Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə icazənın verilməsi qaydaları.

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə icazənın verilməsi qaydaları.

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamənin verilməsi yalnız müstəsna hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə yol verilir.

Yalnız həyat və sağlamlığı üçün real təhlükə yaranan zaman özünümüdafiə məqsədilə diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə (şəhadətnamə) verilə bilər.

Diplomatik nümayəndəliklərin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə qarşılıqlı prinsiplər əsasında verilir.

Diplomatik nümayəndəliyin vəzifəli şəxslərinin qorunması üçün onların cangüdənlərinə xidməti silah verilmir.

 İcazənin əldə olunması üçün diplomatk nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Notada silahın növü, çapı, nömrəsi göstərilməli və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən silahın sahibinə verilmiş akkreditə vəsiqəsinin surəti, həmin şəxsin 4x3 ölçülü 4 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.

Diplomatik nümayəndəliyin üzvünün həyat və sağlamlığı üçün yaranan real təhlükənin nədən ibarət olması əsaslandırılmalı və bir fakt  Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə ünvanlanmış müraciətdə öz əksini tapmalıdır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunmayan şəxslərə icazənin verilməsi barədə müraciətə baxılmır.

İcazə, silah Azərbaycan Respublikasının ərazisinə gətirilənədək alınmalıdır.

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Diplomatik nümayəndəliyin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə müvəqqəti və qısamüddətli şəhadətnamələr verilmir.

Diplomatik nümayəndəliyə və onun üzvlərinə məxsus xidməti silah Azərbaycan Respublikasının ərazisinə gətirildikdən sonra 3 gün ərzində güllə-giliz nümunələrinin götürülməsi məqsədilə Daxili İşlər Nazirliyinə təqdim edilməlidir.

İcazənin verilməsindən imtina edilərsə, həmin xidməti silahın Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və Azərbaycan Respublikasının ərazisində saxlanılması və təyinatı üzrə istifadə edilməsinə yol verilmir.

 Diplomatik nümayəndəliyin üzvləri qanuni əsaslarla onlara məxsus, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnaməsi olan xidməti silahı yalnız özlərinin müdafiəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tətbiq edə bilərlər.

 Azərbaycan Respublikasının ərazisində xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə (şəhadətnamə) verilən diplomatik nümayəndəliklərin üzvləri Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ