Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən istifadə edilən peyk və radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılması və istismarı Qaydaları

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən
istifadə edilən peyk və radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılması və istismarı

Qaydaları

1. Ümumi müddəalar

Bu qaydalar, 18 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası”nın 27-ci maddəsinə, 24 aprel 1963-cü il tarixli “Konsulluq əlaqələri üzrə Vyana Konvensiyası”nın 35-ci maddəsinə, Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli “Diplomatik əlaqələr” haqqında “Vyana Konvensiyasına qoşulması” və 21 iyul 1992-ci il tarixli 224 nömrəli “Konsulluq əlaqələri” haqqında “Vyana Konvensiyasına qoşulması” barədə qərarlarına, Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral    2007-ci il tarixli 22 nömrəli Qərarına əsasən hazırlanmışdır.

Bu qaydalar Azərbaycan Respublikasının ərazisindəki xarici dövlətlərin diplomatik nümayəndəlikləri, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra - diplomatik nümayəndəliklər) tərəfindən istifadə edilən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasına gətirilib-aparılması, istifadəsinə icazə verilməsi, onların istifadəsi üçün radiotezliklərin ayrılması və istismarına nəzarəti tənzimləyir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, respublika ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə istifadə olunacaq radiorabitə vasitələri üçün radiotezliklərin ayrılması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - XİN) müraciətinə əsasən Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - RTDK) tərəfindən, radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılmasına və istifadəsinə icazə verilməsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN) tərəfindən, qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət isə RİTN-in Dövlət Radiotezliklər İdarəsi (bundan sonra - DRİ) tərəfindən XİN-in vasitəsi ilə qarşılıqlı prinsip əsasında həyata keçirilir. 

2. Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilib-aparılması, istifadəsinə icazə verilməsi

Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, istifadəsinə icazə verilməsi,  ölkədən aparılması ilə əlaqədar diplomatik nümayəndəlik tərəfindən 21(iyirmi bir) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.   

Notada radiorabitə vasitələrinin növü, texniki göstəriciləri, markası, tezlik kanallarının sayı, təyinatı, avadanlığın ölkə ərazisinə gətirilməsi və ya ölkədən aparılması tarixi, gətirilməsi üçün istifadə olunacaq nəqliyyat vasitəsi, təyinatı üzrə gömrük məntəqəsi və s. barədə ətraflı məlumatlar öz əksini tapmalıdır.

Peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilib-aparılması və istifadəsi yalnız RİTN tərəfindən icazə verildikdən sonra, XİN-in diplomatik nümayəndəliyə verdiyi yazılı icazə əsasında həyata keçirilə bilər.

3. Diplomatik nümayəndəliklər tərəfindən istifadə edilən və istifadəsi planlaşdırılan peyk və digər radiorabitə vasitələri üçün radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı

Peyk və digər radiorabitə vasitələrinin istifadəsi məqsədilə tezlik nominallarının ayrılması, qeydiyyatı və istismarına icazənin əldə olunması üçün diplomatik nümayəndəlik tərəfindən 15 (on beş) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.  Notada, nəzərdə tutulmuş şəbəkənin təyinatı, radiorabitə vasitələrinin növü, markası, tezlik kanallarının sayı, tezlik zolaqlarının eni, istifadə olunacaq texnologiyaların və avadanlıqların texniki göstəriciləri və s. barədə məlumatlar qeyd edilir və bu qaydaya əlavə olunmuş anket forması (Əlavə 1 və ya Əlavə 2) doldurularaq notaya əlavə olunur.

Radiorabitə vasitələrinin istifadəsi üçün radiotezliklərin ayrılması RTDK, qeydiyyat və tezliklərin istismarına icazənin əldə olunması və konkret radiotezlik kanallarının ayrılması RİTN-in DRİ tərəfindən diplomatik nümayəndəliklər ilə  bağlanmış müqavilə əsasında həyata keçirilir. Konkret radiotezlik kanalları məşğul olduğu təqdirdə, onların əvəzinə digər radiotezlik kanalları təklif oluna bilər.

RİTN-in DRİ tərəfindən müqavilə, konkret radiotezlik kanalının istifadəsi (şəhər, rayon və ya konkret ərazi göstərilməklə) və ödənişlərin aparılması barədə məlumatlar rəsmi olaraq XİN-ə göndərilir. Diplomatik nümayəndəliklər tərəfindən mövcud tariflərə (Əlavə 3) əsasən ödənişlər aparıldıqdan sonra, RİTN-in DRİ tərəfindən radiotezliyin və radiorabitə vasitələrinin istismarı rəsmiləşdirilərək şəhadətnamə formasında (Əlavə 4 və ya Əlavə 5) XİN-nə təqdim edilir. Şəhadətnamələr diplomatik nümayəndəliklər tərəfindən XİN-dən rəsmi olaraq təhvil alınır. Təqdim olunan şəhadətnamə 1 (bir) il müddətinə verilir və yalnız sülh şəraitində etibarlıdır.

Diplomatik nümayəndəliklər şəbəkəni onlara verilmiş icazə və DRİ ilə imzalanmış müqavilənin şərtləri əsasında təşkil etməlidirlər. Diplomatik nümayəndəlik tərəfindən radiotezliklərin istifadəsinə rəsmi olaraq icazənin alınmadığı və radiotezliklərdən istifadəyə görə ödənişlərin aparılmadığı təqdirdə həmin radiorabitə vasitələrinin istismarı və tezliklərdən istifadə dayandırılaraq,  radiotezliklər digər istifadəçilərə verilə bilər.

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ