Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən etimadnamələrin təqdim edilməsinə dair məlumat.

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən etimadnamələrin təqdim edilməsinə dair məlumat.

Yeni səfirin gəlişi

Yeni təyin olunmuş Səfir Bakı şəhərinə gəldikdə hava, dəniz limanlarının, dəmir yolu vağzalının VİP salonlarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin nümayəndəsi tərəfindən qarşılanır. Qarşılanma saatları: 09.00-22.00 (bazar və bayram günləri istisna olmaqla). Səfir Bakı şəhərinə avtomobillə gəldikdə, dövlət protokolu idarəsinin nümayəndəsi Səfiri səfirliyin iqamətgahında salamlayır.

Səfirin qarşılanması üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə (DPİ) onun Bakı şəhərinə gəlmə tarixi, vaxtı, reys nömrəsi və onu müşayiət edən şəxslər barəsində məlumat verilməlidir.

Etimadnamələrin surətlərinin xarici işlər nazirinə təqdim edilməsi

Etimadnamənin surəti yeni təyin olunmuş səfir tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər nazirinə, nazir müavininə və ya Dövlət Protokol İdarəsinin rəisinə təqdim edilir.

Yeni təyin olunmuş səfir mərasimindən öncə xarici işlər nazirliyinin dövlət protokolu idarəsinin rəisi tərəfində qəbul olunur.

Səfiri Xarici İşlər Nazirliyində DPİ-nin nümayəndəsi və müvafiq ərazi idarəsinin əməkdaşı qarşılayırlar. DPİ ilə razılaşdırıldıqda Səfiri diplomatik heyət üzvləri müşayiət edə bilər.

Etimadnamənin surətinin Xarici İşlər nazirinə təqdim edilməsi mərasimi nazirin görüş otağında keçirilir. Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq ərazi idarəsinin rəisi və Mətbuat və İnformasiya Siyasəti İdarəsinin nümayəndəsi iştirak edirlər.

Səfir etimadnaməsinin və əvvəlki səfirin geri çağırılması barədə məktubun surətlərini xarici işlər nazirinə təqdim edir. Birgə fotoşəkil çəkilir.

Etimadnamələrin təqdim olunması mərasimi

Etimadnamələrin təqdim olunması mərasimi Azərbaycan Respublikası Prezidentinin Sarayında keçirilir(bax şəkil 1).Təyin edilmiş gün Səfiri İqamətgahından Azərbaycan Respublikası Prezidentinin Sarayınadək rəsmi avtomobildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşı müşayiət edir. Azərbaycan Respublikası Prezidentinin Sarayınadək avtomobil eskortla hərəkət edir. Mərasim zamanı Səfiri 2-dək əməkdaşı və Hərbi attaşe (olduqda) müşayiət edə bilər. Mərasimdə həmçinin, Səfirin həyat yoldaşı iştirak edə bilər.

Prezident Sarayının Rəsmi qarşılanma meydanında Səfirin şərəfinə fəxri qarovul düzülür, qırmızı xalça salınır. Müəyyən edilmiş vaxt avtomobil Prezident Sarayının Rəsmi qarşılanma meydanına daxil olur. Təntənəli təbil marşı səslənir. Səfiri avtomobilin qarşısında Fəxri qarovulun rəisi qarşılayır və hərbi salam verir. Səfir Fəxri qarovulun önündə Azərbaycan Respublikasının Dövlət bayrağına təzim edir (1) və Fəxri qarovulun qarşısından keçir. Binanın girişində Səfiri Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin əməkdaşı qarşılayır (2) və xüsusi otağa dəvət edir. Çay və sərinləşdirici içkilər təqdim olunur.

Dəvət olunduqda, Səfir və onu müşayiət edən şəxslər (sırayla, protokol ardıcıllığına əsasən) “Danışıqlar zalı”ndan keçərək “Rəsmi mərasimlər zalı”na tərəf irəliləyirlər. “Rəsmi mərasimlər zalı”na daxil olduqda, Prezidentin Protokol Xidmətinin rəisi Səfiri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Səfir Azərbaycan Respublikası Prezidentinin qarşısında 2-3 addım məsafədə dayanır. Müşayiət edən şəxslər cərgə ilə Səfirdən 3 addım arxada dayanırlar(bax şəkil 2).Azərbaycan Respublikası Prezidentinin sağ tərəfində Azərbaycan Respublikasının xarici işlər naziri (və ya onun müavini) və İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri dayanırlar.

Səfir“cənab Prezident, ... Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfir təyin olunmağım haqqında etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu Sizə təqdim etməyi özümə şərəf sayıram”

“Mr. President I have the honor to present you my Letters Of Credence accrediting me as an ambassador of …… to the Republic of Azerbaijan and the letter recalling my predecessor”

«Господин Президент, имею честь предоставить Вам верительные грамоты аккредитующего меня в качестве посла …….. в Азербайджанской Республике и отзывное письмо моего предшественника»

sözlərini deyir. Səfir öz arzusu ilə 2 cümlə əlavə edə bilər. Sonra Azərbaycan Respublikasının Prezidentinə yaxınlaşaraq etimadnaməni və əvvəlki səfirin geri çağırılması barədə məktubu (olduqda) təqdim edir, əl tutaraq salamlaşır. Azərbaycan Respublikasının Prezidenti və Səfir Azərbaycan Respublikasının Dövlət bayrağı qarşısında fotoşəkil çəkdirməyə dəvət olunurlar. Səfir onu müşayiət edən şəxsləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və birgə fotoçəkiliş aparılır.

Azərbaycan Respublikasının Prezidenti Səfiri qısa görüşə dəvət edir. Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri (və ya onun müavini) və İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri iştirak edirlər.

Görüşdən sonra Prezidentin Protokol Xidmətinin əməkdaşı yola salır. Səfir Fəxri qarovulun önündən keçir və avtomobilə əyləşərək yola düşür.

Mərasim zamanı geyim forması:kişilər üçün tünd kostyum və ya milli geyim, xanımlar üçün kostyum, milli geyim və ya paltar. Hərbi attaşe iştirak etdikdə uniformada olmalıdır.

Səfirin fəaliyyət müddətinin başa çatması

Fəaliyyət müddəti başa çatmış səfir Azərbaycan Respublikasını tərk etməmişdən öncə ölkə rəhbərliyi ilə vida görüşləri keçirilməsi barədə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət edir.

İqamətgahı Bakı şəhərində yerləşən səfirin fəaliyyət müddəti başa çatdıqda, onun şərəfinə xarici işlər nazirinin müavini və ya müvafiq idarə rəisinin adından nahar verilir.

Fəaliyyət müddəti başa çatmış səfiri hava və ya dəniz limanının, dəmir yolu vağzalının VİP salonunda Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin nümayəndəsi yola salır. Yola salma saatları: 09.00-22.00 (bazar və bayram günləri istisna olmaqla). Səfirin yola salınması üçün onun getmə tarixi, vaxtı, reys nömrəsi barəsində Xarici İşlər Nazirliyini əvvəlcədən məlumat verilməlidir.

Səfir Azərbaycan Respublikasının ərazisini avtomobil vasitəsilə tərk edərsə, dövlət protokolu idarəsinin nümayəndəsi Səfirlə səfirliyin iqamətgahında sağollaşır.