Gənclər və idman

 

Gənclər və idman məsələlərinə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilməkdədir. Ölkədə idmanın inkişafı və kütləviləşməsi, dövlət gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində görülən ardıcıl və səmərəli işlər və əldə edilmiş uğurlu nəticələrin məntiqi davamı olaraq bu gün Azərbaycan Respublikası qeyd edilən sahələrdə fəal beynəlxalq əməkdaşlıq edir və bu əməkdaşlığın inkişaf etdirilməsinə yaxından töhfə verir.

Azərbaycan Respublikası həm ikitərəfli, həm də çoxtərəfli formatda gənclər və idman sahələrində dünyanın ayrı-ayrı dövlətləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Hazırda Azərbaycanla 40-a yaxın ölkə arasında (Serbiya, Qazaxıstan, Türkiyə, Pakistan, İran, İtaliya, Yunanıstan, Koreya, İspaniya, Braziliya, Macarıstan, Çin və s.) müvafiq sahələrdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanmış və həmin sazişlər çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, mübadilə proqramları, birgə layihələr və s. tədbirlər  həyata keçirilir.

Bununla yanaşı, Azərbaycan Respublikası beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, Müstəqil Dövlətlər Birliyi və s.) gənclər proqramlarının işində yaxından iştirak edir. Bu öz əksini həyata keçirilən çoxsaylı birgə layihələrdə, ölkəmizdə keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərində, qarşılıqlı mübadilə səfərlərində  və s. tapmışdır. Son illər ərzində Bakıda keçirilmiş beynəlxalq gənclər və idman tədbirlərinə nümunə kimi Avropa Gənclər Forumunun Üzv Təşkilatları Şurasının iclasını (27-28 aprel 2007-ci il), “Avropa Şurasının Avropa Gənclər Fondu və Fondun yeni fəaliyyət sistemi haqqında gənclər təşkilatlarının məlumatlandırılması” mövzusunda seminarı (14 may 2013-cü il), AŞ-nin İdmanla bağlı Genişləndirilmiş Hissəvi Sazişinin İcraiyyə Şurasının və Məşvərət Komitəsinin  iclaslarını (25-27 may 2009), AŞ İdmana məsul nazirlərin 18-ci Qeyri-Formal Konfransını ( 22 sentyabr 2010-cu il), BMT baş katibinin gənclər siyasəti üzrə elçisi, BMT İnkişaf Proqramı, YUNESKO, AŞ və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil edilmiş Gənclər siyasəti üzrə birinci Qlobal Forumu (28-30 oktyabr 2014-cü il) və s. qeyd etmək olar.

Azərbaycanın gənclər təşkilatları Avropa İttifaqının (Aİ) 2007-2013-cü illəri əhatə etmiş “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində çoxsaylı layihələrdə iştirak etmişlər.  Hazırda isə Azərbaycan Respublikası ilə Aİ arasında gənclər sahəsində əməkdaşlıq Aİ-nin Erasmus+ proqramı vasitəsilə həyata keçirilir.

23-29 sentyabr 2012-ci il tarixlərində Afrika İttifaqının gənclərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilmiş, 56 ölkənin gənclər təşkilatını birləşdirən Pan-Afrika Gənclər İttifaqı ilə Gənclər Təşkilatları Milli Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Azərbaycan Respublikası idman sahəsində əsas beynəlxalq sənədlərə (YUNESKO-nun İdmanda dopinqə qarşı mübarizə haqqında beynəlxalq konvensiyası, Antidopinq üzrə Kopenhagen Bəyannaməsi, Avropa Şurasının “İdman tədbirləri, xüsusi ilə futbol matçları zamanı tamaşaçılar tərəfindən zorakılığa və nalayiq hərəkətlərə dair Avropa Konvensiyası” və “Avropa Anti-dopinq Konvensiyası” )  qoşulmuşdur.

Azərbaycan Respublikası gənclər siyasətinin əsas istiqamətlərindən birini xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, ictimai-siyasi fəallığının artırılması, diaspor quruculuğu və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yaxından cəlb edilməsi təşkil edir. Bu məqsədlə 26-29 noyabr 2010-cu ildə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi, 12 mart 2012-ci il tarixində Bakı şəhərində Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı, həmçinin xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumları (Budapeşt, 6-7 aprel 2012, Vyana, 25-28 oktyabr 2012, Roma, 27-30 mart 2013 və s.) keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan 2014-cü ilin may-noyabr aylarında AŞ Nazirlər Komitəsinə sədrlik etmişdir. Bu dönəmdə əldə edilmiş nailiyyətlərdən biri də AŞ-nin “İdman yarışlarının manipulyasiyasına dair" Konvensiyasının qəbulu və imzalanması olmuşdur. Bu Konvensiya 2014-cü ilin sentyabrın 17-18-də İsveçrənin Makolin şəhərində keçirilmiş AŞ-nin İdman nazirlərinin 13-cü konfransı zamanı Azərbaycan da daxil olmaqla, 15 ölkə tərəfindən imzalanmışdır. Makolin Nazirlər Konfransında Azərbaycan sədrliyini AR Gənclər və İdman naziri A.Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Son 12 il ərzində Azərbaycanda idmanın müxtəlif növləri üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilmişdir. Bunlara nümunə kimi, Bədii gimnastika üzrə 27-ci dünya çempionatını (2005), Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı (2009), Qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı (2010), Cüdo üzrə kişilər arasında dünya kuboku (2011), Boks üzrə dünya çempionatı (2011), 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatını (2012) və s. qeyd etmək olar. Həmçinin, Ümumdünya Şahmat Olimpiadası və  “Formula 1” üzrə Avropa Qran-pri yarışları 2016-cı ildə Azərbaycanda keçiriləcəkdir.

Bu kontekstdə ən əlamətdar hadisə heç şübhəsiz Birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi olmuşdur. 2012-ci ilin 8 dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Romada keçirilmiş 41 sessiyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul olunmuşdur. 12-28 iyun 2015-ci il tarixlərində baş tutmuş Avropa Oyunlarında 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı  yarışmışdır. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın tədbirin təşkili üçün cəmi iki il yarım vaxtı olmasına baxmayaraq, Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında tamamlanmış, ən mütərəqqi idman standartlarına cavab verən idman infrastrukturu yaradılmış və nəticə etibarilə dünya möhtəşəm beynəlxalq idman yarışının şahidi olmuşdur.

Avropa Oyunları ilə yanaşı, Azərbaycan 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcəkdir. 23-24 iyul 2013-cü ildə Səudiyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1413 nömrəli, 18 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmışdır. 3-4 noyabr 2015-ci il tarixlərində Bakı şəhərində keçirilmiş İslam Həmrəyliyi İdman Federasiyası İcraiyyə Komitəsinin 24-cü iclası və 9-cu  Baş Assambleyasında qeyd edilən oyunlara daxil ediləcək idman növlərinin siyahısı (20 idman növü) və oyunların dəqiq tarixi (12-22 may) təsdiqlənmişdir.

Bakıda keçirilmiş Birinci Avropa Oyunları, həmçinin 2017-ci ildə Azərbaycanda baş tutacaq IV İslam Həmrəyliyi oyunları bir daha Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən Azərbaycanın idmanın universal dəyərlərinin, dünyada sülhün, tolerantlığın və qarşılıqlı anlaşmanın təşviqinə və təbliğinə verdiyi böyük töhfəni  nümayiş etdirir.      


 

Son yenilənmə tarixi: 05.01.2016


 

 

 

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ