaşayış yeri üzrə qeydiyyatının və ölkədə müvəqqəti olma müddətinin uzadılmasının bir pəncərə prinsipi üzrə təşkili proseduru müəyyən edilmişdir. 
 
IV. Nəaliyyətlər, müsbət təcrübə və çatışmazlıqlar.
 
Azərbaycan Respublikası Hökuməti, insan hüquqları təhsili və təliminin təşkil və təmin edilməsini, insan hüquq və əsas azadlıqlarının təşviq və müdafiə edilməsinin mühüm və zəruri elementi hesab edir. İnsan hüquqları üzrə həyata keçirilmiş geniş maarifləndirici tədbirlərə baxmayaraq, bu sahədə daha çox tədbirlərin görülməsi zərurəti qənaətindəyik və Azərbaycan Respublikası Hökuməti bu sahədə tədbirlərin görülməsini həm milli, həm də beynəlxalq səviyyələrdə davam etdirəcəkdir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyindən, Azərbaycan Respublikası, Ermənistan Respublikasının nəzarətində olan işğal edilmiş torpaqlarında insan hüquqları sahəsində öz üzərinə götürdüyü öhdəlikləri təəssüf ki yerinə yetirmək iqtidarında deyildir. Azərbaycan Respublikası insan hüquqları sahəsində tərəf olduğu beynəlxalq müqavilələrin müddəalarının Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında tətbiq olunmasını təmin edə bilmir. Azərbaycan Respublikası Hökuməti işgal edilmiş torpaqlar Ermənistanın təcavüzündən azad edilənə qədər həmin ərazilərdə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımır. Ölkəmizin işğal edilmiş torpaqlarında beynəlxalq hüquq, o cümlədən insan hüquqlarının norma və prinsiplərinin səmərəli müdafiəsinin təmin olunması üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü aradan qaldırılmalı, Ermənistanın işğalçı silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Azərbaycan Respublikası Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin ərazi bütövlüyü, suverenlik və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı daxil olmaqla, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir. Yalnız bundan sonra Azərbaycanın işğal edilmiş torpaqlarında insan hüquq və azadlıqlarının təminatı üçün müvafiq şərait mövcud ola bilər.   
 
Layihə ilə bağlı rəy və təkliflər 20 dekabr 2012-ci il tarixinə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və ya  s_safarova@mfa.gov.az e-mail ünvanına göndərilə bilər.
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ