AR Xarici İşlər Nazirləri

 

Adi, soyadı, atasının adi  Nazir olduğu tarix
  1. Məmmədhəsən Cəfərqulu oğlu Hacınski  28. 05. 1918 – 06. 10. 1918
  2. Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov  06. 10. 1918 – 07. 12. 1918
  3. Fətəli Xan İsgəndər Xan oğlu Xoyski  26. 12. 1918 – 14. 03. 1919 24. 12. 1919 – 01. 04. 1920
  4. Məmməd Yusif Hacıbaba oğlu Cəfərov  14. 03. 1919 – 22. 12. 1919
  5. Nəriman Nəcəf oğlu Nərimanov  04. 1920 – 05. 1921
  6. Mirzə Davud Bağır oğlu Hüseynov  05. 1921 – 12. 1921
  7. Mahmud İsmayıl oğlu Əliyev  1944 – 1958
  8. Tahirə Əkbər qızı Tahirova  1959 – 1983
  9. Elmira Mikayıl qızı Qafarova  1983 – 1987
10. Hüseynağa Hüseyn oğlu Sadıqov  23. 01. 1988 – 29. 05. 1992
11. Tofiq Məsim oğlu Qasımov  04. 07. 1992 – 26. 06. 1993
12. Həsən Əziz oğlu Həsənov  02. 09. 1993 – 16. 02. 1998
13. Tofiq Nadir oğlu Zülfüqarov  05. 03. 1998 – 26. 10. 1999
14. Vilayət Muxtar oğlu Quliyev  26. 10. 1999 – 02. 04. 2004
15. Elmar Məhərrəm oğlu Məmmədyarov  02. 04. 2004 – cü ildən indiyə kimi

 1. Məmmədhəsən Cəfərqulu oğlu Hacınski
(1875 -1931)
Nazir olduğu tarix
(28. 05. 1918 - 06. 10. 1918)

1-hacinski1.jpg
     Dövrünün tanınmış siyasi və ictimai xadimi, məşhur mühəndis Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olmuşdur. O, Bakı realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. Gənc mühəndis bir neçə ay Moskvada maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin neftayırma zavodlarının tikintisində çalışmış, həmin ilin axırlarında isə doğma Bakıya qayıdaraq, şəhər upravasının (bələdiyyə) tikinti şöbəsinin rəisi təyin olunmuşdur.
     M. H. Hacınski Bakının abadlaşmasına böyük diqqət yetirirdi. Onun rəhbərliyi altında 1911-ci ildə Dənizkənarı bulvarın tikintisi başa çatdırılmışdı. 1912-ci ildə Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında şəhər upravası bir kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər upravasının rəisi olmuşdur. 1911-ci ildə yaradılmış gizli Müsəlman demokratik Müsavat partiyasına daxil olmuşdur. 1917-ci il Rusiya fevral burjua inqilabından sonra Müsavat partiyası açıq fəaliyyətə keçdi. Martın 22-də milli müsəlman şurasının müvəqqəti İcraiyyə Komitəsi yaradıldı. M. H. Hacınski sədr təyin olundu. Hacınski Qafqaz müsəlmanlarının Bakı qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında iştirak etmiş, Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.
     M. H. Hacınski 1917-ci ilin noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini, seymin üzvü, 1918-ci ilin aprelin 22-də yaranmış Zaqafqaziya Federativ Respublikası hökumətində ticarət və sənaye naziri vəzifələrini icra etmişdir.
     1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Hacınski bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinetində Xarici İşlər Naziri vəzifəsini tutmuşdur.
     23 dekabr 1919-cu ildə ikinci kabinetdə daxili işlər naziri təyin olunmuş, 1920-ci ilin fevralına qədər bu vəzifədə işləmişdir. 1920-ci il aprelin 1-də Azərbaycan Respublikasının yeni hökumət kabinəsini təşkil etmək M. Hacınskiyə tapşırıldı. Bu məqsədlə o, Azərbaycan parlamentinə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə, həmçinin bolşeviklərlə də danışıqlar aparmışdır. Hacınski bolşevikləri yeni hökumət kabinəsinin tərkibinə daxil etməklə, Samur körpüsünün şimal tərəfində dayanmış XI Qızıl Ordunun Bakı üzərinə yürüşünü ləngitmək və nizami Azərbaycan ordusunu təcili Bakıya çağırmaq istəyirdi. Həmin ilin martında Azərbaycan ordusu Dağlıq Qarabağı daşnaq işğalından azad etmək üçün göndərilmiş, hələ Bakıya qayıtmamışdır.
     Bolşeviklərdən rədd cavabı alan M. Y. Hacınski aprelin 22-də Azərbaycan parlamentinin sədrini əvəz edən M. Y. Cəfərova yeni hökumət kabinəsi yaratmağın mümkün olmadığını bildirmişdi. O, həmçinin Ədəmi - mərkəziyyət partiyası Musavatdan çıxdığını və həmin andan rəsmi surətdə bolşeviklər partiyasına daxil olduğunu bildirmişdi.
     Həmin hadisələrdən sonra o, Ali xalq təsərrüfatı şurasında işləmişdi. 1923-cü ildən Zaqafqaziya Dövlət Plan Komitəsi sədrinin birinci müavini işləmişdir. Ziddiyyətli həyat yolu keçmiş M. H. Hacınski Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi olan L. Beriyanın göstərişi ilə həbs edilmiş və 1931-ci il martın 8-də Tiflis həbsxanasında həlak olmuşdur.

2. Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov
(1865 -1934)
Nazir olduğu tarix
(06. 10. 1918 - 07. 12. 1918)

2-topcubashev1.jpg
     Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlament sədri, Xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə anadan olmuşdur. 1885-ci ildə birinci Tiflis gimnaziyasında təhsilini başa vurur və Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. 1889-cu ildə fərqlənmə diplomu ilə oranı bitirir. Bir neçə il Rusiyada işlədikdən sonra 1894-cü ildə Bakıya gəlir və Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə həyatı qurur. O ilk vaxtlarda Bakıda hüquq-mühafizə orqanlarında, sonra isə müstəqil vəkil kimi fəaliyyət göstərir. 1895-ci ildə H. Z. Tağıyev Kaspi qəzeti redaksiyasını və onun mətbəəsini aldıqdan sonra 1898-ci ildə qəzetə redaktorluğu Topçubaşova həvalə edir. Tezliklə şöhrət qazanan Əlimərdan bəy Bakı Dumasının üzvü seçilir. 1905-ci ildə Ümumirusiya müsəlmanlarının 1-ci qurultayında geniş nitq söyləyir və onun hazırladığı 23 maddəlik nizamnamə və 79 maddəlik layihələri üzrə Ümumrusiya müsəlman ittifaqı təşkil etmək qərara alınır.
     1906-cı ildə 27 apreldə açılan I Dövlət Dumasına Bakı və Yelizavetpol quberniyalarından deputat seçilir. Dumada müsəlman fraksiyasının yaradılmasına nail olur və fraksiyanın sədri seçilir. Çar II Nikolayın Dumanı qovmaq qərarına etiraz etdiyi üçün ona 3 aylıq həbs cəzası kəsilir və deputat seçilmək hüququndan məhrum edilir.
     1914-cü ildə Bakıda 45 nəfərdən ibarət Məşvərət məclisi təşkil edərək müsəlmanların həllini gözləyən tələbləri barədə Tələblər paketini hazırlayaraq çar hakimiyyət orqanlarına göndərir. O 1917-ci ildə keçirilən müsəlman qurultaylarında iştirak və sədrlik edir. 1917-ci ilin sonuna qədər Bakıda Azərbaycan Milli Komitəsinə sədrlik edən Əlimərdan bəy həmin il Gəncədən Rusiya Müssislər Məclisinə nümayəndə seçilir. O ömrünün sonunadək heç bir siyasi partiyaya üzv olmur.
     Azərbaycanın bütün dünyada tanınmasında Əlimərdan bəyin xidmətləri əvəzsizdir. F.X.Xoyskinin Gəncədə təşkil etdiyi ıı hökumətdə əvvəl portfelsiz sonra isə xarici işlər naziri olur. O Cümhuriyyətin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbulda olmuş və xeyli görüşlər keçirmiş, hətta İstanbulda Azərbaycan mətbuat bürosu da yaradır.
     1918-ci il dekabr ayında işə başlayan Cümhuriyyətin Parlamenti qiyabi olaraq Əlimərdan bəyi sədr seçməsinə baxmayaraq əslində Həsən bəy Ağayev sədrlik edirdi. İstanbuldan birbaşa Paris Sülh Konfransına Azərbaycanın nümayəndə heyyətinin başçısı kimi göndərilir.
     1919-cu ilin 28 mayında ABŞ Prezidenti V.Vilson başda Əlimərdan bəy olmaqla Azərbaycan nümayəndə heyyətini qəbul edir. Orada Azərbaycanın xəritəsi daxil olmaqla Qafqaz Azərbaycanı Cümhuriyyəti adlı 50 səhifəlik Azərbaycanı tanıdan kitabçanı nəşr edərək sülh konfransı iştirakçılarına paylamışlar. Paris sülh konfransının iştirakçı dövlətlərin Ali Şurası Azərbaycan və Gürcüstan hökumətlərinin müstəqilliyini de-fakto tanıdıqlarını elan edirlər. Bu barədə qərar Fransa xarici işlər nazirliyi tərəfindən onlara rəsmən 15 yanvarda təqdim olunur. Parisdə yaşayan Əlimərdan bəy 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyətinin toplantısında, həmin ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında Sovet nümayəndə heyyətlərinin etirazlarına baxmayaraq Cümhuriyyət hökuməti tərəfindən ona verilmiş mandatla iştirak edərək Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğunu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında məlumatlar verir. Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

3. Fətəli Xan İsgəndər Xan oğlu Xoyski
(1875 -1919)
Nazir olduğu tarix
(26. 12. 1918 - 14. 03. 1919), (24. 12. 1919 - 01. 04. 1920)

3-xoyski1.jpg
     Fətəli Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdir. O, 1807-ci ildə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı - müvəkkil vəzifəsini icra etmişdir.
     1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.
     F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmiş və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olmuşdur.
     1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.
     1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək demişdir: «Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.» (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2)
     Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi «Bakı şəhərində universitetin əsasının qoyulması» adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.
     F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı.
     1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı.
     Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olmuşdur.
     1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G. V. Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir.
     G.V. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş və onun təklifini rədd etmişdir.
     1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur. Martın axırında Çiçerin sonuncu notasını göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınmışdır. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə getmişdir. 1920-ci ilin iyunun 19-da muzdlu qatil tərəfindən arxadan güllə ilə vurulmuş və M. F. Axundovun yanında dəfn edilmişdir.

4. Məmməd Yusif Hacıbaba oğlu Cəfərov
(1885 -1938)
Nazir olduğu tarix
(14. 03. 1919 - 22. 12. 1919)

4-djafarov1.jpg
     Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır. M. Y. Cəfərov orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olmuşdur.
     1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y. Cəfərov «Nikahın şəriət üzrə pozulması» haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. O, həmin il Peterburqda açılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir. M.Y. Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutmuşdur.
     1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdi. Həmin il martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M. Y. Cəfərov daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik M. Y. Cəfərova tapşırıldı. O, 1917-ci ilin noyabrın 15-dən Zaqafqaziya Komissarlığında sənaye və ticarət komissarı idi.
     1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. M. Y. Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinədə sənaye və ticarət naziri olmuşdur. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir. M. Y. Cəfərov Nazirlər Şurasının sədri N Yusifbəylinin təşkil etdiyi kabinədə Xarici İşlər naziri təyin olunmuşdur (14. IV. 1919). Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri «Zaqafqaziyada rus siyasətinə aid sənədlər» kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan parlamentinin üzvü bitərəf M. Y. Cəfərov 1919-cu ilin oktyabrında Türk ədəmi-mərkəziyyət partiyası Musavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. O, 1920-ci fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir.
     1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M. Y. Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmişdir.

5. Nəriman Nəcəf oğlu Nərimanov
(04. 04. 1870 - 19. 03. 1925)
Nazir olduğu tarix
(04. 1920 - 05. 1921)

5-narimanov1.jpg
     Nəriman Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Kommunist partiyası və Sovet dövlət xadimi, yazıçı-publisist, həkim, 1882-ci ildə Qori seminariyasına daxil olmuş, 1890-cı ildə oranı bitirərək Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunur. 1891-ci ildə Bakıya gəlir və geniş mədəni-maarif, ədəbi-siyasi fəaliyyətə başlayır. 1894-cü ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxanasını təşkil edir. Bu zaman o «Nadanlıq», «Şamdan bəy», «Nadir şah», «Bahadır və Sona» kimi ədəbi əsərlər yazmışdır. N.V. Qoqolun «Müfəttiş» komediyasını Azərbaycan dilinə tərcümə edir. 1902-ci ildə ekstern qaydası ilə gimnaziyanı qurtarması haqqında kamal attestatı alır və həmin il Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. İnqilabi çıxışlardan qorxan çar hökuməti 1905-ci ildə Universiteti müvəqqəti bağladı. Nərimanov Bakıya qayıtmalı oldu. 1905-ci ildə RSDFP-nin Hümmət təşkilatına daxil olur. 1906-cı ildə RSDFP-nın Proqramını Azərbaycan dilinə tərcümə edir. O, yenidən Odessaya oxumağa getmiş, 1908-ci ildə Universiteti bitirib Bakıya qayıdır.
     Həmin ildən həkim işləməyə başlayır. Hökumət orqanlarının və mürtəce qüvvələrin təqibi üzündən 1909-cu ildə Tiflisə gedir və orada həkim işləməyə başlayır. Həmin ilin martında inqilabi fəaliyyətinə görə həbs edilib Metex qalasına salınır və 6 aydan sonra Həştərxana sürgün edilir. 1913-cü ildə Bakıya qayıdır, yalnız 1914-cü ilin mayında Qaraşəhər xəstəxanasında işə girə bilir. Nərimanov 1917-ci ilin martında bolşevik Hümmət təşkilatının Müvəqqəti Komitəsinin heyətinə, 1917-ci ilin iyununda Hümmət təşkilatı Komitəsinin sədri seçilir. 1917-ci ilin oktyabrında bolşeviklər tərəfindən şəhər dumasına, noyabrda isə Müəssislər məclisinə namizəd göstərilir. 1918-ci ilin aprelin 25-də şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil olur. Həmin ilin iyununda Həştərxana gedir. Burada o, Həştərxan icraiyyə komitəsində maarif şöbəsinin müdiri vəzifəsində çalışır. 1919-cu ildə işləmək üçün Moskvaya çağırılır. RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri təyin olunur. Bir müddət həmçinin RSFSR xalq milli işlər komissarının müavini işləyir.
     Nərimanov xarici işlər komissarlığında işlədiyi zaman partiyanın Şərqdəki siyasətinin həyata keçirilməsində mühüm rol oynamışdır. 1920-ci ilin aprelin 27-də Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi ərəfəsində Nərimanov qiyabi olaraq Azərbaycan İnqilabi Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-nin sədri seçildi. Nərimanov 1920-ci ilin sentyabrında Kommunist İnternasionalı İcraiyyə Komitəsi tərəfindən Bakıda çağırılan Şərq xalqlarının 1-ci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak etmişdir. ZSFSR-in yaradılmasının rəhbərlərindən olan Nərimanov 1922-ci ilin martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistan MİK-ləri nümayəndələrinin Səlahiyyətli konfransında seçilmiş Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədrlərindən biri idi.
     Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi beynəlxalq Genuya konfransında (1922) iştirak etmişdir. SSRİ-nin I Sovetlər qurultayında (1922 dekabr) yaradılmış MİK-in ilk sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmişdir. Nərimanov 1925-ci ilin martın 19-da qəflətən vəfat etdi. Qızıl meydanda Kreml divarları yanında dəfn olunmuşdur. Moskvada yaşadığı binada onun qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi açılmışdır. Moskva Şərqşünaslıq İnstitutu uzun müddət Nərimanovun adını daşımışdır. Nərimanovun xatirəsi xalqımız tərəfindən unudulmur, onun əzəmətli heykəli Bakıda ucalır, adına rayon, prospekt, metro, institut və s. vardır. Nərimanov ədəbi əsərlərlə yanaşı bir çox siyasi-publisist əsərlərin müəllifidir.

6. Mirzə Davud Bağır oğlu Hüseynov
(03. 1894 - 21. 03. 1938)
Nazir olduğu tarix
(05. 1921 - 12. 1921)

6-huseynov1.jpg
     Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında anadan olmuş, 21 mart 1938-ci ildə Bakıda vəfat etmişdir. Sovet partiya və dövlət xadimi olan M. D. Hüseynov 1918-ci ilin noyabrından Sov. İKP-nin üzvü olmuşdur. O, 1913-cü ildə Moskva Kommersiya İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, Azərbaycan tələbələri arasında inqilabi iş aparmış, tələbə komitəsini yaratmışdır. 1918-1919-cu illərdə bolşevik Hümmət təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nın Bakı komitəsinin Qafqaz Ölkə Komitəsinin üzvü olmuşdur.
     Azərbaycan KP-nın I qurultayında (1920-ci il fevral) hazırkı vəziyyət haqqında məruzə etmiş, MK Rəyasət Heyətinin sədri seçilmişdir.
     Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycan İnqilabi komitəsinin sədrinin müavini, Azərbaycan SSR Xalq Maliyyə naziri və Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışmışdır.
     1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar isə Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olmuşdur. Dəfələrlə Azərbaycan KP MK Siyasi Şurasının, ÜİKP ZÖK və Orta Asiya bürolarının, Azərbaycan SSR, Tacikistan SSR və ZSFSR MİK Rəyasət Heyətlərinin, SSRİ MİK-nin üzvü seçilmişdir.
     Əsərləri. «Müsavat firqəsi keçmişdə və indi». Bakı - 1920.
     «Azərbaycan KP-nın inkişafının əsas cəhətləri». Bakı - 1958.

7. Mahmud İsmayıl oğlu Əliyev
(1908 - 1958)
Nazir olduğu tarix
(1944 -1958)

7-aliyev1.jpg
     Mahmud İsmayıl oğlu Əliyev 22 fevral 1908-ci ildə Şamaxıda anadan olmuşdur. Səhiyyə təşkilatçısıdır. 1943-cü ildə ona Azərbaycan SSR Əməkdar həkimi adı verilmişdir. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1937-1943-cü illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı Tibb təhsili idarəsinin rəisi, Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru, Azərbaycan KP MK Elm və Məktəbəqədər şöbəsinin müdiri olmuşdur.
     1943-cü ildə SSRİ Xarici İşlər Komissarının müavini, 1944-cü ildən Azərbaycan Xarici İşlər Komissarı (1946-cı ildən Xarici İşlər Naziri), eyni zamanda 1950-1953-cü illərdə Azərbaycan SSR-in Səhiyyə Naziri, 1953-1958-ci illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun rektoru olmuşdur. SSRİ Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə Deputat seçilmişdir. Qırmızı Əmək Bayrağı Ordeni, II Şərəf Nişanı Ordeni və medallarla təltif olunmuşdur. (ASE, 1980. Bakı. səh. 175)

8. Tahirə Əkbər qızı Tahirova
(1913 - 1991)
Nazir olduğu tarix
(1959 - 1983)

8-tahirova1.jpg
     Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də ziyalı ailəsində anadan olmuşdur. O, 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (AzSİ) bitirmişdir. T. Tahirova neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Daha sonra 1940-cı ildə o, Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunur. 1942-ci ildən etibarən T. Tahirova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışarkən, Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən AzSİ-nin «Neft yataqlarının istismarı kafedrası»nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, o, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır.
     1954-cü ildən başlayaraq, T. Tahirova yenə ayrı-ayrı rəhbər vəzifələrdə çalışır (Azərbaycan Həmkarlar İttifaqı Şurasının, Azərbaycan SSR Nazirlər Şurası nəzdində Dövlət Elm və Texnika Komitəsinin sədri, Nazirlər Şurası sədrinin müavini).
     1957-ci ildə T. Tahirova Xarici işlər naziri vəzifəsinə təyin olunur. Lakin vəzifəsinin praktiki icrasına o, yalnız 1959-cu ildə öz təşəbbüsü ilə SSRİ XİN-nin Diplomatik Akademiyasını bitirdikdən sonra başlayır. 1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, Xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi. Lakin Tahirovanın səyləri nəticəsində Azərbaycan Ukrayna və Belorusiyadan sonra ilk müttəfiq respublika oldu ki, bu vəzifə o biri nazir vəzifələri kimi ayrıca vəzifə şəklində icra olunmağa başladı. Beləliklə, 1968-cu ildə öz xahişi ilə başqa hökumət vəzifələrindən azad olunaraq, Tahirə xanım bütün gücünü diplomatik fəaliyyətə səfərbər etmişdir.
     O, nazir işlədiyi müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə, Diplomatik Akademiyada oxumasına daima diqqət yetirmişdir.
     Bundan əlavə, o, Sovet hökumət və parlament nümayəndə heyətlərinin üzvü olaraq, BMT Baş Assambleyasının iclaslarında iştirak edərək, eləcə də respublikamıza səfər edən bəzi yüksək səviyyəli qonaqları qəbul edərək, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə çalışırdı. 1976-cı ildə Tahirə Tahirova diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ Xarici İşlər Nazirliyinin təqdimatı ilə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur.
     Türk, ingilis və rus dillərini bilirdi.

9. Elmira Mikayıl qızı Qafarova
(1934 - 1993)
Nazir olduğu tarix
(1983 - 1987)

9-gafarova1.jpg
     Elmira Mikayıl qızı Qafarova 1 Mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhər 23 nömrəli orta məktəbi bitirmişdir. 1948-ci ildə məktəbdə Komsomol üzvlüyünə daxil olmuşdur. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1958-1961-ci illərdə aspiranturada oxumuşdur. 1955-58-ci illərdə Universitetin komsomol komitəsinin müavini vəzifəsinə seçilmişdir.
     1958-ci ildən Kommunist Partiyasına daxil olur. 1961-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ali təhsil və məktəb şöbəsinə işə cəlb edilir. 1962-ci ildə Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinə katib vəzifəsinə təyin olunur. 1966-1970-ci illərdə isə Komsomol Komitəsinə birinci katib vəzifəsinə seçilir.
     1970-1971-ci ildə Kommunist Partiyasının Mərkəzi Komitəsində Mədəniyyət şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunur. 1971-1980-cı illərdə Bakı şəhər Partiya Komitəsində birinci katib vəzifəsində işləmişdir. 1980-1983-cü illərdə Azərbaycan SSR-nin Təhsil naziri vəzifəsinə təyin olunur. 1983-1987-ci illərdə Azərbaycan SSR-nin Xarici İşlər Naziri vəzifəsində işləmişdir. Bu illərdə Ali Sovetin deputatı seçilmişdir. Partiyanın 31-ci qurultayında Azərbaycan Kommunist Partiyasının büro üzvü seçilmişdir. SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur.
     1987-1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində işləmişdir. Həmçinin SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

10. Hüseynağa Hüseyn oğlu Sadıqov
(14. 03. 1940)
Nazir olduğu tarix
(23. 01. 1988 - 29. 05. 1992)

10-sadigov1.jpg
     Hüseynağa Hüseyn oğlu Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir.
     1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir.
     1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır.
     1974-cü ildən diplomatik xidmətdədir. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışmışdır.
     1988-1991-ci illərdə Azərbaycan SSR-nin Xarici İşlər naziri vəzifəsində çalışmışdı.
     1991-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri vəzifəsinə təsdiq edilmişdir.
     1989-cu ildə ona SSRİ-nin I dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi-Müşaviri, 1992-ci ildə isə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcələri verilmişdir.
     1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur.
     Azərbaycan və Almaniya mətbuatında beynəlxalq siyasət sahəsində 50-dən artıq məqalə və yazıların müəllifidir. 2 övladı var.
     Alman, ərəb, türk və rus dillərini bilir.

11. Tofiq Məsim oğlu Qasımov
(10 . 04. 1938)
Nazir olduğu tarix
(04. 07. 1992 - 26. 06. 1993)

11-kasimov1.jpg
     Tofiq Məsim oğlu Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olmuşdur. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
     1987-ci ildən siyasətlə məşğuldur. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.
     1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak etmişdir. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvüdür.
     Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak etmişdir. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilmişdir.
     Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilmişdir. Orada olduğu müddətdə 100-dən çox Xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar, rus qaçqınları və s. hadisələrin mahiyyətini açıqlamışdır.
     May 1992-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuş, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləmişdir. Azərbaycan Respublikasının Xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olmuşdur. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil etmişdir. 2 övladı var.
     İngilis, türk və rus dillərini bilir.

12. Həsən Əziz oğlu Həsənov
(20. 10. 1940)
Nazir olduğu tarix
(02. 09. 1993 - 16. 02. 1998)

12-hesenov1.jpg
     Həsən Əziz oğlu Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1963-cü ildə oranı bitirmişdir. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirib. Tələbə dövründə qrup, fakültə və institut komsomol Komitəsinin katibi işləyib. 1962-ci ildə Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilib. Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatının üzvü olub.
     1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının Sədri, 1962-1966-cı illərdə Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin katibi, AR Komsomol Komitəsinin MK-də bölmə müdiri vəzifələrində çalışıb. 1966-67-ci illərdə Tikinti materialları və Konstruksiyaları Elmi-Tədqiqat İnstitutunda Aspiranturada elmi-tədqiqat aparıb. 1967-ci ildə AKP MK-nə təlimatçı vəzifəsinə irəli çəkilib.
     1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində Məsul təşkilatçı vəzifəsində çalışıb. 1971-ci ildə Vətənə qayıdıb, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini vəzifəsində çalışıb.
     1975-ci ildən Səbayıl Rayon Partiya Komitəsinin Birinci Katibi, 1978-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci Katibi, 1979-cu ildən isə Gəncə Şəhər Partiya Komitəsinin Birinci Katibi vəzifələrində çalışıb.
     1981-1990-cı illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Katibi və Büro üzvi vəzifələrində çalışıb.
     1989-1990-cı illərdə İqtisadiyyat üzrə Mərkəzi Komitənin katibi vəzifələrində çalışıb.
     Azərbaycan tarixinin ən ağır dövrlərindən olan 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışıb.
     H. Həsənov 1992-1998-ci illərdə xarici siyasət və diplomatiya sahəsində çalışmışdır və ona Azərbaycanın ilk Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi verilmişdir.
     1992-93-cü illərdə Nyu-York şəhərində BMT-də Azərbaycanın ilk Daimi Nümayəndəsi vəzifəsində çalışıb.
     1993-98-ci illərdə AR Xarici İşlər Naziri vəzifəsində çalışıb. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə başçılıq edib.
     H. Həsənov 23 il arası kəsilmədən parlamentin üzvü olub. 1977-1995-ci illərdə Azərbaycan Ali Sovetinin, 1979-1984-cü illərdə SSRİ Ali Sovetinin, 1995-2000-ci illərdə Milli Məclisin üzvü və Milli Məclisin Beynəlxalq əlaqələr üzrə Komissiyasının üzvü olub.
     Müstəqil Azərbaycanın ilk konstitusiyasını hazırlayan Konstitusiya komissiyasının üzvü olub.
     2004-cü ildən etibarən Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuşdur.
     Bir neçə SSRİ orden və medalları ilə təltif olunub.
     Ailəlidir, iki övladı və nəvələri var.
     Gürcü, rus, ingilis və türk dillərini bilir.

13. Tofiq Nadir oğlu Zülfüqarov
(1. 10. 1959)

 

Nazir olduğu tarix

(05. 03. 1998 - 26. 10. 1999)

 


Tofiq Nadir oğlu Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiya Federasiyasının Rostov şəhərində anadan olmuşdur. Ailələri 1961-ci ildə Bakıya köçmüşdür. 1966-1976-cı illərdə Bakıda 93 saylı orta məktəbdə oxumuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1981-1984-cü illərdə Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olmuşdur. 1984-1985-ci illərdə komsomol komitəsində işləmişdir. 1985-ci ildən Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq institutunun ərəbşünaslıq şöbəsində işləyir. 1988-ci ildə Qarabağ təşkilat komitəsində Qarabağ problemi ilə məşğul olur. 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının tarix institutunun politologiya şöbəsində elmi işçi olmuşdur. 1992-ci ildən Xarici İşlər Nazirliyində işə qəbul olunur. Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər Xarici İşlər naziri işləmişdir. Fövqəladə və Səlahiyyətli Səfir ranqı verilmişdir. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə əsasən Qarabağ probleminin həlli ilə məşğul olmuşdur. Qarabağın sülh yolu ilə azad olması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmazlığı uğrunda əlindən gələni etmişdir. 
T.Zülfüqrov 2005-ci ildən Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlhiyyətli Səfiridir. 
Rus, ərəb, ingilis dillərini bilir.

14. Vilayət Muxtar oğlu Quliyev
(05. 11. 1952)
Nazir olduğu tarix
(26. 10. 1999 - 02. 04. 2004)

14-guliyev1.jpg
     Vilayət Muxtar oğlu Quliyev 1952-ci ilin 5 noyabrında Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə Beyləqan rayonunda müəllim kimi başlamışdır. İstehsalatdan ayrılmadan 1975-ci ildə AEA-nın aspiranturasına qəbul olunmuş və təhsilini davam etdirmişdir. 1978-1981-ci illərdə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil institutunda şöbə müdiri sonra isə direktor müavini vəzifələrində çalışmışdır. 1992-1993-cü illərdə Türkiyə Respublikasının Atatürk Universitetinin professoru, 1994-cü ildən isə Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışmışdır. 1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
     1999-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri təyin olunmuş, Fövqəladə və Səlahiyyətli səfir ranqı verilmişdir.
     1982-ci ildə Filologiya Elmləri Namizədi, 1990-cı ildən isə Filologiya Elmləri Doktoru dərəcəsi almış professordur. 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 12-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan-Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.
     V. Quliyevin diplomatik fəaliyyətindəki uğurları onun Nazir təyin olunmasında həlledici rol oynamış, və sözün əsl mənasında tanınmış siyasətçi olduğunu bir daha təsdiqləmişdir. Beynəlxalq tədbirlərdə onun təmkinli, soyuqqanlı davranışı, aydın və səlist çıxışları, hədəfə düzgün tuşlanmış cavabları peşəkarlığına ən tutarlı sübutdur.
      2004-cü ildə V.Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlhiyyətli Səfiri təyin edilmişdir.
     Rus, türk, ərəb, ingilis və fars dillərini bilir. Ailəlidir, 2 övladı var.