Tarix

1. Qədim Azərbaycan

Alimlər Azərbaycanın Qafqaz dağlarının ətəklərindən tutmuş Xəzər sahilləri boyunca İran yaylasına qədər uzanan və Azərbaycan türkləri ilə məskunlaşmış bir əraziyə daxil olduğunu hesab edirlər. Azərbaycan paleolit dövründən başlayaraq ilk insan məskənlərindən biri olmuşdur. Əsasən əkinçilik və heyvandarlıqla məşğul olan bu insanlar qeyd etdiyimiz ərazilərdə eramızdan əvvəl 7-6-cı minilliklərdən etibarən yaşamışdır. Bu gün alimlər Qobustan qayaüstü rəsmlərini eramızdan əvvəl VIII minilliyə aid edirlər.

1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər elan edən məşhur Norveç tədqiqatçısı Tur Heyerdal Xəzər sahillərini sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan böyük bir sivilizasiyanın beşiyi hesab etmişdir. Heyerdal öz ehtimallarının əsaslı sübutunu təkcə Qobustandakı qamış qayıqları deyil, eyni təsvirlərin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk olunması və həmçinin orta əsrlərdə yazılmış saqalarda əks olunması ilə tapmışdır. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.

Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində Azərbaycanda ilk sinifli cəmiyyət yaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünü büruzə verir.

Elə bu zaman qədim Arattada erkən Kuti və Lullubi tayfa ittifaqları formalaşır. Qədim mixi mənbələrə görə eramızdan əvvəl III minilliyin 1-ci yarısında Urmiya gölünün cənub və cənub-şərq hövzəsinə qədər olan ərazidə ilk Azərbaycan dövləti - Aratta yaranmışdır. Eramızdan əvvəl 2300-cü ildən etibarən Urmiya gölünün cənub ərazisində ikinci qədim Azərbaycan dövləti - Lullubi yarandı. Eramızdan əvvəl III minilliyin 2-ci yarısında Urmiya gölünün qərb və cənub-qərb hövzəsində isə qədim Kuti dövləti yaranmışdır. Eramızdan əvvəl 2175-ci ildə Kutilər Şumer və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər.

Qədim Azərbaycan dövlətləri Şumer və Akkadlarla siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdılar. Mesopotamiyada idarəçiliyi ələ almış qədim türk mənşəli sülalələr burada böyük bir mədəniyyətin formalaşmasında fəal rol oynamışlar. Qədim Azərbaycan ərazisində məskunlaşmış türkdilli xalqlar lap qədim dövrlərdən bəri atəşpərəst olmuşlar. Onlar dünyanın ən qədim dinlərindən biri olan Zərdüştlük dininə sitayiş edirdilər.

Eramızdan əvvəl IX əsrin ortaları – VII əsrlərdə Urmiya gölü ərazisində idarəçiliyi digər qədim Azərbaycan dövləti - Manna ələ aldı. Eramızdan əvvəl VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sak şahlığı təşəkkül tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.

Eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində Azərbaycanın şimalında cənub sərhədləri Araz çayı ilə hüdudlanan qədim Albaniya dövləti yarandı. Qədim Albaniya ərazisinə əksəriyyəti türk dilində danışan müxtəlif xalqlar daxil idi.

Eramızdan əvvəl IV əsrdə Azərbaycanın cənubunda qədim Atropatena dövləti yaranmışdır. Bu zaman Atropatena qədim ellinizmin böyük təsirinə məruz qalmışdır. 313-cü ildən etibarən Albaniyada xristianlıq qəbul olunmağa başladı. I-IV əsrlərdə bütün Qafqaz romalıların əsarəti altında qaldığı halda Albaniya öz təhsili, dili, mədəniyyəti ilə inkişaf edən və siyasi cəhətdən müstəqil olaraq qalmaqda davam edən yeganə dövlət idi. Alban kilsəsi digər xristian kilsələrindən azad idi və Şimali Qafqazda və türkdilli xalqlar arasında xristianlığı təbliğ edirdi.


2. Azərbaycan orta əsrlərdə

Ərəblərin müdaxiləsindən sonra Azərbaycanda İslam dini VIII əsrin əvvəllərindən başlayaraq hakim dinə çevrildi. Albanların da əksəriyyəti İslamı qəbul etdi. Yalnız xırda azlıqlar öz əvvəlki dinlərində qalmaqda idilər. Hələ Ərəb işğalından az əvvəl Bizans imperiyasının Cənubi Qafqaza təsiri nəticəsində Alban kilsəsi Gürcü kilsəsi ilə birlikdə diofizit nəzəriyyəsini qəbul etmişdir.

Bizanslıların Cənubi Qafqaza təsirini dəf etmək üçün Xilafət erməni kilsəsinin köməyindən istifadə etməklə Alban kilsəsi üçün monofizit təmayülünü tətbiq etməyə başladı. Bu məqsədlə Alban kilsəsi ermənilərin idarəçiliyinə verildi və bununla da qədim Qarabağın dağlıq bölgələrində yaşayan albanların tədricən qreqorianlaşdırılması üçün yol açıldı. Alban və Atropatena əhalisinin vahid bir dövlətdə birgə yaşaması və eyni dinə etiqad etmələri Azərbaycan xalqının daha da möhkəmlənməsinə gətirib çıxardı.

IX əsrin əvvəllərində Azərbaycanda Babəkin rəhbərliyi ilə Xürrəmilər hərəkatı geniş vüsət almağa başladı. Bu hərəkatın əsasında azadlıq, müstəqillik, ümumi bərabərlik ideyaları dururdu.

IX əsrdə yerli əhali tərəfindən Xilafət əleyhinə qaldırılan üsyanların ardınca Azərbaycan ərazisində bir neçə yeni dövlət yarandı. Bunlardan ən güclüsü paytaxtı Şamaxıda yerləşən və Məzyədilər sülaləsi tərəfindən idarə olunan Şirvanşahlar dövləti idi. XVI əsrə qədər yaşayan bu dövlət orta əsr Azərbaycan tarixində böyük rol oynamışdır. IX-XI əsrlərdə Azərbaycan ərazisində Sacilər, Salarilər, Rəvvadilər (paytaxtları Marağa, Ərdəbil və Təbriz şəhərləri olmuşdur), Şəddadilər (paytaxtı Gəncə şəhəri olmuşdur) kimi müstəqil dövlətlər yaranmışdır. XI əsrin sonlarından etibarən Azərbaycanda idarəçiliyi Səlçuqilər sülaləsi ələ almışdır. 1136-1225-ci illərdə Azərbaycanda hakimiyyətdə Atabəylər-Eldəgizlər olmuşdur.

Selçuqilərin yerli əhali ilə eyni dinə (İslam), dilə (türk) və mənşəyə malik olmaları Azərbaycan xalqının birləşməsi və möhkəmlənməsi üçün münbit şərait yaratmış oldu. Bu dövr Azərbaycanın mədəniyyəti tarixində çiçəklənmə dövrü hesab edilir. Məhz bu dövrdə Azərbaycan dünya tarixinə məşhur filosoflar, memarlar, şairlər və alimlər bəxş etmişdir. Dünya mədəni irsinin böyük xəzinələrindən olan şair, filosof Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı bu dövrdə Azərbaycanın ictimai və mədəni şüurunda böyük irəliləyişə səbəb olmuşdur. XII-XIII əsrlər Qarabağın dağlıq hissəsində Alban hökmdarları tərəfindən idarə olunan Xaçın knyazlığının çiçəklənmə dövrü hesab edilir. 1215-1262-ci illərdə Həsən Cəlalın hakimiyyəti Albaniyanın dirçəlişi dövrünə təsadüf edir. Bu dövrdə Qanzasar məbəd kompleksinin tikilişi başa çatmışdır ki, onun da kafedral kilsəsi Alban katolikosu tərəfindən xeyir-dua verilən erkən kilsənin mərkəzi olmalı idi.

XIII əsrin ortalarından etibarən Azərbaycan dövlətləri Monqol Hülakilər sülaləsinin (1258-1356) vassalına çevrildilər. XIV əsrin ortalarında yerli əhalinin işğalçılardan yaxa qurtarmaq məqsədi ilə qiyamlarından sonra Azərbaycan zadəganlarının köməyi ilə yerli Cəlairi feodalları Azərbaycanda hakimiyyətə gəldi və yeni Cəlairilər dövləti (1359-1410) yarandı.

XIV əsrin sonlarında etibarən Azərbaycan dəfələrlə Teymurilərin hücumlarına məruz qalmış və onların Qızıl Orda ilə olan döyüşlərinin meydanına çevrilmişdir.

1410-1468-ci illərdə Azərbaycanda hakimiyyəti Qaraqoyunlular, 1468-1501-ci illərdə isə Ağqoyunlular sülaləsi ələ almışdır. Bu dövrlərdə Azərbaycan daha da güclənmişdir. 1501-ci ildə Azərbaycanda paytaxtı Təbriz şəhəri olan Səfəvilər dövləti yarandı. Bu sülalənin hakimiyyəti altında tarixdə ilk dəfə olaraq bütün Azərbaycan torpaqları birləşdirildi və vahid Səfəvilər dövləti yarandı. Səfəvilər dövlətinin sərhədləri Amudərya çayından Fərat çayına, Dərbənddən Fars körfəzi sahillərinə qədər uzanırdı. Sırf Azərbaycan dövləti kimi yaranan bu siyasi qurumun rəhbərliyində Azərbaycanın feodal zadəganları dururdu. Bütün rəhbər heyət: hərbi sərkərdələr, əyalət hakimlərinin hamısı Azərbaycan zadəganlarından təyin olunurdu. Səfəvilər dövlətinin rəsmi dili Azərbaycan dili idi. XVI əsrin sonlarında Səfəvilər dövlətinin paytaxtı İsfahana köçdü, onun hökmdarının əsas dəstəkçisi isə fars zadəganları oldular. Azərbaycan zadəganları tərəfindən idarə olunan bu dövlət daha çox farspərəst təmayüllü bir dövlətə çevrildi.


3. Müstəqil Azərbaycan xanlıqları 
Azərbaycanın İran və Rusiya arasında bölüşdürülməsi

XVIII əsrin ortalarında İran şahlarının Azərbaycan ərazisindəki hökmdarlığının zəiflədiyi bir dövrdə, ölkə 20 xanlığa parçalandı. Bunlar Ərdəbil, Gəncə, Dərbənd, İrəvan, Cavad, Qarabağ, Qaradağ, Xoy, Maku, Maraga, Naxçıvan, Quba, Bakı, Sərab, Şirvan, Şəki, Təbriz, Talış və Urmiya xanlıqları idi. Bu xanlıqlardan əlavə, Qazax, Səmşədil, İlisu, Ərəş və Qəbələ sultanlıqları da yarandı. Müsəlman azərbaycanlıların və Xristian Albanların məskunlaşdığı Yuxarı Qarabağ, Qarabağ xanlığının ayrılmaz bir hissəsi oldu. Qarabağ xanlığı Kür və Araz çayları arasındakı ərazini əhatə edirdi. Bundan başqa, Qarabağın dağlıq ərazilərində Dizag, Vərəndə, Xacın, Ciləberd və Gülüstan məliklikləri də yarandı. Bu məlikliklər vassal qismində Qarabağ xanlığında asılı idilər.

XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Azərbaycan uğrunda farslar, ruslar və osmanlılar döyüşürdülər. Onların hər biri Azərbaycanın əlverişli geosiyasi mövqeyindən istifadə etmək istəyirdilər. Xanlıqların bəziləri müstəqillik uğrunda mübarizə aparsalar da digərləri öz maraqlarını qorumaq üçün vassal olmaları ilə razılaşmışdılar.

1805-ci il mayın 14-də Kür çayının kənarında İbrahim Xəlil Xanın imzaladığı sənəd əsasında müstəqil Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Bu sənəd indiki dövrdə müəyyən əks-səda yaradıb. Belə ki, bu sənəd Qarabağ xanlıqlarının tarixən Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut edir.

1804-1813-ci illərdə Azərbaycan xanlıqları uğrunda başlanan Rusiya-İran müharibəsi Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi ilə nəticələndi. 1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında imzalanmış Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildi. İkinci Rusiya-İran müharibəsi (1826-1828), 1828-ci il fevralın 10-da imzalanmış və Türkmənçay sülh müqaviləsi ilə nəticələnmişdir. Bu müqavilə, İranın şimali Azərbaycana olan iddialarından əl çəkdiyini təsdiqlədi, Naxçıvan və İrəvan xanlıqları isə Rusiyaya birləşdirildi. Bununla sırf Azərbaycana məxsus qeyd olunan xanlıqlar, Qarabağ xanlığı da daxil olmaqla Rusiyaya birləşdirilmişdir.

Xanlar özləri, torpaq sahibləri, və s. Azərbaycan əhalisinin və onların yüksək təbəqəli feodallarının etnik tərkibi olublar.

4. Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi

Türkmənçay müqaviləsinin və 1829-cu ildə bağlanmış Ədirnə sülhünün şərtlərinə görə İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Azərbaycan ərazisinə, ilk növbədə Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisinə köçürüldü.

Rusiya tarixçisi K.Şavrov qeyd edir ki, təkcə 1828-1830-cu illər ərzində 40 minə yaxın İran və 84 minə yaxın Türkiyə ermənisi Cənubi Qafqaz ərazisinə köçürülüb. Onlar erməni əhalisinin seyrək olduğu Yelizavetpol (Qarabağ) quberniyasının ən əlverişli torpaqlarında yerləşib və 200 min desyatin (225 min hektar) dövlət torpağı ilə təmin olunublar.

Öz qeydlərində, Rusiyalı diplomat və dramaturq Aleksandr Qriboyedov yazır ki, “Ermənilər əsasən Məhəmmədilərin (müsəlmanların) torpaq sahələrində məskunlaşıblar (...). Bu yeni sakinlər Məhəmmədiləri sıxışdırıb bu torpaqlardan çıxarırlar (...). Biz müsəlmanlara da qayğı ilə yanaşmalıyıq və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə ermənilərin onların doğma torpaqlarının daimi mülkiyyətçisinə çevrilə biləcəyi ehtimallarını seyrəltməliyik.”

Amerikalı akademik Castin Makkarti Ermənilərin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda məskunlaşması barəsində aşağıdakı faktlarını sadalayır.

 1828-1920-ci illər ərzində Azərbaycanın demoqrafik tərkibini dəyişmək və ermənilərin sayını artırmaq məqsədi ilə təxminən 2 milyon insan sürgün edilib və ya öldürülüb. İki halda isə, 1828-ci və 1854-cü illərdə, çar Rusiyası şərqi Anadoluya daxil olub və 100 min ermənini Qafqaza köçürdüb, onlar isə öz növbəsində buradan köçürülən və ya öldürülən Türklərin, yəni azərbaycanlıların torpaqlarını ələ keçiriblər. 1877-1878-ci illərdə Türkiyə ilə Rusiya müharibəsi nəticəsində Rusiya Qars-Ərdəhanı ələ keçirərək buradan müsəlmanları köçürüb və 70 min ermənini onların evlərində yerləşdirib. 1895-1896-cı illərdə isə 60 minə yaxın erməni Rusiyanın nəzarəti altında olan Qafqazda məskunlaşdırılıb. Nəhayət, I Dünya müharibəsi zamanı baş verən mühacirətlərin nəticəsində Qafqazda yaşayan 400 min müsəlman şərqi Anadoludan köçürülən 400 min erməni ilə əvəz edilib.

Makkartinin məlumatına əsasən, 1828-1920-ci illər ərzində 560 minə yaxın erməni Azərbaycanda məskunlaşıb. Başqa sözlə, rusların cənubi Qafqazı işğal etməsindən sonra Arazdan şimaldakı Azərbaycan torpaqlarında erməni əhalisinin sayı nəzərə çarpacaq şəkildə artıb. Qarabağa gəldikdə isə, rəsmi məlumatlara əsasən 1810-cu ildə, yəni Qarabağ xanlığının Rusiyaya birləşdirilməsindən bir müddət əvvəl Qarabağdakı 12000 evdən 9500-ü Azərbaycanlılara, 2500-ü isə ermənilərə məxsus idi. 1823-cü il məlumatlarına əsasən, Qarabağda bir Şuşa şəhəri və 600-ə yaxın kənd var idi. Onlardan 450-si Azərbaycan, 150-si isə erməni kəndi idi. Bu kəndlərin ümumi əhalisi 90 min nəfərə bərabər idi. Şuşada Azərbaycanlılara məxsus təsərrüfatların sayı 1048, ermənilərə isə 474-ə məxsus idi. kəndlərində isə bu rəqəm 12902 və 4331-ə bərabər idi.

Çar I Nikolayın 1818-ci il martın 1-də imzaladığı fərmana əsasən Naxçıvan və İrəvan xanlıqları ləğv olunur və onların əvəzində “Erməni vilayəti” adlı yeni inzibati vahid yaradılır. Bu vilayətə Rusiyalı rəsmilər başçılıq edirlər. 1849-cu ildə isə bu inzibati vahidin adı dəyişdirilərək İrəvan quberniyası adlandırılır.

Öz məqsədlərinə çatmaq üçün Ermənilər çar Rusiyasını inandıraraq Azərbaycana tabe olan Alban Xristian patriarxının ləğvinə, onun mülkünün isə erməni kilsəsinə verilməsinə nail olurlar. Dövlət suverenitetini və etiqadlarını itirən qədim Albaniyanın qərbində, yəni Qarabağda məskunlaşan yerli alban əhalisi gürcüləşmə və erməniləşməyə məruz qalırlar. Ermənilərin bura axını isə davam edir.


5. Azərbaycan XIX əsr və XX əsrin əvvəllərində

XIX əsrin ortalarından etibarən, şimali Azərbaycanda neft sənayesi çiçəklənməyə başlayır. Dünyada birinci sənaye xarakterli neft quyusu 1848-ci ildə Bakıda qazılıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Rusiyada istehsal olunan neftin 95%-nı və dünya neftinin 50 %-nı verirdi. Nobel və Rotşild Azərbaycanda bu sahədə böyük mənfəət əldə edən neft maqnatlarından idilər. Nobel ailəsinin var-dövləti əsasən Azərbaycan nefti sayəsində əldə olunub.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini Azərbaycan mədəniyyətinin tərəqqi dövrü adlandırmaq olar. 1908-ci ildə, məşhur bəstəkar Üzeyir Hacıbəyov müsəlman dünyasında ilk operanı - “Leyli və Məcnunu” yazdı. Ümumiyyətlə, ölkənin musiqi mədəniyyəti o dərəcədə inkişaf etmişdi ki, Azərbaycan “Şərqin konservatoriyası” və ya “Şərqin İtaliyası” adlandırılırdı. Milli və mədəni oyanış digər sahələrdə də özünü büruzə verirdi. XIX əsrin ortalarından etibarən milli maariflənmə ideyası yayılmağa başladı. Nəticədə, 1858-ci ildə Təbrizdə, Azərbaycanlı ziyalıların səyləri nəticəsində “Azərbaycan” qəzeti çap olundu. Bu Azərbaycan dilində nəşr olunan ilk qəzet idi və uzun illər müxtəlif adlar altında fəaliyyətini davam etdirmişdi.

1875-1877- ci illərdə Şimali Azərbaycanda, ziyalı Həsən bəy Zərdabinin rəhbərliyi altında “Əkinçi” qəzeti işıq üzü gördü. “Əkinçi” qəzetinin nailiyyətlərindən ən əsasın milli dilin zənginləşdirilməsi və onun istifadəsinin genişləndirilməsi olub.

Eyni zamanda, milli mədəni tərəqqinin inkişafına xidmət edən bir sıra məşhur ədəbi xadimlər formalaşdı. Bunların arasında Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Firudin bəy Köçərlini, Əhməd Cavadı xüsusi ilə qeyd etmək lazımdır. Rəssamlıq, memarlıq, teatr və kinematoqrafiya sahələrində da buna bənzər irəliləyişlər müşahidə olunurdu.

Milli-mədəni oyanış həmçinin Azərbaycan cəmiyyətinin siyasi təşkilatlanmasına və həmrəy olmasına ciddi təsir göstərdi. Rusiyada yaşayan azərbaycanlılar imperiya tərkibindəki müsəlmanların hüquqlarının müdafiəsi hərəkatının ilk banilərindən oldular. Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşov “İttifaqı müslimin” (Müsəlmanların ittifaqı) təşkilatının banilərindən biri hesab olunur. 1905-ci ildə yaradılan bu qurumun məqsədi İmperiya ərazisində türk və müsəlmanların maraqlarını təmsil etmək və müdafiə etmək olub. Ümumiyyətlə, Azərbaycanı təmsil edən dövlət xadimləri bu hərəkatda fəal iştirak edərək Çar Rusiyasının tərkibində müsəlmanlara bərabər hüquqların təmin olunması uğrunda mübarizə aparıblar.

XX əsrdə baş qaldıran siyasi şüurdan danışarkən Əhməd bəy Ağa oğlunun və Əli bəy Hüseynzadənin fəallığını xüsusi ilə qeyd etmək lazımdır. Bu xadimlər Azərbaycan ideyasının formalaşmasına kömək etmiş, xalqın mənəvi müstəvidə həmrəy olmasına nail olublar. Onlar müasir dünyanın dəyərlərinin türk və islam adətlərinə uyğunlaşdırmağa çalışıblar.

XIX əsrin sonlarından XX əsrin birinci yarısına kimi cənubi Azərbaycanda da siyasi fəallıq artmışdı. Azərbaycanın milli qəhrəmanları Səttar xan və Bağır xanın rəhbərliyi altında baş qaldırmış və 1905-1911-ci illəri əhatə edən hərəkat şah mütləqiyyətinin məhdudlaşdırılmasına qarşı yönəlmiş və Qacarlar sülaləsinin hakimiyyəti dövründə İrana siyasi mədəniyyətin ənənələrini və demokratiya quruculuğunun gətirilməsinə nail olmuşdur.

1905-1911-ci illərdə davam edən ictimai və siyasi proseslərin bilavasitə nəticəsi kimi Təbrizdə 1920-cu ildə Şeyx Xiyabaninin hərəkatı formalaşdı. Sonradan, 1945-ci ildə Cənubi Azərbaycanda parlamentin və hökumətin qurulması Şah İranında yaşayan azərbaycanlıların siyasi mədəniyyətinin kifayət qədər inkişaf etdiyini nümayiş etdirir. Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin birinci yarısında İranda baş verən demokratik proseslərin özəyi Cənubi Azərbaycan hesab olunur.


6. Birinci Respublika: Azərbaycan Demokratik Respublikası (1918-1920)

Rusiyadakı 1917-ci il inqilabından sonra, çar imperiyasının zəifləməsi və parçalanması prosesi sürətlənməyə başladı və Rusiyanın ucqar bölgələrində müstəqil dövlətlər yaranmağa başladı. Belə ki, 1918-ci il mayın 28-də Cənubi Qafqazın şərq hissəsində Azərbaycan Demokratik Respublikası elan olundu. Bu İslam şərqində ilk parlamentli demokratiya idi və bu hadisə Azərbaycan millətinin etnik mənşəyinin və dövlətçiliyinin formalaşmasında tarixi rol oynadı. O dövrdə Azərbaycan fraksiyasının lideri Məmməd Əmin Rasul-zadə idi.

Azərbaycan Demokratik Respublikasının həm bir millət həm də dövlət kimi çiçəklənməsində Azərbaycançılıq ideyasının əhəmiyyəti böyükdür. Bu ideya müasirlik, İslam, turkçuluk prinsiplərini özündə birləşdirir və Azərbaycan xalqının İslama və Türk mədəniyyətinə sadiq qalaraq, həmçinin özünəməxsus etnik keyfiyyətlərini tərənnüm edərək tərəqqi etməsini tərənnüm edirdi.

Cəmi iki ilə kimi qısa bir müddətdə mövcud olmasına baxmayaraq, çoxpartiyalı Azərbaycan parlamenti və koalisiya hökuməti dövlət quruculuğu, təhsil, ordunun yaradılması, müstəqil maliyyə və iqtisadi sistemlərin inkişaf etdirilməsi sahələrində bir sıra mühüm addımlar atmağa nail oldu və eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən tanındı. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı Versal Sülhü ilə Azərbaycan Respublikasını de fakto tanıdı.

1919-cu ilin sonunda və 1920-ci ilin əvvəllərində Azərbaycan Demokratik Respublikasının, həm daxili, həm də xarici arenada vəziyyəti nəzərəçarpacaq şəkildə pisləşdi. Ölkə Antanta, Rusiya və İran arasında mübarizə meydanına çevrildi və bu ölkələrdən hər biri strateji cəhətdən əhəmiyyətli və neftlə zəngin Azərbaycanda üstünlüyə malik olmağa çalışırdılar.

 

İSTİQLAL BƏYANNAMƏSİ

“1918-ci ilin mayın 28-də Tiflis şəhərində Həsən bəy Ağayev (sədr müavini), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdibəy Hacınski, Ələsgərbəy Mahmudbəyov, Aslanbəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbərağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Fridun bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov və Hacı Molla Axundzadənin iştirakı ilə Azərbaycan Milli Şurası Azərbaycan istiqlalı haqqında aşağıdakı bəyannaməni elan edir:

Böyük Rusiya inqilabı gedişində Rusiyada dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk etməsi ilə burada yeni siyasi vəziyyət yarandı. Taleləri öz ixtiyarına buraxılmış Zaqafqaziya xalqları Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Lakin siyasi hadisələrin sonrakı gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxmağı və müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı münasib bildi. Rusiya və Osmanlı imperiyası arasındakı müharibənin dayandırılması, eyni zamanda ölkə daxilindəki görünməmiş anarxiyanın ləğvi ilə bağlı olan Azərbaycanın mövcud siyasi durumu Azərbaycan xalqlarını düşdükləri ağır vəziyyətdən çıxartmaq üçün Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın öz dövlət orqanizmini yaratmaq zərurətini qəti surətdə tələb edir. Buna görə də xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir:

I. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

II. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır.

III. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.

IV. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asıb olmayaraq, bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.

V. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.

Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.

 
7. İkinci Respublika: Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)

Rusiya Sovet Sosialist Federativ Respublikasının Bolşevik hökumətinin Azərbaycan Demokratik Respublikasını tanımaq istəməməsi, XI Qızıl Ordunun 1920-ci ilin yazında Azərbaycan Demokratik Respublikasının sərhədlərinə yerləşməsi, Daşnaq-Sütunun Qarabağda və Zəngəzurdakı zorakılığı, ermənilərin və bolşeviklərin dinc azərbaycanlı əhaliyə qarşı terrorları və ölkədə mövcud olan sosial və iqtisadi böhranı və bu kimi amillər Azərbaycan Demokratik Respublikasının tənəzzülü və 1920-ci ilin Aprelin 27 və 28-də 11-ci Qızıl Ordu tərəfindən işğalı ilə nəticələndi. Qafqaz cəbhəsinin rəhbərliyinin 11-ci Ordunun komandanlığına göndərdiyi teleqrafda deyilir ki, 1920-ci il Mayın 1-də RSFSR qoşunlarına İran sərhədini keçməmək şərti ilə Rusiya ilə sərhəddə yerləşən Azərbaycanın bütün ərazisinin işğalı əmri verilib.

Növbəti 70 il ərzində, sovet sosialist respublikaları ittifaqının tərkibində olan Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu dövr ərzində Azərbaycan ictimai, iqtisadi və mədəniyyət sahəsində ciddi irəliləyişlər əldə etdi. Eyni zamanda, digər SSRİ ölkələrində olduğu kimi Azərbaycanda da sovet dövrünün mənfi xüsusiyyətləri özünü büruzə verirdi.

İqtisadi cəhətdən, ölkə Sovet iqtisadiyyat üçün neft, xammal və kənd təssərüfatı anbarına çevrildi. Mədəni sahədə, Latın əlifbasının kiril əlifbası ilə əvəz olunması Azərbaycanın ədəbi və mədəni irsi ilə bağlarına ciddi zərbə vurdu. Sovet rejimi Azərbaycan ziyalılarının milli mənsubiyyət və tarixi həqiqətləri üzə çıxartmaq səylərini təqib edirdi.

Sovet ittifaqı dövründə, Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Demokratik Respublikası dövründə 114000 kvadrat kilometrə bərabər olan ərazi 1920-1921-ci illərdə 86,600 kvadrat kilometrə azaldıldı. Bundan başqa, 1923-cü ilin iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ muxtar vilayəti yaradılır. Bu qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması istiqamətində atılmış birinci addım olur.


8. Üçüncü Respublika: Azərbaycan Respublikası

1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cı il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə Sovet respublikaları arasında birincilərdən idi.

Bu hərəkatı yatırmaq məqsədilə Mixail Qorbaçovun başçılığı altında 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Onların törətdiyi vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər güvələrinin müstəqillik uğrunda sönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Dövlət Müstəqilliyi bərpa edilməsi haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.

1991-ci ilin oktyabrın 18-də tamamlanmış Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi aktı müstəqil Azərbaycanın dövlətçiliyinin əsaslarını qoydu və onun siyasi və iqtisadi strukturunun prinsiplərini müəyyən etdi. Bu aktla Azərbaycan Respublikası 71 illik fasilədən sonra yenidən müstəqil bir dövlət oldu.

1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının və sonradan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM) üzv oldu. 

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ